Rusiya istehsalı olan bir milyondan çox PFM-1 minası bu qəbildəndir və onlardan Əfqanıstanda çoxlu sayda mövcuddur. 1980-ci illərdə Sovet-Əfqan müharibəsi zamanı hərbi helikopterlərdən kütləvi şəkildə ərazilərə “Kəpənək” minaları atıblar. Bu tip minalar 1978-ci ildən bəri 30,000-dən çox Əfqanıstan mülki vətəndaşının ölümünə və ya yaralanmasına səbəb olan mina və partlamamış hərbi sursat probleminə yeni əlavələr gətirib.

Torpaqların minalardan təmizlənməsi çox çətin prosesdir, bəzən bir ərazini metal detektorlarla bir neçə dəfə yoxlayırlar. Tək bir minanın çıxarılmasının təxmini xərcləri 300 dollardan 1000 dollara qədər dəyişə bilər və hətta heç bir mina tapmadan torpaq sahəsinin təhlükəsiz olduğunu təsdiqləmək bu qədər pula başa gəlir. Ancaq indi bir qrup ABŞ tədqiqatçısı PUA-lara termal kameralar quraşdıraraq minaların aşkarlanmasını daha sürətli və səmərəli edib.
Nyu Yorkdakı Binghamton Universitetinin enerji geofizikası kafedrasının dosenti Aleks Nikulin deyir ki, minaları təmizləməyin yeganə yolu torpağın hər qarışını yoxlamaqdır. Onun komandasının hazırladığı sistem plastik materialın xassəsi əsasında yaradılıb. Onlar deyir ki, plastik materialın isinməsi və soyuması torpaqdan və ətraf mühitin digər hissələrindən fərqlidir. Tədqiqatçılar günəşin doğuşu və batması ilə temperaturun sürətlə dəyişə bildiyi vaxtlarda uçuş sınaqları həyata keçiriblər. Sınaqlar zamanı PFM-1 minaları PUA kamerası tərəfindən çəkilib və onlar noutbukda nümayiş etdirilən termal görüntülərdə aydın görünür. Onlar öz işlərini Vaşinqtonda keçirilən Amerika Geofizika İttifaqının illik toplantısında təqdim ediblər.

2017-ci ilin sentyabrında Nyu-York əyalət parkında keçirilən çöl sınaqlarında komanda dörd sınaq zamanı minaların demək olar ki, 78 faizini aşkarlayıb. Bu, minatəmizləmə qruplar tərəfindən aparılan tədqiqat işlərini tam əvəz etmək üçün hələ kifayət qədər yaxşı deyil. Lakin bu, PFM-1 mina sahələrinin təmizlənməsinə kömək edə bilər. Termal texnologiyaya malik olan bu PUA mina sahəsinin izinin harada olduğunu daha sürətli müəyyən etməyə imkan verə bilər.

Minaları aşkar etmək üçün termal görüntülərdən istifadə ideyası əvvəllər də gündəmə gəlib, lakin bu yaxınlarda daha praktiki hal alıb. Çünki onların PUA-larla birləşməsi minatəmizləmə əməliyyatlarını daha asan və daha ucuz edir. Nikulin deyir ki, növbəti addımda termal görüntülərdə mina izlərini avtomatik aşkar etmək üçün kompüter proqramından istifadə edə bilərlər. Onun komandası, təsvirin tanınması nümunələrini idarə edə bilən maşın öyrənmə alqoritmini inkişaf etdirmək üçün proqramçılarla işləyir. Məqsəd sonda humanitar minatəmizləmə təşkilatlarına 10.000 dollar dəyərində sistem təqdim etməkdir. Bu sistemə PUA infraqırmızı kamera və xüsusi proqram təminatı ilə yüklənmiş noutbuk daxildir.

Ancaq burada da müəyyən problemlər var. Bəzi plastik minalar sürüşmə və ya zəlzələ nəticəsində daha dərinə gedə bilər. Günəş işığına məruz qalmayan ərazilər də var.
Dəyanət Ağalarlı
Ordu.az