NATO Rusiyaya jest etdi? Ukrayna ilə bağlı ritorika dəyişdi?

2025/06/1750943552.jpg
Oxunub: 713     18:21     26 İyun 2025    
Britaniyanın “The Telegraph” qəzeti NATO sammitinin yekun kommünikesini dərc edib. Həmin sənədin əsas müddəalarını Rusiya dövlət agentliyi “RIA Novosti” tərcümə edərək təqdim edib. Buna görə də, “alyans üzvləri Rusiyaya qarşı ritorikanı yumşaltmağa razılıq veriblər”. Sənəddə Ukraynaya dəstəyin davam etdiriləcəyi ifadə olunsa da, “Moskvanın hərəkətlərinə dair heç bir qeyd yoxdur”.

Sadə dildə desək, Şimali Atlantika Alyansı Rusiyanı Ukraynaya hücum etməkdə ittiham etməyib, eləcə də NATO-ya Ukraynanın üzv qəbul olunacağına dair heç bir perspektivə yer verilməyib. Bu, Haaqa sammitindən əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən atəşkəsin başlıca şərti kimi səsləndirilmişdi.

NATO üzvü olan ölkələr 2035-ci ilə qədər hərbi xərcləri illik ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi götürüblər. Bu tələbi, məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü. Sammitdə qərara alınıb ki, bu hərbi xərclərin balansı və artım dinamikası 2029-cu ildə yenidən nəzərdən keçiriləcək. Növbəti sammitin keçiriləcəyi yer isə Türkiyə olacaq.

Ukrayna ilə bağlı yekun sənəddə belə bir bənd də yer alıb: “Müttəfiqlər Ukraynaya dəstək üzrə suveren öhdəliklərini bir daha təsdiq edirlər və Ukrayna müdafiəsi məqsədilə onun müdafiə və hərbi-sənaye hədəflərinə birbaşa ödənişlər həyata keçirəcəklər, bu ödənişlər üzv ölkələrin hərbi xərcləri çərçivəsində nəzərə alınacaq”.

Bu sənədi mahiyyət etibarilə Tramp-Putin “Haaqa razılaşması” adlandırmaq olar. ABŞ prezidentinin Haaqa səfərindən əvvəl, Qərb mənbələrinin bildirdiyinə görə, NATO-ya üzv bir sıra Avropa ölkələri narahat idilər ki, Tramp “Şimali Atlantika Alyansını dağıda bilər”. Türkiyə mediası isə ABŞ prezidentinin replikasını yayıb: “NATO bizimlə daha güclü olacaq”.

Bu ifadələrdən Trampın əsas mesajı anlaşılır: “Birləşmiş Ştatlar NATO-suz da güclüdür, amma NATO ABŞ-siz çox zəifdir”. Əslində burada yeni bir şey yoxdur. Avropa İttifaqı onilliklər boyu ABŞ-nin himayəsinə bel bağlamışdı və indi rus hərbi təhdidinə qarşı təkbaşına qalmamaq üçün Trampın siyasi şərtlərini qəbul etməyə məcburdur.

Görünür, ABŞ prezidentinə Fransa, Böyük Britaniya və Almaniyanın müqavimətini “sındırmaq” mümkün olub. İndi əsas sual budur: o, Rusiyanın iddialarını necə “idarə edəcək”? Ukraynanın qarşısında NATO-nun qapıları yenidən bağlı qaldı. Bəs Avropanın qapıları Rusiyanın üzünə açılırmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin