Ermənistan KİV-i: Moskva Ermənistanı “düşmən” elan edib, Ermənistan neobolşevizmi təhlükəyə çevrilib

2026/06/1781897635.jpg
Oxunub: 250     23:38     19 İyun 2026    
“Rusiya xarici işlər naziri Sergey Lavrovun “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsi Moskvanın Ermənistanla bağlı yanaşmasının dəyişdiyini göstərir. Müəllif hesab edir ki, Rusiya artıq Ermənistanı dost və ya tərəfdaş deyil, geosiyasi rəqib kimi qiymətləndirir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşrində dərc olunan “Moskva Ermənistanı “düşmən” elan edib, Ermənistan neobolşevizmi təhlükəyə çevrilib” başlıqlı məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Sergey Lavrovun “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsi yayımlanıb. Bildirilir ki, məqalə əvvəlcə “Politico Europe” nəşrində dərc olunmalı idi, lakin son anda redaksiya qərarı ilə bundan imtina edilib.

“Kifayət qədər geniş həcmli olan məqalədə yeni fikir yoxdur və burada daha çox Rusiya Prezidenti Vladimir Putinin son illərdə dəfələrlə səsləndirdiyi tezislər təkrarlanır. Lavrovun əsas mesajı olduqca qısadır: “Rusiya ilə NATO arasında hərbi qarşıdurma qaçılmaz şəkildə nüvə qarşıdurmasına gətirib çıxaracaq”. Lavrov bu fikri Avropa İttifaqı və NATO üzvü olan bəzi ölkələr üçün Fransanın təklif etdiyi “nüvə çətiri” ideyasına cavab olaraq səsləndirib”, - deyə nəşr bildirib.

Müəllifin sözlrinə görə, Rusiya xarici işlər naziri məqaləsində bildirib ki, “strateji müstəqillik” şüarı altında Avropada hərbi potensialın ciddi şəkildə artırılması müşahidə olunur. “Avropa ölkələri 2030-cu ilə qədər Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşırlar”, - deyə Lavrov yazıb.

Məqalədə onun digər bəyanatlarına da yer verilib.

“Vahid Avropa hələ də ekspansionist xəyallardan əl çəkməyib, Ukrayna və Moldovanı öz nəzarəti altına almağa çalışır, Ermənistanı öz orbitinə çəkir. NATO isə şərqə doğru genişlənərək Finlandiya və İsveçi öz sıralarına daxil edib”, - deyə Lavrov bildirib.

Müəllif hesab edir ki, Lavrovla polemikaya girməyin mənası yoxdur, çünki bu tezislər Moskvanın uzun müddətdir irəli sürdüyü siyasi mövqelərin təkrarıdır.

Məqalədə qeyd olunur ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi olub. Eyni zamanda Ermənistanın Avropaya yaxınlaşmaq istəyi də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkənin ərazi bütövlüyünü qoruya bilməməsi ilə izah edilir.

Müəllifin fikrincə, vəziyyətə emosional deyil, realist yanaşmaq lazımdır.

“Reallıq ondan ibarətdir ki, Rusiya Ermənistanı artıq “düşmən” kimi müəyyənləşdirib və ən azı Vladimir Putinin hakimiyyətdə olduğu müddətdə bu yanaşma dəyişməyəcək”, - deyə məqalədə vurğulanır.

Nəşr hesab edir ki, “Güclü Ermənistan” siyasi qüvvəsinin müxalifətin birləşdirilməsi və mövcud siyasi kursun dayandırılması üçün Moskvaya müraciət təşəbbüsü də təsadüfi deyil.

Məqalədə tarixi paralellər də aparılır. “1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqları qurultayı Ermənistanı beynəlxalq imperializmin agenti elan etmişdi. Həmin dövrdə erməni bolşeviklər bu qərarı nəinki qəbul etmiş, hətta alqışlamışdılar”, - deyə müəllif qeyd edir.

Məqalənin sonunda müəllif sual edir: “Bu gün Ermənistanın neobolşevik qüvvələri həmin tarixi davranışı təkrarlayırmı?”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin