Kreml konkret rəqəmləri niyə gizlədir? “Kalaşnikov”un sirli “partiya” tədarükləri

2026/06/Ekran-1781898256.jpg
Oxunub: 320     23:46     19 İyun 2026    
Rusiya hazırda daha çox hərbçisini bu silahlarla təchiz etsə də, son dövrdə aparılan genişmiqyaslı media kampaniyasının əsas məqsədi görünür ki, bu silahların inkişaf etməkdə olan ölkələrə ixracını təşviq etməkdir.

Davam edən müharibədə iştirak edən çoxsaylı Rusiya hərbçiləri hələ də köhnə silah və avadanlıqlarla təchiz olunur. Yeni yaradılan bölmələrə Soyuq müharibə dövrünə aid AK-47/AKM avtomatlarının verilməsi adi hal olaraq qalır. Hətta bəzi hərbçilərin təxminən bir əsr əvvəl xidmətə qəbul edilmiş İkinci Dünya müharibəsi dövrünə aid DP-27 “Degtyaryov” yüngül pulemyotları ilə təchiz olunduğuna dair məlumatlar da yayılıb.

Bununla belə, “Kalashnikov” Konserni bəyan edib ki, bəzi şanslı hərbçilər yaxın zamanda müasir AK-12 avtomatları ilə təchiz oluna bilər.

“Kalashnikov” Konserni bu həftə Rusiya dövlət xəbər agentliyi TASS-a bildirib ki, mövcud dövlət müqaviləsi çərçivəsində 2023-cü il modifikasiyasına aid təkmilləşdirilmiş 5,45 mm çaplı AK-12 avtomatlarının növbəti partiyası göndərilib.

“Altı il əvvəl silahlanmaya qəbul edilmiş AK-12 AK-74 avtomatını əvəz edib və Rusiya Silahlı Qüvvələri hərbi qulluqçularının əsas fərdi avtomatik silahına çevrilib”, - deyə konsernin mətbuat xidməti bildirib.

Rusiya daha çox avtomat əldə edir, bəs nə qədər?

Digər hərbi texnika tədarüklərində olduğu kimi, təhvil verilən silahların sayı barədə də qeyri-müəyyən məlumat verilir. Kreml konkret ədəd sayını açıqlamaq əvəzinə yalnız “partiyalar” göndərildiyini bildirir.

TASS yazır ki, “AK-12 avtomatlarının qoşunlara tədarükü xüsusi hərbi əməliyyatın başlanmasından sonra əhəmiyyətli dərəcədə artıb”. Agentlik 2022-ci ilin fevralında Ukraynaya qarşı başlanmış işğalın ilk mərhələlərində çox az sayda Rusiya hərbçisinin bu silahla təchiz olunduğunu qeyd etməyib.

Əslində, bu təbliğatın məqsədi Rusiyanın öz hərbi qüvvələrinə dəstək verməkdən daha çox xarici alıcıların diqqətini cəlb etmək cəhdi də ola bilər.

TASS vurğulayıb ki, “xarici müştərilərin AK-12-yə marağı onun xüsusi hərbi əməliyyat bölgəsində effektiv istifadəsi və hərbçilərdən alınan müsbət rəylər sayəsində artır”. Agentlik əlavə edib ki, AK-12 “təkmilləşdirilmiş erqonomika” və daha yüksək “dəqiqlik” xüsusiyyətlərinə malikdir.

AK-12 avtomatı haqqında

Çap: 5,45×39 mm
Lülənin uzunluğu: 415 mm
Ümumi uzunluq: 880-940 mm (tənzimlənə bilir)
Çəki: təxminən 3,3-3,5 kq (daraqsız)
Daraq tutumu: 30 patron (standart)
İş rejimi: yarımavtomatik, tam avtomatik (əvvəlki modellərdə iki patronlu növbə rejimi də mövcud idi)
İş prinsipi: qaz mexanizmi ilə işləyən, uzun vuruşlu qaz porşeni sistemi
Nişangahlar: təkmilləşdirilmiş diopter və açıq nişangahlar, qəbuledici üzərində “Picatinny” kronşteyni
Erqonomika: tənzimlənən qundağ və erqonomik dəstək
Modulluq: aksesuarların quraşdırılması üçün əl qoruyucusunun yuxarı, aşağı və yan hissələrində “Picatinny” kronşteynləri
Əvvəlki modellərlə müqayisədə üstünlükləri: menteşəli toz qapağı, sərbəst üzən lülə, yerə söykəmə funksiyasına malik modernləşdirilmiş daraq konstruksiyası
Variantları: AK-15 (7,62×39 mm), AK-19 (5,56×45 mm NATO) və daha qısa lüləli AK-12K


AK-12 mərhum Mixail Kalaşnikov tərəfindən Böyük Vətən Müharibəsinin (İkinci Dünya müharibəsinin) son mərhələlərində yaradıldığı iddia olunan uzunömürlü “Kalashnikov” avtomatları ailəsinin ən son variantıdır. Özünütəhsil almış bir mühəndisin orijinal AK-47-ni necə yaratdığı barədə hekayə demək olar ki, əfsanəyə çevrilib. Lakin bu, həmin dövrdə Sovet İttifaqının bir çox “qəhrəmanları” haqqında formalaşdırılmış miflərlə oxşardır.

Beşinci nəsil avtomat müasir əsgərə daha geniş modulluq imkanları, optik sistemlərlə daha yaxşı uyğunluq, daha yüngül, lakin dayanıqlı materiallardan istifadə və təkmilləşdirilmiş erqonomika təqdim etmək məqsədilə hazırlanıb. Xarici görünüş baxımından indiki AK-12 orijinal AK-47-dən daha çox ABŞ istehsalı M4 və ya Almaniyanın HK416 avtomatları kimi Qərb tipli modul avtomatlara bənzəyir.

Bununla belə, onun işləmə prinsipi hələ də ənənəvi uzun gedişli qaz porşeni sisteminə əsaslanır. Bu isə yüksək etibarlılığı təmin edir. AK ailəsinin əksər nümayəndələrində olduğu kimi, sistem qəsdən yüksək qaz təzyiqi ilə işləyəcək şəkildə hazırlanıb ki, silah güclü çirklənmə, ekstremal soyuq və hətta zəif keyfiyyətli sursat şəraitində belə fəaliyyətini davam etdirə bilsin.

Şişirtmə sayılmaz ki, AK-12 əvvəlki AK modelləri kimi hələ də silahına düzgün qulluq etmə intizamına malik olmayan üsyançılar, inqilabçılar və çağırışçılar üçün ideal silah olaraq qalır. O, əvvəlki modellərin bəzi sadəlik xüsusiyyətlərini itirsə də, bütünlüklə və tam mənada rus silah konstruksiyasının məhsulu olaraq qalır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   Kalaşnikov  


Bizi "telegram"da izləyin