Türkiyədən 500 Kilometr Mənzilli Kamikadze PUA – AZAB

2023/03/44433-1679472094.jpg
Oxunub: 4306     11:58     22 Mart 2023    
Türkiyənin "Robit Teknoloji" tərəfindən AZAB adlı Kamikadze tipli Pilotsuz Uçuş Aparatı təqdim olunub.

Məlumata görə, AZAB T200 50 kiloqram qalxma ağırlığı ilə 15 kiloqrama qədər faydalı yük daşıyır. Tamamilə kompozit quruluşa və çox kiçik radara görünmə sahəsinə malik olan AZAB radara düşmə ehtimalını minimuma endirir. AZAB-ın uçuş məsafəsi 500 km-dir və onu 200 km-ə qədər görüş xəttində (Line of Sight) idarə etmək mümkündür. Eyni zamanda kamerası və GPS ilə hədəfinə doğru istiqamətlənir.


O, operatorun köməyi ilə 200 kilometrə qədər məsafədə öz görüş xəttində kamerası ilə hədəfinə çata bilir. Onun kiçik versiyası olan AZAB T150-nin qalxma ağırlığı 7 kq-dır və 3 kq-a qədər faydalı yük daşıya bilir. Daha kiçik əməliyyatlarda istifadə üçün nəzərdə tutulub. Anti-jamming xüsusiyyətlərə malik sistem hər iki AZAB-da mövcuddur və şirkətin tamamilə özü tərəfindən inkişaf etdirilən avtopilot (dizayn da daxil olmaqla) və yerüstü stansiya sistemi mövcuddur. Yalnız yarımkeçiricilər istisna olmaqla 90%-ə qədər yerli imkanlardan istifadə olunub. PUA-nın mühərriki "ERIN Motor" tərəfindən istehsal olunur.

AZAB-ı yükə və ya məsafəyə görə yenidən yoxlaya biləcəklərini söyləyən şirkət rəsmiləri, hazırkı 2 metrlik qanad açılımını 3,5 metrə çatdırmağı və həm faydalı yükü, həm də məsafəni artırmağı düşünürlər. Sifarişçinin istəyinə uyğun olaraq AZAB-ı istənilən sərviyyədə formalaşdırmaq mümkündür. Əslində ordunun inventarında olan 15 kq-a qədər hazır sursatlar AZAB-a inteqrasiya edilə bilər.


AZAB T200, kamerası ilə 200 kilometrə qədər məsafədən görüş xəttində ani görüntüləri operatoruna ötürə bilir. T150 modeli eyni şəkildə görüş xəttində 150 ​​kilometrə qədər görüntüləri ötürə bilir. Missiyanı 200 km-ə qədər ləğv etmək mümkündür, əgər missiyanı GPS koordinatları olan bir yerə təyin etmisinizsə, sistem missiyanı tamamlayana qədər dayanmır. Getdiyi yerdə hansısa maneə ilə qarşılaşsa belə, avtopilot və alovlanma mexanizmi sayəsində özünü məhv edir. Və heç bir şəkildə düşmənə tərs mühəndislik üçün hansısa hissənin qalmasına imkan vermir.

AZAB istehsala hazırdır, tezliklə atış sınaqlarının keçirilməsi nəzərdən keçirilir. Daha sonra şirkətin inkişaf etdirdiyi alovlanma mexanizmi PUA-ya inteqrasiya olunaraq istehsal həyata keçiriləcək.


Qeyd edək ki, "Robit Teknoloji" informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 15 illik şirkətdir. Eyni zamanda mühəndisliyi ilə müxtəlif zamanlarda elektron dizaynlar və elektron məhsullar istehsal edən bir şirkətdir və son iki ildə müdafiə sənayesi üçün çalışır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AZAB   Türkiyə   PUA  


Bizi "telegram"da izləyin