"Ermənistan zorla beynəlxalq terrorçuların diqqətini özünə cəlb edir" - Hərbi ekspert

2019/02/-eh46-1550150489.jpg
Oxunub: 23070     17:12     14 Fevral 2019    
"Suriyaya göndərilən humanitar yardım da olsa, terroçu qruplaşmalar tərəfindən düşmənçilik fəaliyyəti kimi nəzərdən keçirilir. Əgər xatırlayırsınızsa, Almaniya və Fransada İŞİD terror qruplaşması onların Suriyaya cəlb olunmasından sonra həmin ölkədə terrorçuluq fəaliyyəti həyata keçirməyə başladı. İndi eyni şeyi Ermənistan təkrar etməklə zorla beynəlxalq terrorçuların diqqətini özünə cəlb edir".

Ordu.az xəbər verir ki, bu barədə hərbi ekspert Van Hambarsumyan erməni KİV-lərinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, hətta Suriyaya qrup göndərmək belə qanunsuzdur.


"Ermənistan parlamenti Suriyaya heyət göndərilməsi üçün razılıq verməli idi. Bundan başqa göndərilənlər sülhməramlıdır, yoxsa nə? Silahları da yoxdur. Deyirlər ki, mülki istehkamçılardır. Onları Hələb ərazisində minadan təmizləmə fəaliyyətlərinin həyata keçirilməsi üçün göndəriblər. Ən böyük qruplaşmalar Hələb üzərinə böyük hücum, hərbi əməliyyatlara hazırlıq görürlər. Hələb bu zərbələrin altında qalacaq. 83 nəfər bu ət maşınında nə edəcək?

Bundan başqa ABŞ-ın tərəfdarları Ermənistanın addımını düşmənçilik kimi qiymətləndirəcək. Ona görə ki, onlar Əsədi müdafiə etmirlər. Suriya hökumətini İran və Rusiyadan başqa dünyada heç kim qəbul etmir. ABŞ və Avropa İttifaqı üçün Əsəd qanunsuz diktatordur", - deyə erməni hərbi ekspert qeyd edib.

O qeyd edib ki, Suriya sözün əsl mənasında ət kombinatıdır və İkinci Dünya müharibəsindən sonra Suriyada baş verən münaqişə kimi qırğın olmayıb.

"Burada yalnız Kreml və Ağ Evin maraqları toqquşmur, eyni zamanda Əfqanıstanda və Vyetnamda olduğu kimi, Türkiyə, İsrail də eyni qaydada bu münaqişəyə cəlb edilib. Sözün əsl mənasında böyük dini müharibə gedir. Şiələr və sünnilər bir birlərini sevmir. Şiələri iranlılar, sünniləri isə Səudiyyə Ərəbistanı müdafiə edir. Burada ABŞ-ın silahlandırdığı kürdlər də böyük rol oynayır. ABŞ-ın silahlandırmasında məqsəd kürdlərin İŞİD və Suriyada fəaliyyətdə olan prezident Əsədə qarşı mübarizə aparmasıdır. Türkiyə isə kürd qruplaşmalarını terrorçu hesab edir. Türklər Əl Bab şəhərində öz silahlı qüvvələrini yerləşdirib, kürd silahlılarından Afrin dayaq məntəqəsini ələ keçiriblər. Şiələri "Hizbullah" baxımdan İran silahlandırdığına görə onların məqsədi İsraili məhv etməkdir", - deyə Hambarsumyan bir sıra iddialarla çıxış edib.

Qeyd edək ki, Ermənistandakı Birləşmiş Ştatların səfirliyi mətbuat nümayəndələrindən birinə cavabında, ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən Suriyaya mütəxəssislər qrupunun göndərilməsinə münasibət bildirib: "Suriyada humanitar vəziyyətin digər dövlətlər tərəfindən reaksiya verilməsi bizim üçün anlaşılandır və biz Yaxın Şərqdə dini azlıqların müdafiəsi ətrafında narahatlıqları bölüşürük. Bununla yanaşı biz, bu fəaliyyətin mülki şəxslərə yardım edilməsi məqsədi ilə, yoxsa hərbi yolla aparılmasından asılı olmayaraq, Suriya Silahlı Qüvvələri ilə birgə əməkdaşlığı dəstəkləmirik. Həmçinin biz bu missiya məqsədi ilə Ermənistan və Rusiya arasında əməkdaşlığı müdafiə etmirik. Rusiya mülki şəxsləri qırğına verərək, Əsəd rejimi ilə əməkdaşlıq edib və humanitar fəlakətə səbəb olub. Rusiya qlobal platformalarda Əsəd rejiminin və onun vəhşiliklərinin müdafiəsi mövqesindən çıxış etməyə davam edir".

Xatırladaq ki, fevralın 8-də mina təmizləyənlərdən, həkimlərdən və onların birbaşa təhlükəsizliyini təmin edən erməni mütəxəssislərdən ibarət ümumi sayı 83 nəfər olan qrup Suriya respublikasının Hələb şəhərinə yola düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Suriya   Paşinyan   Terror  


Bizi "telegram"da izləyin