“Falcon 10X” ilk uçuşunu uğurla həyata keçirib

2026/06/1781894329.jpg
Oxunub: 212     22:37     19 İyun 2026    
“Dassault Aviation” şirkətinin hazırladığı “Falcon 10X” biznes təyyarəsi ilk uçuş sınağını uğurla başa vurub. Təyyarə ilk sınaq zamanı 40 min fut hündürlükdə “Mach” 0,82 sürətinə çatıb.

Ordu.az xəbər verir ki, təxminən iki saat yarım davam edən uçuş proqramın mühüm mərhələyə çatdığını nümayiş etdirib və yeni sınaq dövrünün başlanğıcını rəsmən təsdiqləyib.

“Dassault Aviation” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Erik Trappye ilk sınaq uçuşunun uğurla başa çatmasını tarixi hadisə adlandırıb.

Onun sözlərinə görə, əldə olunan nəticə şirkətin mühəndislərinin, istehsal və uçuş heyətlərinin peşəkarlığının, eləcə də qlobal tərəfdaş şəbəkəsinin yüksək səviyyəsinin göstəricisidir.

Sınaq uçuşu Fransa ərazisində yerləşən Bordo-Merinak hava limanından həyata keçirilib. Sınaq pilotu Sebastyan Düpon de Dineşen və köməkçi pilot Fabris Dunyakın idarə etdiyi təyyarə əvvəlcə 15 min fut yüksəklikdə aerodinamik xüsusiyyətlər və alt sistemlər üzrə yoxlamalardan keçirilib.

Sonradan təyyarə 40 min fut hündürlüyə qalxaraq performans sınaqlarını davam etdirib və burada “Mach” 0,82 sürətinə çatıb. Uçuş başa çatdıqdan sonra təyyarə planlaşdırıldığı kimi təhlükəsiz şəkildə Bordo-Merinak hava limanına eniş edib.

Sınaq pilotu Sebastyan Düpon de Dineşen bildirib ki, ilk uçuş minlərlə əməkdaşın və tərəfdaşın illərlə davam edən əməyinin nəticəsidir. O qeyd edib ki, uçuş bütün planlara uyğun şəkildə həyata keçirilib və təyyarənin idarə olunması olduqca rahat olub.

“Dassault Aviation” yaxın günlərdə ikinci prototipi də sınaq proqramına cəlb etməyi planlaşdırır. Tam təchiz olunmuş üçüncü prototip isə kabin sistemləri, komfort göstəriciləri və etibarlılıq testləri üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Falcon-10X   Dassault-Aviation  


Bizi "telegram"da izləyin