“Çukurova Savunma ve Enerji Teknolojileri” Körfəz ölkəsinə sursat qutuları ixrac edib

2026/06/1781900065.jpg
Oxunub: 249     00:26     20 İyun 2026    
“Çukurova Savunma ve Enerji Teknolojileri” şirkəti adı açıqlanmayan Körfəz ölkəsinə M2A1 metal sursat qutularının ixracını həyata keçirib.

Ordu.az xəbər verir ki, ixrac edilən qutuların 5.56×45 mm çaplı sursatların saxlanılması üçün istifadə olunacağı bildirilib.

Məlumata görə, M2A1 tipli metal sursat qutuları yalnız 5.56 mm sursatlarla məhdudlaşmır. Bu qutular 9×19 mm, 7.62×51 mm, 7.62×39 mm və 40×53 mm çaplı müxtəlif sursatların təhlükəsiz saxlanılması və daşınması üçün də istifadə olunur.

Şirkətin baş direktoru Səlcuq Öztürk ixrac prosesi ilə bağlı açıqlamasında bildirib ki, bu sahədə ilk dəfə Çin istehsalçılarını geridə qoymağa nail olublar.

“Keyfiyyətimizlə fərq yaratdıq”, - deyə Öztürk vurğulayıb.

Onun sözlərinə görə, xüsusilə Körfəz ölkələri müdafiə təchizatı sahəsində keyfiyyət standartlarına, sertifikatlaşdırmaya və texniki sənədləşməyə böyük əhəmiyyət verir. Buna görə də satınalma proseslərində çox ciddi texniki tələblər tətbiq olunur.

Məlumata əsasən, tərəflər arasında həmin Körfəz ölkəsində M2A1 sursat qutularının yerli istehsalı üçün istehsal xəttinin qurulmasına dair danışıqlar da davam edir.

Şirkət daha əvvəl, 2024-cü ilin dekabr ayında UNPACK markası altında Livandakı özəl şirkətə 9×19 mm tapança və avtomat sursatları üçün taxta sursat sandıqları ixrac etmişdi.

Bu sandıqlar NATO-nun MIL-SDT-199/299 standartlarına uyğun hazırlanıb və 47 kiloqram ümumi daşıma qabiliyyətinə, həmçinin 3000 ədədə qədər patronun təhlükəsiz saxlanılması imkanına malikdir.

Şirkət 2025-ci ilin may ayında isə əvvəllər Avropadan idxal edilən litium-ion batareya qablaşdırmalarını yerli imkanlarla istehsal edərək sertifikatlaşdırmağa nail olub.

İstehsal olunan qablaşdırmalar ADR, IATA, DGR və IMDG kimi təhlükəli yüklərin daşınması standartlarına tam uyğundur. Məhsulun idxal analoqları ilə müqayisədə təxminən üç dəfə daha sərfəli olduğu qeyd edilir.

Bundan əlavə, bu həll vasitəsilə ixrac zamanı yaranan gömrük və logistika problemlərinin azaldılması hədəflənir. BMT tərəfindən təsdiqlənmiş qablaşdırmalar həm hərbi, həm də mülki təyinatlı batareyaların təhlükəsiz daşınmasını təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çukurova-Savunma-ve-Enerji-Teknolojileri   Körfəz  


Bizi "telegram"da izləyin