İlham Əliyev-Pezeşkian təması: Tehran-Bakı strateji anlayışı dərinləşir

2025/06/1750943622.jpg
Oxunub: 1021     17:10     26 İyun 2025    
26 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı bölgədə mühüm geosiyasi dinamikanın ifadəsi olmaqla yanaşı, Bakı ilə Tehran arasında dərin strateji anlaşmanın davam etdiyini sübut etdi. Rəsmi məlumatdan aydın olur ki, təşəbbüs birbaşa Azərbaycan tərəfindən gəlib və bu, son aylar ərzində İran-Azərbaycan münasibətlərindəki yeni və daha sabit mərhələnin təməl daşlarından biridir.

Söhbət zamanı Prezident İlham Əliyev İran prezidentinə İsraillə baş vermiş hərbi toqquşmalarda həlak olanlara görə başsağlığı verib, yaralılara şəfa diləyib və bu, Tehranın yüksək səviyyədə qəbul etdiyi bir jest olaraq qiymətləndirilib. Bu yanaşma İran tərəfindən dərin təşəkkürlə qarşılandı və göstərdi ki, Azərbaycan nəinki regional balansın qorunmasına çalışır, həm də qonşuluq siyasətində səmimi və ardıcıl xətt yürüdür.

Maraqlı məqam ondan ibarətdir ki, telefon danışığı rəsmi səviyyədə, faktiki olaraq, Tehranın Azərbaycanı İsrailin hərbi fəaliyyətlərində iştirak edən və ya vasitəçi rolunu oynayan tərəf kimi görmədiyini təsdiqlədi. İran daxilində müəyyən təbliğat kanalları və xüsusilə İnqilab Keşikçiləri Korpusuna yaxın dairələrdən yayılan “Azərbaycan cəzalandırılacaq” tipli ritorika, görünür ki, Tehran rəhbərliyi səviyyəsində heç bir real qarşılıq tapmayıb. Bu da İran daxilində siyasi nisbətlərin dəyişdiyini və praqmatik siyasətə yönəldiyini göstərir.

Məsud Pezeşkianın prezident seçkilərindən sonra ilk yüksək səviyyəli regional telefon diplomatiyasının məhz Azərbaycanla başlaması və daha öncə Bakıya etdiyi səfər bu istiqamətdə təsadüfi deyil. İran üçün bu gün əsas prioritet – regionda sabitliyin və iqtisadi inteqrasiyanın qorunmasıdır. Bu baxımdan Azərbaycanla münasibətlərin inkişafı və Cənubi Qafqazda balanslaşdırılmış əməkdaşlıq Tehran üçün həyati əhəmiyyət daşıyır.

İlham Əliyevin Pezeşkianı Bakıya – yaxın vaxtda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) zirvə toplantısına dəvət etməsi, Azərbaycan diplomatiyasının nə qədər öncəgörən və əlaqələri dərinləşdirən bir xətt yürütməsinin sübutudur. Bu təşkilatın qurucu üzvlərindən olan İran və Türkiyə ilə yanaşı, Mərkəzi Asiya dövlətləri də burada təmsil olunur. Belə bir platformada İranın iştirakının təşviq olunması onun regionda tam təcrid olunmaması baxımından çox vacibdir. Azərbaycan bu prosesdə körpü rolunu oynayır və İran da bunu anlayaraq, Bakı ilə əməkdaşlığı daha da möhkəmləndirir.

Ermənistan bu proseslər fonunda növbəti dəfə passiv və strateji baxımdan təsirsiz bir aktor kimi görünür. Rəsmi İrəvanın illərdir “İranla xüsusi münasibətlər” görüntüsü yaratmaq cəhdləri, reallıqda heç bir nəticə verməyib. İranın Ermənistanla münasibətləri əsasən formal xarakter daşıyır, çünki İrəvanın nə regionda nüfuzu, nə də təhlükəsizlik baxımından real dəyəri var. Hazırkı vəziyyət bir daha sübut edir ki, Tehran regionda real və sabit tərəfdaş kimi Azərbaycanı qəbul edir və Ermənistanla münasibətləri isə yalnız taktiki manevrlərlə məhdudlaşdırır.

İranın İsraillə hərbi qarşıdurması dönəmində Ermənistanın tam susqunluq nümayiş etdirməsi, nəinki Tehranla “yaxın münasibətlər” ritorikasına zidd idi, həm də Ermənistanın xarici siyasətdə nə qədər qeyri-prinsipial və qorxaq olduğunu göstərdi. Bu isə onu regional diplomatik proseslərdə etibarsız tərəfdaş kimi təqdim edir. İran artıq anlayır ki, Ermənistan nə təhlükəsizlik baxımından, nə də geosiyasi çəkidə ona heç bir töhfə verə bilməz. Ermənistanın İranla münasibətlərdə konkret, açıq, qarşılıqlı faydalı siyasət yürütmək imkanları yoxdur. Təsadüfi deyil ki, Pezeşkianın ilk təmasları və çağırışları məhz Azərbaycanla bağlı olur.

Azərbaycan və İran arasında formalaşan bu yeni sinerji, regionda sabitliyin əsas dayaqlarından biri olacaq. Ermənistan isə bu prosesdən kənarda qalmağa davam edir və özünü daha da təcridə məruz qoyur. Ermənistanın regionda güvənli, təsirli tərəfdaş kimi görünməsi üçün nə real siyasi çəkisi, nə də strateji baxış bucağı mövcuddur. Bunun əvəzində isə Ermənistan hadisələri yalnız kənardan izləməyə məhkumdur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Pezeşkian  


Bizi "telegram"da izləyin