Dünən, iyulun 31-də ermənilər yenidən DSX-nin döyüş mövqelərinə atəş açdılar. Atışma zamanı Dövlət Sərhəd Xidmətinin bir əsgəri yaralandı.
Ermənistan-Azərbaycan sərhədində nə baş verir? Ermənilər münaqişəni Qarabağdan dövlətlərarası sərhədə niyə keçirir?
Ordu.az saytının redaksiyası məşhur rus hərbi ekspert Aleksey Xlopotovla bu mövzuda danışıb.

- Son günlər bilavasitə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi, fikrimcə Ermənistandakı daxili siyasi vəziyyətin pisləşməsinin nəticəsidir. Bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın "Ermənistanın səsi" qəzetinə verdiyi müsahibəyəsinə diqqət yetirmək lazımdır. Onun Ermənistandakı mövcud hakimiyyət böhranını qiymətləndirməsi ilə razılaşmamaq mümkün deyil. Mən də dəfələrlə demişəm ki, Ermənistan hökuməti öz hərəkətləri ilə ölkəni özünütəcridetmə rejiminə salıb. Belə şəraitdə dövlətin inkişafı mümkün deyil. İqtisadiyyatdan demoqrafiyaya qədər hər şey durğunluqdadır. Belə şəraitdə insanlar artıq siyasətçilərin demaqogiyasına inanmırlar. Onlar hakimiyyətdə qalmaq üçün daha nə edə bilərlər? Ən asan yol, əhalini xarici düşmənlərlə qorxutmaqdır. Eyni zamanda, sərhəddə təxribatlar təşkil edərək potensial müttəfiqlərin diqqətini cəlb etmək də mümkündür. Çünki Qarabağda təxribatlar artıq keçmir. Beynəlxalq birlik Ermənistanı işğalçı ölkə kimi tanıyaraq birmənalı qiymətini verib. Buna görə də Azərbaycan bu torpaqları, hətta güc tətbiq etməklə geri qaytarmaq hüququna malikdir. Düşünürəm ki, çoxları bu cür hərəkətlərə göz yumacaq. Maksimum mətbuatda səs-küy yaradacaqlar.
KTMT statusu isə Qarabağa şamil edilmir. Buna görə hazırda Ermənistan sərhəddə Azərbaycanla birbaşa qarşıdurma yaratmağa çalışır.
Onun sözlərinə görə, erməni hərbçiləri sərhəddə gərginliyin birbaşa Azərbaycan snayperlərinin hərəkətləri ilə əlaqəli olduğunu söyləyərək özlərini haqlı sayırlar. Beləliklə, erməni xuntası məsuliyyətdən yayınmağa çalışır. Ermənilər deyirlər ki, "düşmən mühəndislik işlərinin aparılmasına mane olmağa çalışır", yəni atəş mövqelərini təchiz etməyə imkan vermirlər. Lakin nədənsə erməni hərbçiləri qəflətən bu cür işləri aparmağa ehtiyac duyulmasının səbəbləri barədə susmağa üstünlük verir. Aydındır ki, bu "mühəndis işləri", Azərbaycan sərhədçilərinə atəş açılması- eyni zəncirin bağlantılarıdır, yəni genişmiqyaslı təxribatın hazırlanmasıdır.

Müsahibimizin sözlərinə görə, Azərbaycanla hərbi münaqişənin yenidən başlayacağı təqdirdə, İrəvan siyasi və informasiya baxımından Avropa və ABŞ-a, hərbi baxımdan isə Rusiya tərəfindən göstəriləcək kömək və dəstəyə ümid edir. Lakin Ermənistanın KTMT-də iştirakı ona kömək etməyəcək - Belarus və Qazaxıstan kimi Avrasiya İttifaqının aparıcı gücləri (həm iqtisadi, həm də hərbi) bu təxribatda Ermənistanı dəstəkləməyəcəklər. Üstəlik, siyasi baxımdan, daha güclü əlaqələri olan Azərbaycana dəstək vermə ehtimalı yüksəkdir. Rusiya maksimum siyasi yolla Azərbaycanı Ermənistanın tam hərbi məğlubiyyətindən çəkindirməyə çalışacaq. Rusiya daxili problemləri üzündən silahlı qüvvələrindən istifadə edərək bu silahlı qarşıdurmaya müdaxilə etməyəcək.
- Fakt budur ki, Rusiya Federasiyasındakı daxili siyasi vəziyyət də rifahdan uzaqdır. Suriyadakı hərbi əməliyyatlar və Donbasdakı tanınmayan qurumlarda rejimi dəstəkləmək, yoxsul əhalinin kütlələri arasında çox da coşqu yaratmır. Moskvanın sadəcə başqa bir hərbi kampaniyaya imkanı çatmaz. Kreml iqtisadi cəhətdən güclü olan Azərbaycanla əlaqəsini kəsməyə getməyəcək.

Ermənistana Qərb də kömək etməyəcək. O, bundan yalnız Rusiyaya təzyiq elementi kimi istifadə edir, müqavilələr və ittifaqları pozmağa məcbur edir, lakin bunun əvəzində heç bir şey təklif etmir. Buna görə də Qərbə olan ümidlər erməni siyasətçilərinin dərin səhvidir. "Qızardılmış ət" iyi gələn kimi ABŞ və Avropa Paşinyanı tərk edəcək. Bunun yaxşı bir nümunəsi Ukraynadır. Ümumiyyətlə, bəzən məndə Ermənistanın müəyyən bir özünü məhvetmə mexanizmini işə saldığı təəssüratı yaranır - nə etsələr vəziyyət daha da pisləşir. Ermənistanın özü üçün bu daha pisdir. Erməni xalqı daha nə qədər dözə bilər? Mən falçı sayılmaq istəmirəm, lakin vəziyyətin inkişafı Paşinyanın bir ildən çox vaxtı qalmadığını göstərir. Bu müddət ərzində müxalifət möhkəmlənəcək və sonra Ermənistan yenidən qaynar qazana çevriləcək.
Üstəlik, hərbi təxribatlarla insanların diqqət vektorunu daxili problemlərdən xarici düşmənə çevirmək cəhdi Paşinyan üçün təmiz intihar olardı. Hərbi gücdən danışırıqsa, hazırda Ermənistanın mövcudluğu yalnız Azərbaycan rəhbərliyinin xoş iradəsinin nəticəsidir. Ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna "İrəli!" əmrini verməməsi üçün dözümü və səbri olacaq. Lakin Paşinyan da qonşusunun səbrinin sərhədsiz olmadığını başa düşməlidir.
Bəhram Batıyev
Ordu.az