Ərdoğan bəyan edir ki, Osmanlı imperiyasının son dövründə baş verən müharibələr zamanı “silahlı qrupların həyata keçirdiyi təxribatlar və epidemiyalar nəticəsində həyatını itirənlər üçün hiss edilən ağrı” hələ də yaddaşlardadır. Paşinyan isə eyni dövrə toxunaraq bildirir: “Osmanlı imperiyasının son dövründə baş verən hadisələr hər bir erməninin ruhunda və şüurunda dərin iz buraxıb”.
Burada əsas diqqət çəkən məqam odur ki, hər iki tərəf “Osmanlı imperiyasının son dövrü” terminindən istifadə edir. Bu isə təsadüfi deyil. Sual yaranır: Ermənistanla Türkiyə bu ifadəni əvvəlcədən razılaşdırıbmı? Hər iki tərəfdə eyni ritorikanın yaranması sadəcə semantik təsadüfmü, yoxsa bu, hansısa siyasi razılaşmanın göstəricisidir?
Məsələ təkcə eyni ifadənin işlədilməsi deyil, həm də onun yaratdığı siyasi və hüquqi kontekstdədir. “Son dövr” ifadəsi – imperiyanın süqut mərhələsi – adətən xaos, nizamsızlıq, mərkəzi hakimiyyətin zəifləməsi, cavabdehlik boşluğu ilə xarakterizə olunur. Yəni, bununla qondarma “erməni məsələsi” tarixi kontekstdən çıxarılaraq “qarışıqlıq şəraitində baş verən faciələr” olaraq qəbul olunur.
Əgər Paşinyan da bu ritorikanı qəbul edirsə, demək, Ermənistan rəhbərliyi artıq Osmanlı dövlətinə və onun hüquqi varisi olan Türkiyəyə qarşı əvvəlki ittiham ritorikasından uzaqlaşmağa başlayır. Və bu da Ermənistanda bir çox dairələrin, xüsusilə də radikal erməni diasporunun illərlə formalaşdırdığı qondarma “soyqırımı diplomatiyası”nın öz mahiyyətini itirməsi deməkdir.
Əslində, bu cür “razılaşdırılmış” ifadələrin paralel istifadəsi Ermənistanın illərlə apardığı qondarma “soyqırımı” iddiasının əsaslarını özü tərəfindən kölgəyə saldığını göstərir. Əgər Ermənistanın baş naziri, Türkiyə prezidentinin tezislərini təkrarlayırsa, bu, rəsmi İrəvanın artıq “soyqırımı” iddiasından imtina keçməyə hazır olduğunu və onun beynəlxalq arenada istifadə etdiyi bu iddianı siyasi alver predmetinə çevirdiyini göstərir.
Bu yanaşma, həm də Ermənistan cəmiyyətinə və diasporuna mesajdır: artıq qondarma “soyqırımı” narrativi İrəvanın xarici siyasətində əsas vasitə deyil və əvəzində Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün “tarixi mövqelər”dən imtina edilə bilər. Beləliklə, Ermənistan rəhbərliyi bir tərəfdən öz daxili ictimaiyyətinə “xəyanət edir”, digər tərəfdən isə Türkiyə ilə yaxınlaşmaq üçün saxta tarixi iddialarını tədricən susdurur.
Nəticə etibarilə, bu “razılaşdırılmış mesajlar” Ermənistanın siyasi məqsədlər üçün tarixdən sui-istifadə taktikasını və ən başlıcası – onun mövqelərinin qeyri-sabit olduğunu bir daha ortaya qoyur.
Aqil Məmmədov
Ordu.az