REM-lə qarışdırılan GPS/GNSS siqnalları uçuş təhlükəsizliyini təhdid edir?

2023/04/elekt-1680593315.jpg
Oxunub: 8279     16:27     04 Aprel 2023    
Radioelektron mübarizənin əsas məqsədi düşmənin elektron siqnallarını pozmaqdır. Bəs bu siqnallar hava yollarına və ya mülki şəxsləri daşıyan şəxsi təyyarələrə təsir edərsə, necə olar? Siqnalın pozulmasının bu növü bütün dünyada getdikcə populyarlaşır. Qəza riski artır.

Bu gün “Global Positioning System” (GPS), “Global Navigation Satellite System” (GNSS) siqnalları təkcə hərbi aviasiya deyil, mülki aviaşirkətlər tərəfindən geniş şəkildə istifadə olunur. Eyni anda uçan minlərlə sərnişin və yük təyyarəsi bu siqnallar sayəsində səmada təhlükəsiz uça bilir.


Bununla belə, müharibə riskinin artması və ya son vaxtlar bəzi bölgələrdə qızğın münaqişələrdə radioelektron mübarizənin intensiv istifadəsi mülki hava nəqliyyatının uçuş təhlükəsizliyi üçün təhlükəyə çevrilib.


Avropada baş verən hadisələr

Fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi EASA yenidən işlənmiş Təhlükəsizlik Məlumat Bülleteni nəşr edib. Münaqişə zonalarında elektron qarışdırmaya xüsusi diqqət yetirilib. Bildirilib ki, Şərqi Aralıq dənizi, Baltik dənizi və Arktika regionları riskli bölgələr sırasındadır. GNSS qarışdırma və yanıltma hadisələrinin artdığı qeyd edilib.

Bülletendə bəzi hallarda kəsintinin “təhlükəsiz eniş etməmək səbəbindən yenidən yönləndirmə və ya sapmalara” yol açdığı vurğulanıb.

FAA-nın 2018-ci il hesabatı

Oxşar hesabat 2018-ci ildə Amerika Federal Aviasiya Administrasiyası FAA tərəfindən gündəmə gətirilib.

“Qəsdən GPS Müdaxiləsinin Əməliyyat Təsirləri” başlıqlı 2018-ci il hesabatında Aeronavtika Radio Texniki Komissiyası (RTCA) və Müdafiə Nazirliyinin (DOD) vəzifələrindən irəli gələn milli hava məkanına qəsdən müdaxilənin təsirlərini azaltmaq üçün FAA-ya 25 tövsiyə verilib.

Tövsiyələrə FAA-nın yüksək trafik dövrlərində GPS siqnalının kəsilməsinin qarşısını almaq üçün Müdafiə Nazirliyi ilə koordinasiya təşkil etməsi, hava məkanında müdaxilə hadisələrini yalnız ADS-B nəzarəti ilə planlaşdırması və gözlənilən qəsdən müdaxilə hadisələri barədə məlumatlılığı artırmaq üçün qeydləri dəyişdirməsi ehtiyacı daxil idi.

Asiya Sakit Okean bölgəsi

Son zamanlar bildirilən ən əhəmiyyətli hallar Qərbi Sakit Okean və Cənubi Çin dənizi üzərindən uçuşlarla bağlıdır. Avstraliya Qantas Hava Yolları tərəfindən hazırlanan hesabatda Çin ordusunun nəzarətində olduğu təxmin edilən və VHF 121.5 kanalındakı müdaxilə məsələsinə diqqət çəkilib. Bu kanal fövqəladə hallarda istifadə olunur.

Müdaxilə xüsusilə Qantas təyyarələri tərəfindən Avstraliyanın şimal-qərb şelfində fəaliyyət göstərən döyüş gəmilərindən törədilib və GPS siqnalları ilə bağlı problemlər də aşkar edilib.

Hava Hərəkətini İdarəetmə Mərkəzinə hesabat verilir

Artan şikayətlərdən sonra Qantas Hava Yolları əsassız müdaxilə ilə qarşılaşan uçuş heyətlərindən vəziyyəti dərhal hava hərəkətini idarəetmə mərkəzlərinə bildirmələrini və enişlə bağlı ətraflı hesabat hazırlamağı xahiş etdi.

Məsələ IFALPA-ya göndərildi

Hadisələr gərginləşdikdən sonra Qantas Beynəlxalq Hava Yolları Pilotları Assosiasiyası (IFALPA) vasitəsilə məsələni gündəmə gətirib. Digər aviaşirkətlərin hesabatlarını da birləşdirən IFALPA xüsusilə Sakit okean regionunda, Cənubi Çin dənizində, Filippin dənizində və Hind okeanının şərqində hərbi döyüş gəmiləri tərəfindən VHF 121.50 və ya 123.45 kanalları üzərindən edilən radioelektron müdaxilə haqqında hesabat hazırlayıb. Məsələ IFALPA tərəfindən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: REM   GPS  


Bizi "telegram"da izləyin