Atəşkəs və sülh danışıqları öncəsi həyata keçirilən bu PUA hücumları görüşlərin başlamadan iflasa uğramasına səbəb ola biləcək səviyyədə idi. 2 iyunda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar – hücumlara baxmayaraq – daha çox ictimaiyyətə sülh tərəfdarı mesajı vermək məqsədi daşıyırdı. Bu addım eyni zamanda, görüşlərə ev sahibliyi edən Türkiyənin balanslı siyasətinə hörmətin göstəricisidir. Çünki hər iki tərəf Türkiyənin müharibə boyunca nümayiş etdirdiyi neytrallığı və sülh təşəbbüslərindəki səmimiyyətini yüksək qiymətləndirir və danışıqların davam etməsində maraqlıdır.
Mediaya sızan iddialara görə, Ukraynanın təxminən 1,5 ildir hazırlığını apardığı və 5-6 min kilometr uzaqlıqdan Rusiya hava və dəniz bazalarına yönələn hücumlarla 40-dan çox təyyarə və dəniz donanmasına zərər vurması müharibədə gərginliyi artırmaq və Rusiyanın hücumlarına qarşı misli ilə cavab vermək mənasını daşıyır. Ukraynanın tır və yük maşınlarına yüklədiyi konteynerlərdə gizlətdiyi PUA-ları Rusiya daxilinə qədər sızdırması, strateji hava və dəniz bazalarına yönələn hücumları kəşfiyyat və hərbi taktika baxımından diqqət çəkir.
Gərginliyi artırmaq və ikiqat cavab vermək
Əslində, Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri ABŞ və Böyük Britaniya başda olmaqla, Avropa ölkələrinin Ukraynaya silah, maliyyə və kəşfiyyat dəstəyi verdiyi ictimaiyyətə məlumdur. ABŞ prezidenti Donald Trampın seçkiqabağı səsləndirdiyi “Müharibəni bitirəcəyəm” və “Mən olsaydım, bu müharibə başlamazdı” fikirləri onun hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Ukrayna siyasətində dəyişiklik yaradaraq müharibədə dönüş nöqtəsinə və tərəflər arasında müəyyən ümid atmosferinin formalaşmasına səbəb olmuşdu. Lakin Trampın nə Ukraynaya, nə də Avropaya dəstək verməməsi və zaman-zaman Rusiya yönümlü bəyanatlar səsləndirməsi, həm Rusiyanın üstünlük qazandığı təəssüratını gücləndirdi, həm də Putinin atəşkəs və sülh danışıqlarında maksimalist mövqe sərgiləyərək hücumları genişləndirməsinə yol açdı.
Bundan sonra Trampın Putinə qarşı mövqeyində dəyişiklik müşahidə olunmağa başladı, hətta ittiham xarakterli açıqlamalar mediaya sızdı. Trampın tərəflər arasında tez bir zamanda sülhün təmin edilməsinə istiqamətlənmiş fikirləri və səyləri həyata keçməyib. Danışıqlar uzandıqca, Ukraynanın təşkil etdiyi bu hücumlarda Trampın təsiri və dəstəyi ağla gəlir. Britaniya isə müharibənin başlanğıcından bəri Ukraynanın müharibəni davam etdirməsi üçün davamlı olaraq dəstək verərək, hətta qızışdırıcı siyasət yürüdür. Hətta 2022-ci ildə Türkiyədə keçirilən danışıqlarda atəşkəs müqaviləsinin Ukrayna heyəti tərəfindən paraflanmasına baxmayaraq, Britaniyanın bu müqavilənin imzalanmasının qarşısını aldığına dair mediada yayılan açıqlama, Londonun müharibədəki mövqeyini açıq göstərir.
Buna görə də Ukraynanın Rusiya daxilinə qədər gözlənilməz PUA hücumları Rusiya-Ukrayna müharibəsində yeni mərhələyə işarə edir.
Buna əsasən:
1. Bu hücumların zamanlaması təsadüfi deyil. İstanbulda planlaşdırılan atəşkəs və sülh görüşündən cəmi bir gün əvvəl baş verməsi bu danışıqların formal xarakter daşıdığı və real nəticə gözlənilmədiyi təəssüratını yaradır.
2. Bu hücumlar Rusiya-Ukrayna müharibəsinin həm döyüşlərin davam etdiyi, həm də diplomatik masa arxasında danışıqların paralel aparıldığı yeni bir mərhələyə keçdiyini göstərir.
3. Bu hücumlar Ukraynanın yalnız danışıqlar masasında mövqeyini gücləndirməyə yönəlmiş addımından çox daha irəlidədir, çünki hücumların miqyası çox yüksək səviyyədədir.
