QRAU tərəfindən təsdiq edilən indeksdə göstərildiyi kimi, 2S7M "Malka" özüyeriyən qurğusu daha köhnə döyüş vasitəsinin modernləşdirilən versiyasıdır. Bu yeni nümunə Ali Baş Komandanlığın ehtiyat artilleriya hissələrinin silahlanması üçün nəzərdə tutulan 2S7 "Pion" sisteminin bazasında hazırlanıb. "Pion" bazasında qurğu 1976-cı ildə qəbul edilib və yüksək texniki xüsusiyyətlərə malik idi. Lakin vaxt keçdikcə bu texnika hərbçiləri tam təmin etmədiyi üçün yeni bir layihənin başlamasına qərar verildi. Mövcud 2S7 məhsulunun yenilənməsi və müasirləşdirilməsi ilə daha yüksək xüsusiyyətlərə malik olan yeni ÖAQ təklif olundu.
2S7M "Malka" atəş mövqeyində
Yenilənən özüyeriyən silahın inkişafı daha əvvəl əsas modeli yaradan Leninqradın Kirov zavoduna həvalə edildi. Eksperimental layihə "Malka" kodunu aldı. Həmçinin yeni özüyeriyən qurğuya yeni QRAU tərəfindən sistemin davamlılığını göstərən 2S7M indeksi verildi.
"Pion" ÖAQ yüksək xüsusiyyətlərə malik, 203 mm-lik 2A44 topu ilə təchiz olundu. Bu döyüş vasitəsinin artilleriya hissəsi hərbçiləri qane edirdi və ciddi dəyişikliklərə ehtiyac yox idi. Lakin qurğunun şassisinin və atəşi idarəetmə sistemlərinin əsaslı şəkildə təkmilləşdirilməsi nəzərdə tutulurdu. Bunun sayəsində texniki və taktiki xüsusiyyətlərinin yaxşılaşdırılması planlaşdırılırdı. Döyüş keyfiyyətlərinin müəyyən artımı da gözlənilirdi.
2S7M layihəsi çərçivəsində ən böyük dəyişikliklərə mövcud "Obyekt 216" şassisi məruz qaldı. Onun yenilənən versiyası "216M" markasını aldı. Özüyeriyən qurğunun hərəkətliliyi artdı, istismarı sadələşdirildi və resursu artırıldı. Yeni şassi "Pion" bazasındakı 8 min km resurs əvəzinə 10 min km məsafəni təmin etdi.
Şassinin modernləşdirilməsi zamanı "Obyekt 216" əsas xüsusiyyətlərini qoruyub saxladı. O, əvvəlki kimi 12-16 mm-ə qədər qalınlığı olan qaynaqlanan təbəqələrdən ibarət zirehli korpusa malik idi. Əvvəlki kimi öndə üç yerlik idarəetmə bölməsi, onun arxasında mühərrik transmissiya bölməsi və sonda isə top heyətinin döyüş bölməsi yerləşirdi. Şassinin bütün arxa hissəsi artilleriya qurğusu və köməkçi avadanlıq üçün ayrılıb. "Malka" layihəsinin yenilikləri yalnız avadanlıqların tərkibinə və onun fəaliyyət prinsiplərinə aid idi.
"Obyekt 216M" şassisinin mühərrik bölməsində müxtəlif növ yanacaqdan istifadə edilməsi mümkün olan 840 at gücündə yeni V-84B dizel mühərriki yerləşdirildi. Yeni mühərrikin dizaynı sayəsində bölmənin quruluşu optimallaşdırıldı. Yeni mühərrik yol və ərazi hərəkətliliyini yaxşılaşdıraraq əlavə 60 at gücü əldə etdi. Müvafiq olaraq, sürətlər qutusu təkmilləşdirildi, indi o, ekstra yüklərə qarşı daha dayanıqlı oldu .
Döyüş vasitəsi səfər vəziyyətində
Şassinin ümumi konfiqurasiyası eyni qaldı, lakin fərdi aqreqatlar gücləndirildi və ya dəyişdirildi. Eyni zamanda LKZ-də inkişaf etdirilən T-80 əsas tankının aqreqatları da tətbiq edildi.
Korpusun hər tərəfində fərdi torsion asqıya və hidravlik amortizatorlara malik yeddi ədəd dayaq çarxları saxlanıldı. Aparıcı dayaq çarxı öndə, istiqamətləndirici çarx isə arxa tərəfdə yerləşirdi. "Obyekt 216M" istiqamətləndirici çarxlarının idarə olunması üçün təkmilləşdirilən yeni mexanizm əldə etdi. Nəticədə onları atəşdən əvvəl tırtılları zəiflətmədən yerə endirmək mümkün oldu.
