Bu müqaviləni iki ölkə arasında münasibətlərdə tarixi dönüş kimi qiymətləndirmək olar. İraq üçün bu addım həm iqtisadiyyatını gücləndirmək, həm də beynəlxalq investorları cəlb etmək məqsədlərinə uyğundur, Britaniya üçün isə “Brexit”dən sonrakı dövrdə Yaxın Şərqdə tarixi təsirini bərpa etmək strategiyasının mühüm hissəsidir. Digər tərəfdən, sözügedən saziş təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də regional layihələrə və geosiyasi tarazlıqlara dərin təsirlər yaratmaq potensialına malikdir.
Çünki müqavilənin təfərrüatlarına nəzər saldıqda, xüsusilə son iki ildə Türkiyə və İraqın liderliyi ilə irəli sürülən, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də dəstəklədiyi “İnkişaf Yolu” Layihəsinin mərhələləri ilə kəsişən çoxlu məqamlar var. “İnkişaf Yolu” İraqı regional ticarətin mərkəzində yerləşdirməyi hədəfləyən əsas təşəbbüsdür. Britaniyanın layihəyə töhfəsi həm İraqın iqtisadi inkişafına dəstək ola bilər, həm də layihəyə beynəlxalq miqyas verə bilər.
Ancaq bu töhfənin mənfi təsirlərini də nəzərdən qaçırmaq olmaz. Britaniya regional maraqlarını ön planda saxlayan mövqe tutsa, Türkiyə və digər Körfəz ölkələri ilə də gərginliyin artacağı ehtimalı var. Bu kontekstdə Britaniya və İraq layihəni ahəngdar şəkildə həyata keçirsələr, bu, Yaxın Şərqin iqtisadi transformasiyası və inteqrasiyasında yeni bir mərhələyə səbəb ola bilər, lakin əksinə ssenaridə rəqabət və regional iğtişaşları tətikləmə potensialı da daşıyır.
İqtisadi və strateji prioritetlər
Britaniya və İraq arasındakı razılaşmanın mərkəzində İraqın yenidən qurulması prosesini sürətləndirməyə yönəlmiş iqtisadi əməkdaşlıq dayanır. 12,3 milyard funt-sterlinq dəyərində ticarət paketində nəzərdə tutulan əməkdaşlıq prosesi su infrastrukturundan 5G texnologiyasına, bərpa olunan enerji layihələrindən logistika infrastrukturuna qədər geniş sahələri əhatə edir. Bu rəqəm ötən il Britaniya-İraq ikitərəfli ticarətinin ümumi həcmindən 10 dəfə çoxdur.
Bəsrə Su Layihəsi, dəmir yolu xətti və İraq-Səudiyyə Ərəbistanı enerji şəbəkəsi bağlantısı kimi layihələr İraq xalqının gündəlik həyatına birbaşa töhfə verəcək və ölkənin regional ticarət, logistika mərkəzi kimi potensialını gücləndirəcək. Ancaq bu investisiyaların Türkiyənin rəhbərlik etdiyi “İnkişaf Yolu” Layihəsinə necə inteqrasiya ediləcəyi və bu iki təşəbbüsün bir-birini necə tamamlayacağı vacib sual olaraq qalır.
Türkiyənin Körfəz geosiyasətini Avropa ilə birləşdirməyi hədəfləyən “İnkişaf Yolu” birbaşa İraqın iqtisadi inkişaf hədəfləri ilə uzlaşır. Qətər və BƏƏ tərəfindən də dəstəklənən bu layihə İraqı regional ticarət və logistika mərkəzinə çevirməyi hədəfləyir. Britaniyanın bu layihədə iştirakı regional əməkdaşlığı artırmaq potensialına malikdir. Britaniyanın logistika infrastrukturu və dəmir yolu layihələrindəki təcrübəsi “İnkişaf Yolu”nun uğurunu dəstəkləyə bilər. Bununla belə, Yaxın Şərq və İraqın Britaniya ilə bağlı tarixi yaddaşının hələ də canlı olduğunu xatırladıqda, Londonun layihəni daha çox öz prioritetlərinə uyğun formalaşdırması və himayədarlıq münasibətləri yaratmağa çalışması diqqətdən yayınmamalıdır.
Məsələn, Böyük Fav Limanı 2025-ci ilin sonunadək “İnkişaf Yolu” Layihəsi üçün mühüm mərhələdir. Britaniya bu layihə ilə koordinasiyalı şəkildə hərəkət edərsə, regional inteqrasiya və iqtisadi əməkdaşlıq baxımından müsbət təkan təmin edilə bilər. Lakin Britaniya layihəni öz kommersiya maraqlarına yönəltsə, regional əməkdaşlığa xələl gələ və rəqabəti qızışdıra bilər.
Digər tərəfdən, Britaniyanın enerji nəhəngi BP-nin İraqdakı əməliyyat imkanlarını yaxşılaşdırmaq üçün addımlar atıldı. BP İraq hökuməti ilə Kərkükdə dörd böyük neft yatağının bərpası və işlənməsi üçün müqavilə imzalayıb. Bu addım Kərkükün neft hasilat imkanlarını artırmaqla yanaşı, bölgənin strateji əhəmiyyətini də gücləndirmək məqsədi daşıyır. BP-nin investisiyaları regionun iqtisadi inkişafına töhfə verə bilər. Bununla belə, bu proses həm də yerli tarazlığı poza, sönmüş, lakin hələ də qaynar olan münaqişələri yenidən alovlandıra biləcək hərəkətlərə səbəb ola bilər və həmçinin yeni münaqişə dinamikası yarada bilər.
