Lakin ABŞ qəti mövqe nümayiş etdirdi və hətta alyansdan çıxmaq ehtimalına eyham vurdu. NATO sammitindən öncə prezident Tramp alyansın baş katibi Mark Ruttenin məktubunu dərc etdi. Həmin məktubda Rutte əvvəlcə Trampın İranla bağlı uğuruna heyranlığını ifadə etmiş, daha sonra bildirmişdi ki, alyans üzvləri Trampın irəli sürdüyü “beş faiz şərti” ilə razıdırlar. Beləliklə, NATO üzvləri görünür ki, Trampı azı müvəqqəti olaraq alyansda “saxladılar”. Ən azından ondan 10 il vaxt ala bildilər.
İstisna deyil ki, bu 10 illik vaxtı o ümidlə əldə etdilər ki, bu onillik ərzində Ağ Evdə hansısa dəyişiklik baş verəcək, Tramp artıq prezident olmayacaq və bəlkə də ABŞ ilə “əvvəlki münasibətləri” bərpa etmək mümkün olacaq. Avropa Trampın şərtləri fonunda, paralel olaraq, öz ordusunu yaratmaq məsələsini də müzakirəyə çıxardı. Bəlkə də bu yolla müstəqil müdafiə sistemi qurmaq zərurətini göstərmək və bununla Trampı öz şərtlərindən imtina etdirmək niyyəti vardı. Lakin bu baş vermədi, bəlkə də ona görə ki, Avropanın müstəqil təhlükəsizlik sistemi qurmaqda qarşılaşdığı problemlər olduqca açıq-aşkar idi.
Avropa hazırda sürətli keçidə hazırlıqlı deyil, bu isə o deməkdir ki, əgər Trampla razılığa gəlməsəydilər, çox böyük bir təhlükəsizlik boşluğu yarana bilərdi. Ancaq bu razılaşma sabitdirmi? Bu suala qəti cavab vermək çətindir. Çünki on il ərzində həm obyektiv, həm də subyektiv səbəblərdən fundamental dəyişikliklər baş verə bilər. Hələlik isə əsas məsələ – NATO-nu “saxlamaq” – müəyyən qədər mümkün oldu. Növbəti sammit 2026-cı ildə Türkiyədə keçiriləcək.
Asif Cəfərov
Ordu.az