Atəş zamanı geri təpmə qüvvəsini yerə ötürən dayaq qurğusunu əvvəlki layihədən heç bir dəyişiklik etmədən, olduğu kimi qəbul etdilər. Daha əvvəl olduğu kimi, xarakterik formalı böyük bir metal dayaq qurğusu yerə buraxılaraq hidravlik slindrlərin vasitəsilə torpağa basdırılırdı.
"Pion"da olduğu kimi, "Malka"nın artilleriya qurğusu şassinin arxa hissəsində quraşdırılıb. Mövcud silah qurğusu əsasən hərbçiləri qane edirdi və ciddi dəyişikliklərə məruz qalmadı. Lakin qurğunun bəzi hissələrinin yenilənməsi daha yüksək göstəricilər əldə etməyə imkan verdi.
2S7M ÖAQ-ın əsas silahı 203 mm kalibrli 2A44 yivli topudur. 55.3 kalibrdə uzunluğa sahib topun lüləsi, çaxmaq elementlərinin yerləşdirildiyi zərbə mexanizmi ilə birləşən sərbəst yivli boru şəklində hazırlanıb. Çaxmaq porşen tiplidir, onun üstündə isə geri təpməyə qarşı qurğu yer alır, lülənin altında isə iki ədəd pnevmatik əyləc slindrləri yerləşir. Geri təpmə qurğusu lülə ilə birlikdə qurğunun fırlanan hissəsinə bərkidilən "beşik" ilə birləşdirilib.
Top sektor tipli tuşlama mexanizmlərinə sahibdir. Onların köməyi ilə atəş eni 30 ° olan üfüqi bir sektorda təmin edilir. Topun yüksəklik bucağı 0-dan + 60 °-ə qədər dəyişir. Tuşlama üçün mexaniki və ya hidravlik üsuldan istifadə edilə bilər. Hərəkətli hissənin şaquli yerdəyişməsi zamanı pnevmatik balans mexanizmi işə düşür.
Özüyeriyən qurğu döyüş mövqeyində
Ayrı-ayrı sursatların böyük çəkisi ilə əlaqədar olaraq "Pion" ÖAQ yükləmə mexanizmi ilə təchiz olundu. Onun köməyi ilə mərmilər və barıt yükləri əvvəl göndərmə xəttinə, sonra isə lülə kamerasına göndərilirdi. 2C7 layihəsinin baza versiyasının mexanizmi bir dəqiqədə 1.5 atəş açmağa imkan verirdi.
"Malka" layihəsi çərçivəsində təkmilləşdirilən doldurma mexanizmi hazırlandı. Dünya təcrübəsində ilk dəfə doldurma mexanizmləri avtomatik proqram təminatına sahib oldu. Maşının mərmi doldurma mexanizminin yuvaları artıq iki müstəvidə hərəkət edə bilirdi, bunun nəticəsində isə topun hansı bucaq altında yerləşməsindən asılı olmayaraq mərminin doldurulması təmin edilirdi.
Bundan əlavə, avtomatlaşdırma özü atəşə hazırlıq üçün bütün mərhələlərə nəzarət edirdi. Lülənin təkrar doldurulması üçün bəlli bir vəziyyətə qayıtmasına ehtiyac qalmadığı üçün dəqiqədə 2.5 atəş sürəti əldə edildi.
Korpusun arxa hissəsində, topun yanında, əlavə sursat üçün bir yer də tapmaq mümkün oldu. "Pion" ayrı-ayrı doldurulan 4 ədəd 203 mm mərmi daşıyırdı. "Malka" layihəsində isə sursat dəsti iki dəfə artırıldı.
2A44 topu əlavə dəyişikliklərə məruz qalmadı, çünki, 2S7M mövcud "Pion"un bütün sursat nomenklaturasından istifadə etmək imkanını qoruyurdu. Bu top bir neçə növdə - qəlpəli-fuqas, betona nüfuz edən və ya kaset sursatlardan istifadə etmək imkanına malikdir. Bundan əlavə, 203 mm-lik üç növ nüvə başlıqlı sursatlar da hazırlandı. Müvafiq yaranan mərmərlərin maksimum kütləsi 110 kq-a çatdı. Bir sıra amillərdən asılı olaraq "Malka", "Pion" kimi, 47.5 km-ə qədər məsafəyə mərmi göndərə bilirdi.