Kərkük həm enerji qaynaqları, həm də türkman əhalisinin sıxlığı ilə Türkiyənin İraq siyasətində mühüm yer tutur. Bununla belə, Kərkük Bağdad və Ərbil arasında mübahisəli bölgələrdən biridir. Bu razılaşmanın ardınca İrana ən yaxın olan İraq şiə qruplarından biri olan “Bədr” Təşkilatının lideri Hadi əl-Amirinin “Kürdlər artıq Kərkükü unutmalıdır” açıqlaması ilə çıxış etməsi də diqqət çəkir. Sözügedən bəyanat Tehranın Bağdad-London əlaqəsinə yanaşması ilə bağlı da ipucu verir.
İraq Türkiyə, İran və ABŞ kimi aktorlarla münasibətlərini tarazlaşdırmağa çalışarkən, “İnkişaf Yolu” Layihəsi kimi təşəbbüslərin uğurla həyata keçirilməsi həyati əhəmiyyət kəsb edir. İranın “İnkişaf Yolu” ilə İraqda daha çox iştirak edəcək ölkələrə qarşı hansı siyasəti həyata keçirəcəyi hələ də qeyri-müəyyən olaraq qalır, çünki onun layihə ilə bağlı mövqeyinə dair hələ kifayət qədər məlumat yoxdur və layihənin marşrutu boyunca milis qruplarını dəstəklədiyi məlumdur.
Britaniyanın siyasi ambisiyaları əks nəticə verə bilər
Türkiyənin liderlik etdiyi “İnkişaf Yolu” layihəsi Körfəz və Avropanı birləşdirmə vizyonu ilə İraqın iqtisadi inkişafını sürətləndirməyi hədəfləyir. Britaniyanın regional tarazlığı dəyişən proseslərdə iştirakı regional əməkdaşlıq baxımından həm imkanlar, həm də risklər yaradır. Bir tərəfdən, Britaniyanın maddi-texniki və maliyyə dəstəyi İraqın layihələrinə beynəlxalq ölçü əlavə etməklə, kommersiya potensialını artıra bilər. Digər tərəfdən, Britaniyanın Körfəz ölkələri ilə keçmiş yaxın münasibətləri, xüsusən də Səudiyyə Ərəbistanı və BƏƏ kontekstində regional tarazlığa mənfi təsir göstərə bilər.
Britaniyanın bölgəyə öz maraqlarını sırımaq cəhdləri həm Türkiyə ilə potensial gərginliyə səbəb ola bilər, həm də İranın layihəyə etirazını artıra bilər. Bu kontekstdə Britaniyanın Körfəz siyasətlərini “İnkişaf Yolu” Layihəsi ilə uyğunlaşdırması regional əməkdaşlıq və İranın bölgədəki təzyiqlərini tarazlaşdırmaq üçün əhəmiyyətli ola bilər. Bununla belə, İraqın siyasət və təhlükəsizlik sektorunda hegemonluğunu möhkəmləndirən İranın layihə boru kəmərində sabitliyi pozmaq imkanları da diqqətdən kənarda qalmamalıdır.
Britaniya və İraq arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də regional balanslar və layihələr üçün kritik dönüş nöqtəsidir. İraqın bu razılaşma ilə iqtisadi və siyasi potensialını artırıb-artırmayacağı Britaniyanın layihələrini regional dinamikaya nə dərəcədə uyğunlaşdıra bilməsindən asılıdır. Britaniya əməkdaşlığa önəm verərək və regionda öz maraqlarına məcbur etməyərək hərəkət edərsə, bu razılaşma Yaxın Şərqdə yeni inteqrasiya dövrünü başlada bilər.
Lakin Britaniya ilə bu əməkdaşlıq da risklər daşıyır. Britaniyanın xüsusilə Körfəz ölkələri ilə keçmiş əlaqələrindən istifadə edərək, bölgədəki iqtisadi və siyasi tarazlığa təsir etmək cəhdləri Türkiyə başda olmaqla, digər regional aktorlarla gərginlik yarada bilər. “İnkişaf Yolu” Layihəsi bu baxımdan əsas rol oynayır. Layihə İraqı ticarət və logistika mərkəzinə çevirməyi hədəfləyərkən, Britaniyanın layihədə iştirakı həm böyük imkanlar, həm də mürəkkəb geosiyasi nəticələr gətirə bilər.
ABŞ prezidenti Donald Trampın ikinci dövr siyasətləri də bu prosesdə həlledici rol oynayacaq. Tramp administrasiyasının sərt anti-İran mövqeyi İraqın regionda fəaliyyət imkanlarını məhdudlaşdıra bilərkən, Britaniya üçün İraqda təsirini artırmaq baxımından yeni imkanlar yarada bilər. Bütün bu amillərin işığında Yaxın Şərqin gələcəyi “İnkişaf Yolu” Layihəsi kimi təşəbbüslərin necə idarə olunmasından və bu layihələrin regional əməkdaşlığı, yoxsa rəqabəti artıracağından asılıdır.
Regional və qlobal aktorlar ortaq maraqları ön planda tutaraq, əməkdaşlıq içərisində hərəkət etsələr, bu proses Yaxın Şərqin iqtisadi inteqrasiyası və sabitliyi üçün dönüş nöqtəsi olacaq. Lakin əks ssenari yeni rəqabət və gərginliklərin pərdəsini açacaq.
Asif Cəfərov
Ordu.az