Ordu.az xəbər verir ki, satış paketinin ümumi dəyəri təxminən 1,5 milyard dollar təşkil edir.
ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən Konqresə təqdim edilən bildirişə əsasən, paketə 12 ədəd UH-60M “Black Hawk” helikopteri, 26 ədəd T700-GE-701D turboşaft mühərriki və müxtəlif missiya sistemləri daxildir. Layihənin əsas podratçısı isə “Lockheed Martin” şirkətinin tərkibində fəaliyyət göstərən “Sikorsky” olacaq.
Hazırda Avstriya Silahlı Qüvvələrinin inventarında 9 ədəd S-70A-42 “Black Hawk” helikopteri mövcuddur. Yeni alışdan sonra ölkənin bu tip helikopterlərinin sayı 21-ə çatacaq.
Məlumata görə, Avstriyanın “Black Hawk” platformasını seçməsində 1999-cu ildə baş vermiş Qaltür qar uçqunu fəlakətindən sonra yaranan hava nəqliyyatı və xilasetmə imkanlarına olan ehtiyac mühüm rol oynayıb. Yeni UH-60M helikopterlərinin də fəlakətlərin idarə olunması, axtarış-xilasetmə, tibbi təxliyə və mülki müdafiə tapşırıqlarında geniş istifadə ediləcəyi gözlənilir.
Təchizat paketi yalnız helikopterləri deyil, həm də qabaqcıl missiya avadanlıqlarını və özünümüdafiə sistemlərini əhatə edir.
Bu çərçivədə Avstriyaya beş ədəd AN/AAR-57 raket xəbərdarlıq sistemi, beş ədəd CIRCM infraqırmızı əks-tədbir sistemi, radar xəbərdarlıq qəbulediciləri, lazer xəbərdarlıq sistemləri və ballistik mühafizə avadanlıqları təhvil veriləcək.
Sözügedən sistemlər xüsusilə raket təhlükəsinin mövcud olduğu əməliyyatlarda helikopterlərin sağqalma imkanlarını artırmağa xidmət edəcək. UH-60M helikopterləri Avstriyanın mürəkkəb dağlıq relyefində fəaliyyət göstərə bilməsi üçün qabaqcıl naviqasiya və uçuş təhlükəsizliyi sistemləri ilə təchiz ediləcək.
Paketə Eagle-M+429 naviqasiya sistemləri, radar hündürlükölçənləri, Ərazi Məlumatlılığı və Xəbərdarlıq Sistemi (HTAWS), zəif görünmə şəraitində əməliyyat imkanları yaradan avadanlıqlar, qabaqcıl hava radarı və müxtəlif hərbi-mülki naviqasiya sistemləri daxildir.
Bu sistemlərin xüsusilə dağlıq ərazilərdə, gecə uçuşlarında, qış şəraitində və zəif görünmə mühitində əməliyyat təhlükəsizliyini artırması nəzərdə tutulur. Helikopterlər elektro-optik və infraqırmızı sensor sistemləri ilə də təchiz olunacaq. MX-10D elektro-optik qüllə sistemi sayəsində gündüz və gecə vaxtı kəşfiyyat, müşahidə və axtarış-xilasetmə əməliyyatları həyata keçirilə biləcək.
Paketə həmçinin xilasetmə bucurqadları, xərək sistemləri, sürətli eniş ip sistemləri, yanğınsöndürmə vedrələrinin inteqrasiyası, xarici yükdaşıma avadanlıqları və əlavə yanacaq çənləri də daxildir.
Beləliklə, helikopterlərin axtarış-xilasetmə, tibbi təxliyə, yanğınla mübarizə, şəxsi heyətin daşınması və xüsusi əməliyyat tapşırıqlarında istifadəsi nəzərdə tutulur.
Təchizat çərçivəsində 24-ü helikopterlərdə istifadə olunacaq, 2-si isə ehtiyat məqsədilə ayrılacaq olmaqla ümumilikdə 26 ədəd T700-GE-701D mühərriki təhvil veriləcək.
Saatda təxminən 294 kilometr maksimal sürət yığa bilən UH-60M helikopteri 5800 metr xidmət tavanına malikdir. Platforma missiya konfiqurasiyasından asılı olaraq 11-12 tam təchizatlı hərbçi və ya 6 yaralı daşıya bilir. Paketə M134 “Minigun” pulemyotları, pilot dəbilqələri, simulyatorlar, texniki xidmət avadanlıqları, texniki sənədlər, təlim sistemləri və logistika dəstəyi xidmətləri də daxildir.
ABŞ Müharibə Nazirliyinin məlumatına görə, satış Avstriyanın təbii fəlakətlərə cavabvermə, daxili təhlükəsizlik, mülki müdafiə və hərbi hava nəqliyyatı imkanlarını gücləndirməklə yanaşı, ABŞ və Avropalı tərəfdaşlarla birgə əməliyyat uyğunluğunu da artıracaq.
Sevinc Əliyeva
Ordu.az