ABŞ nüvə raket bazalarını PUA təhdidlərinə qarşı gücləndirir

2026/06/1781933113.jpg
Oxunub: 303     09:26     20 İyun 2026    
ABŞ Hərbi Hava Qüvvələri ölkənin ən mühüm nüvə obyektlərindən birini pilotsuz uçuş aparatlarına qarşı qorumaq məqsədilə yeni nəsil antidron sistemləri əldə etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, “Minot” Hərbi Hava Qüvvələri Bazasında fəaliyyət göstərən 91-ci Təhlükəsizlik Qüvvələri Qrupu üçün “Dronebuster Block 4” sistemlərinin satın alınması prosesinə başlanılıb.

ABŞ Hərbi Hava Qüvvələrinin 5-ci Müqavilələr Eskadrilyası tərəfindən iyunun 18-də dərc edilən tender çağırışında “DZYNE Technologies” şirkətinin hazırladığı “Dronebuster Block 4” daşına bilən antidron sistemlərinin tədarükünün nəzərdə tutulduğu bildirilib. Təkliflərin iyunun 26-dək təqdim olunması tələb olunub və Hərbi Hava Qüvvələri bu ehtiyacı “əməliyyat zərurəti” kimi qiymətləndirib.

Sistemlərin yerləşdiriləcəyi Minot Hərbi Hava Qüvvələri Bazasında ABŞ-nin nüvə çəkindirmə arxitekturasının əsas elementlərindən biri olan 91-ci Raket Qanadı fəaliyyət göstərir.

Bu birlik təxminən 22 min kvadrat kilometr əraziyə yayılmış 150 ədəd “Minuteman III” qitələrarası ballistik raketini idarə edir. Həmin nüvə silahlarının təhlükəsizliyinə isə 91-ci Təhlükəsizlik Qüvvələri Qrupu cavabdehlik daşıyır.

Bu səbəbdən Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinin aşkar edilməsi və zərərsizləşdirilməsi yalnız bazanın təhlükəsizliyi üçün deyil, həm də ABŞ-nin nüvə təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.

“DZYNE Technologies” tərəfindən hazırlanmış “Dronebuster Block 4” bir nəfər tərəfindən daşına və istifadə oluna bilən tüfəng tipli radioelektron mübarizə sistemi kimi tanınır.

Heç bir nəqliyyat vasitəsi, generator və ya sabit infrastruktur tələb etmədən istifadə edilə bilən sistem radio tezliklərinin qarışdırılması və Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) siqnallarının boğulması vasitəsilə kommersiya tipli PUA-ların idarəetmə və naviqasiya əlaqələrini kəsir.

Bunun nəticəsində hədəfə alınan PUA-nın tapşırığını davam etdirməsi mümkünsüz olur. Sistem eyni zamanda PUA-nı məcburi enişə yönəldə və ya operatoruna geri qaytara bilir.

ABŞ Hərbi Hava Qüvvələrinin hazırladığı texniki əsaslandırma sənədində qeyd olunur ki, sistem kommersiya bazarında mövcud olan PUA təhdidlərini aşkar etmək, pozmaq və zərərsizləşdirmək imkanına malikdir.

Tender sənədlərinə əsasən, “Dronebuster Block 4” ABŞ Müharibə Nazirliyi tərəfindən istifadəsi rəsmi şəkildə təsdiqlənmiş yeganə daşına bilən elektron hücum sistemi hesab olunur.

Bu status Hərbi Hava Qüvvələrinə açıq rəqabətli tender əvəzinə birbaşa həmin sistemin alınmasını tələb etmək üçün hüquqi əsas yaradır. Bununla belə, qiymət rəqabətinin səlahiyyətli distribyutorlar arasında davam edəcəyi bildirilib.

Son illərdə kiçik və kommersiya tipli PUA-ların hərbi obyektlər üçün yaratdığı risklər ABŞ ordusunun təhlükəsizlik prioritetləri sırasında ön sıralara yüksəlib.

Xüsusilə Ukraynadakı müharibədə aşağı xərc tələb edən kommersiya tipli PUA-ların kəşfiyyat, hücum və hədəfləmə tapşırıqlarında geniş istifadə olunması NATO ölkələrində antidron sistemlərinə yatırımları sürətləndirib.

“Dronebuster” sistemi də bu çərçivədə ABŞ ordusunun müxtəlif qoşun növlərində geniş şəkildə tətbiq olunmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Baza  


Bizi "telegram"da izləyin