4. Bu hücumlar Trampın Ukraynaya silah dəstəyini azaltması, Rusiya tərəfdarı açıqlamaları və Ukrayna ilə Avropanı tək qoyma yanaşması nəticəsində yaranan Rusiya qələbəsi təsəvvürünə ciddi zərbə vurdu.
5. Bu hücumların Rusiya daxilində 5-6 min kilometr məsafədə baş verməsi, müharibənin indiyədək əsasən Ukrayna ərazisində qalmaqdan çıxaraq bütün Rusiya torpaqlarını da əhatə edəcəyinə işarə edir.
6. Mediaya sızan iddialara görə, bu hücumlar nəticəsində Rusiyanın 40-dan çox təyyarə və dəniz donanmasına zərər vurulması Rusiya üçün böyük strateji itki deməkdir. Hətta bu zərər ABŞ-nin II Dünya Müharibəsindəki Pörl Harbor hücumu ilə müqayisə edilə bilər.
7. Bu hücumlardan sonra ən çox diqqət çəkən məsələ Rusiyanın necə cavab verəcəyi və həddən artıq güc tətbiq edib-etməyəcəyi ilə bağlıdır. Əgər Ukraynanın iddia etdiyi kimi, Rusiyaya strateji səviyyədə zərər vurulubsa, o zaman Moskvanın müharibə ərzində dəfələrlə gündəmə gətirdiyi taktiki nüvə silahları məsələsinin yenidən aktual ola biləcəyi ehtimal edilir.
Rusiya-Ukrayna müharibəsində yeni mərhələ
Nəticə olaraq, Ukraynanın PUA hücumları Rusiya-Ukrayna müharibəsində yeni mərhələ və dönüm nöqtəsi sayılır. Bu hücumlar gərginliyi artırsa da, Türkiyə faktorunun müharibənin və danışıqların gedişində oyun dəyişdirici əhəmiyyət daşıdığını xatırlatmaq vacibdir. Çünki tərəflər Türkiyənin müharibə boyunca apardığı balans siyasətindən olduqca məmnundurlar və bu, onların Türkiyəyə olan güvənini izah edir. Buna görə də Rusiya-Ukrayna görüşləri əvvəlcə Türkiyədə başlayıb, daha sonra Trampın iştirakı ilə başqa ölkə və məkanlarda davam etsə də, yenidən Türkiyədə davam etdirilməsi qərara alınıb.
Burada Türkiyənin həm Qərb, həm də Rusiya ilə yaxın strateji əlaqələri və tərəflərə güvən aşılamaq üçün izlədiyi balans siyasəti böyük rol oynayıb. Bundan əlavə, Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Hakan Fidanın səmimi sülh təşəbbüsləri də hər iki tərəfin görüşləri davam etdirmək qərarına təsir göstərib. Digər tərəfdən, bu hücumlar və görüşlərdən əldə edilən təcrübələr, Türkiyənin lider diplomatiyasına vurğu etməklə danışıqların səviyyəsini yüksəldə bilər. Hakan Fidanın vasitəçiliyi ilə Rusiya və Ukrayna heyətləri arasındakı görüşlərin liderlər səviyyəsinə yüksəlməsi gələcəkdə gündəmə gələ bilər. Bir tərəfdən Hakan Fidanın texniki səviyyədə görüşləri davam etdirərkən, digər tərəfdən Ərdoğanın liderlər arasında görüşmə prosesinə rəhbərlik etməsi mümkün görünür. Rusiya-Ukrayna atəşkəs və sülh danışıqlarında texniki səviyyədə aparılan görüşlər kritik olsa da, nəticə verəcək qərarların liderlər tərəfindən verilməsi sürətli və qəti nəticə əldə etmək üçün lider diplomatiyasının vacibliyini ortaya qoyur.
İstanbul görüşlərindən çıxan ən önəmli nəticə heyətlərin mediaya verdiyi açıqlamalarda da vurğulanan məqamdır: bundan sonra lider diplomatiyası ön plana çıxacaq. Heyətlər sülhün təmin olunması üçün liderlərin görüşməsinin zəruri olduğunu bildirdi. Gələcəkdə Ərdoğanın Tramp və Putin arasında vasitəçilik diplomatiyasını liderlər səviyyəsində həyata keçirəcəyi gözlənilir. Bu mərhələdə ABŞ və Avropa arasındakı Ukrayna siyasətindəki fərqli yanaşmaların həlli və ardınca Putinlə aparılacaq liderlər diplomatiyası prosesləri əsas diqqət mərkəzində olacaq.
Asif Cəfərov
Ordu.az