Almaniya Ukraynaya yüzlərlə “hava-hava” raketi verəcək

2026/06/Ekran-1781895236.jpg
Oxunub: 201     22:52     19 İyun 2026    
Almaniya öz ehtiyatlarından Ukraynaya üçrəqəmli sayda “hava-hava” raketi təhvil verəcək.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.

Nazirin sözlərinə görə, Berlin Ukraynanın ehtiyaclarına uyğun şəkildə dəstəyini davam etdirəcək və Almaniyanın əsas diqqəti hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəlib.

Pistorius bildirib ki, Almaniya artıq Ukraynaya növbəti IRIS-T hava hücumundan müdafiə sistemini çatdırıb. Bundan əlavə, IRIS-T SLS və IRIS-T SLM raketlərinin tədarükü də sürətləndirilib.

“Bundan əlavə, öz ehtiyatlarımızdan üçrəqəmli sayda “hava-hava” raketi təqdim edəcəyik”, - deyə nazir vurğulayıb.

Məlumatda qeyd olunur ki, söhbət Ukraynanın F-16 qırıcılarında istifadə olunan AIM-9 və AIM-120 raketlərindən, yaxud gələcəkdə mümkün təchiz ediləcək Gripen qırıcıları üçün nəzərdə tutulan IRIS-T və ya “Meteor” raketlərindən gedə bilər.

Boris Pistorius həmçinin Almaniyanın Ukrayna üçün əlavə PAC-3 raketlərinin alınmasına 400 milyon ABŞ dolları ayıracağını açıqlayıb.

Onun sözlərinə görə, vəsaitin 200 milyon ABŞ dolları PURL satınalma mexanizmi vasitəsilə, digər 200 milyon ABŞ dolları isə ABŞ Xarici Hərbi Satış proqramı çərçivəsində fəaliyyət göstərən JumpStart mexanizmi vasitəsilə yönləndiriləcək.

Qeyd olunub ki, G7 ölkələrinin liderləri Rusiyanın Ukrayna şəhərlərinə qarşı davam edən hücumları fonunda Kiyevə hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması barədə razılığa gəliblər.

Bundan əvvəl Almaniya hökumətinin Ukrayna Müdafiə Qüvvələri üçün Norveç istehsalı olan NOMADS hava hücumundan müdafiə sistemlərinin alınmasını maliyyələşdirdiyi barədə məlumat yayılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin