Köçəryan: “ABŞ və Avropa İttifaqı Ermənistanda qərbyönümlü qüvvələrə qarşı təzyiqləri alqışlamazdı”

2026/06/1781892699.jpg
Oxunub: 226     22:14     19 İyun 2026    
“Əgər Ermənistanda qərbyönümlü siyasi qüvvələrə qarşı sərt və qeyri-mütənasib təzyiqlər tətbiq olunsaydı, ABŞ və Avropa İttifaqı buna səssiz qalmazdı”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və “Hayastan” blokunun lideri Robert Köçəryan jurnalistlərlə görüşündə deyib.

Sabiq erməni prezident Nikol Paşinyanın seçkilərdə qələbəsi münasibətilə Rusiya Prezidenti Vladimir Putinin rəsmi təbrik ünvanlamaması məsələsinə münasibət bildirərkən qeyd edib ki, bu mövzu emosional deyil, dövlətlərarası münasibətlər prizmasından qiymətləndirilməlidir.

Köçəryanın sözlərinə görə, diplomatik etiket çərçivəsində göndərilən təbriklər ikinci dərəcəli məsələdir, əsas amil isə İrəvanın həyata keçirdiyi siyasətin mahiyyətidir.

“Moskva Ermənistanda Rusiyaya yaxın münasibətlərin tərəfdarı olan siyasi qüvvələrin ardıcıl şəkildə sıxışdırıldığını və xalqın belə bir hakimiyyət formalaşdırmaq imkanının məhdudlaşdırıldığını aydın şəkildə görür”, - deyə o qeyd edib.

Köçəryan deyib ki, son hüquqi proseslər və Mərkəzi Seçki Komissiyasının qərarları keçirilmiş seçkilərin legitimliyinə dair ciddi suallar yaradır.

“Rusiya bu gün hesab edir ki, Ermənistan onun rəqiblərinin düşərgəsinə doğru hərəkət edir və Moskva belə bir kursu maliyyələşdirmək niyyətində deyil”, - deyə Köçəryan bildirib.

Sabiq erməni prezident vurğulayıb ki, rəsmi İrəvanın atdığı addımlar ölkə iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər. Onun fikrincə, bunun ilk təsirlərini kənd təsərrüfatı məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərlə üzləşən fermerlər hiss edirlər.

Köçəryan qeyd edib ki, böyük dövlətlər hər zaman praqmatik maraqlarla hərəkət edirlər və Rusiya da istisna deyil. Onun sözlərinə görə, Moskva öz geosiyasi rəqiblərinə yaxınlaşan dövlətə qarşı ABŞ və ya Avropa İttifaqının davranacağı şəkildə davranır.

“Burada məsələ mənim Rusiya liderini nə dərəcədə yaxşı tanımağım deyil. Məsələ dövlətlərarası münasibətlərin məntiqini və Rusiyanın dövlət kimi necə fəaliyyət göstərdiyini yaxşı başa düşməyimdir”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin