Rubio-Lavrov danışıqlarının kölgəsində Moskva İrəvanla təmas qurur – BAXIŞ BUCAĞI

2025/04/1745058770.jpg
Oxunub: 572     12:32     21 Aprel 2025    
Aprelin 18-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Ermənistan parlamenti sədrinin müavini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan arasında telefon danışığı baş tutub. Müxtəlif ölkələrin qanunverici və icraedici hakimiyyətlərinin yüksək vəzifəli şəxsləri arasında belə işgüzar telefon danışıqları olduqca nadir hallarda baş verir.

Qaluzini Ermənistan-Türkiyə mövzusu, xüsusilə Antalya Diplomatik Forumu fonunda niyə maraqlandırıb? Onun marağı bu forum çərçivəsində müzakirə olunan bəzi məsələlərlə bağlı, bəlkə də həmin məsələlərin nə dərəcədə praktik ola biləcəyini anlamaq üçün Moskvanın ən azı ətraflı məlumat almağa ehtiyac duyduğunu göstərir?

Bu baxımdan, yəqin ki, artıq xatırlatmaq faydalı olar ki, Antalya Forumundan öncə Ermənistan və Türkiyə xarici işlər nazir müavinləri arasında görüş olmuşdu. Ermənistan tərəfinin verdiyi məlumata görə, həmin görüşdə iki ölkə arasındakı münasibətləri irəli aparmaq üçün yeni sahələr axtarmaq imkanları müzakirə olunub. Hətta Antalyada, türk mediasına verdiyi müsahibədə Ermənistanın xarici işlər naziri - Türkiyənin XİN rəhbəri ilə də görüşmüşdü - bildirmişdi ki, İrəvan və Ankara ticarət və enerji sahələrində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edirlər.

Bunlarmı Rusiya tərəfi üçün maraq doğurub, yoxsa başqa məqamlar da olub, lakin onlar barədə ictimaiyyətə açıq informasiya verilməyib? Hər halda, fakt odur ki, rus tərəfi uzun fasilədən sonra Ermənistanla Ermənistan-Türkiyə tematikası üzrə konkret və ünvanlı maraq əsasında işgüzar müzakirə aparır. Bu, şübhəsiz ki, müəyyən dəyişikliklərin əlamətidir.

Həmin dəyişikliklər ABŞ və Rusiya arasında son bir neçə həftədir davam edən və açıq-aydın yalnız Ukrayna zonası ilə məhdudlaşmayan daha geniş proseslərlə də əlaqəli ola bilər. Bu kontekstdə diqqəti çəkən başqa bir məqam da budur: Qaluzininin İrəvana zəngi, əslində, ABŞ dövlət katibi ilə Rusiya xarici işlər nazirinin telefon danışığından sonra baş verib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Lavrov  


Bizi "telegram"da izləyin