Ordu.az xəbər verir ki, 2022-ci ildə sahibkar Çad Stilberq tərəfindən təsis edilən “Tiberius Aerospace” cəmi üç il ərzində hazırladığı yeni mərmi ilə müdafiə sənayesində diqqət mərkəzinə düşüb.
Şirkətin verdiyi məlumata görə, “Sceptre” adlanan mərmi maksimum Mach 3,5 (təxminən saatda 4.200 km) sürətə çata bilir və 150 kilometrlik məsafədə hədəfi 5 metrdən az sapma ilə vurur.
Bu yüksək performans mərminin daxili quruluşuna inteqrasiya olunan ramjet mühərrik sayəsində əldə edilir. Təxminən 47,5 kq çəkisi olan mərmi 5,2 kq-lıq döyüş başlığı daşıyır. İtici sistemin işləməsi üçün isə 7 litrlik yanacaq çəni mövcuddur və dizel, JP-4 və ya JP-8 tipli yanacaqla işləyə bilir.
GPS asılılığı azaldılıb, radioelektron mübarizə sistemlərinə qarşı dayanıqlı
“Tiberius Aerospace” bildirir ki, mərmi 65 min fut (təxminən 20 kilometr) hündürlüyə qalxa bilir və bu, onu radioelektron mübarizə sistemlərinin təsirindən kənarda saxlayır. Bundan əlavə, mərmi uçuş zamanı GPS və ətalətli naviqasiya sistemlərini inkişaf etmiş süni zəka dəstəyi ilə sinxronlaşdırır, beləliklə GPS siqnalının zəif olduğu şəraitdə də hədəfə yönələ bilir.
1,55 metr uzunluğunda olan “Sceptre” NATO standartlarına uyğun mövcud 155 mm-lik artilleriya sistemləri ilə işləyə biləcək şəkildə layihələndirilib.
Lakin mütəxəssislər yeni hazırlanmış mərmilərin artilleriya sistemləri ilə tam uyğun işləməsinin təhlükəsizlik və performans baxımından çox vacib olduğunu vurğulayırlar. Fransız müdafiə sənayesi şirkəti “KNDS France”ın Sistemlər direktoru Aleksandr Dupuy yaxınlarda verdiyi açıqlamada, “Mərmi və silah sisteminin birlikdə sınaqdan keçirilməsi uzunmüddətli perspektivdə qəzaların qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır” demişdi.
“Tiberius Aerospace” isə “Sceptre” mərmisinin lülə ilə məhdud təmas nöqtələrinə sahib olduğunu və bunun sayəsində silah sistemində ola biləcək aşınmanın minimuma endirildiyini iddia edir. Lakin indiyədək mərminin real şəraitdə sınaqdan keçirilməsi barədə heç bir məlumat paylaşılmayıb.
Sevinc Əliyeva
Ordu.az