Korpusda mərmilər üçün kifayət qədər həcmin olmaması səbəbindən, mərmi və barıt yüklərinin çatdırılması yerdən və ya sursat daşıyan yük maşınından həyata keçirilirdi. Hər iki halda, mərmiləri yükləmək üçün avtomatik doldurma mexanizmindən istifadə edilirdi.
2S7M yeni "Malka" layihəsinin ən vacib yeniliyi rabitə və idarəetmə vasitələrinin avtomatlaşdırılmasıdır. Döyüş maşını batareyanın baş zabitindən məlumat almaq üçün yeni sistemlər əldə etdi. Atəş açmaq üçün alınan məlumatlar avtomatik rejimdə maşın komandirin və tuşlayıcının rəqəmsal displeyində göstərilir. Məlumatları aldıqdan sonra, heyət atışı həyata keçirmək üçün silahı hazırlamağa başlaya bilirdi.
Özüyeriyən qurğu mövcud silahlanmanı qoruyub. Özünü müdafiə etmək üçün iri çaplı NSVT pulemyotundan istifadə etmək təklif edildi. Düşmənin hava hücumu zamanı ekipajın "Strela-2" və ya "İqla" daşınan TƏİRK-ə sahib olması qərara alındı.
"Malka" döyüş mövqeyində
İstismarın müəyyən qədər sadələşdirilməsi üçün, "Malka" özüyeriyən qurğusu reqlament nəzarəti üçün bir sıra avadanlıqlar əldə etdi. Mühhərrik, transmissiya, şassi, silahlar və s. kimi vacib aqreqatlar məlumat emal cihazları ilə əlaqəli olan çoxsaylı sensorlar əldə etdi. Bütün əsas sistemlərin işinin və vəziyyətinin daimi monitorinqi təmin edilən sensorlardan gələn məlumatlar kabindəki idarəetmə panelinə ötürülürdü. Bu funksiya texnikanın nasazlığını axtarılmasını, aradan qaldırılmasını və texniki xidməti xeyli asanlaşdırırdı.
Bir sıra yeni sistemlərin tətbiqi özüyeriyən qurğunun heyət sayını azaltmağa imkan verdi. "Pion" bazasını yeddi nəfərlik heyət istismar edirdi. 2S7M ÖAQ isə altı nəfər tərəfindən idarə olunur. Ekipajın yarısı-sürücü, komandir və topçulardan biri - üst tərəfdən qapaqdan (lyukdan) daxil olaraq ön kabində yerləşir. Digər üç heyət üzvü üçün bölmə isə mühərrik-transmissiya bölməsinin arxasında yerləşir. Bütün heyət yerləşən bölmələr kütləvi qırğın silahlarına qarşı qorunur.
Bir sıra yeni sistemlərin tətbiqi döyüş hazırlığını sadələşdirdi və sürətləndirdi. 2C7 özüyeriyən qurğusu normativlərə görə ərazidə yerləşməyə və tərk etməyə 10 dəqiqə sərf edirdi. 2S7M isə bu prosedura müvafiq olaraq 7 və 5 dəqiqə sərf edirdi. Beləliklə, modernləşdirilən ÖAQ tez bir zamanda atəş aça bilir, döyüş tapşırığını qısa zamanda yerinə yetirir və cavab atəşindən cəld yayınaraq mövqeyini dəyişə bilir. Modernizasiya nəticələrinə görə, "Malka" əsas nümunənin ölçülərini qorudu, lakin bir qədər ağır oldu.
Onun döyüş kütləsi ilk 45-dən 46.5 tona qədər artdı. Buna baxmayaraq, yeni mühərrik xüsusi güc göstəricəsinin artmasını, müvafiq olaraq manevr imkanlarının da yüksəlməsini təmin etdi. Maksimal sürət 50 km/saatdan yüksək olması ilə yanaşı çətin ərazi landşaftında keçicilik qabiliyyəti də artdı.
1985-ci ildə 2S7M "Malka" özüyeriyən qurğusunun prototipi sınaqdan keçirildi, bu müddət ərzində onun imkanları və xüsusiyyətləri təsdiqləndi. Tezliklə yeni modelin silahlanmaya qəbul edilməsi və avadanlığın seriya istehsalına başlanması üçün sifariş verildi. Kütləvi istehsal yeni özüyeriyən qurğunun mövcud "Pion"ları qismən tamamlanmalı idi. İstehsal artdıqdan sonra isə əvvəlki modelin yenisi ilə əvəzlənməsi planlaşdırılırdı.
2018-ci ilin aprelində keçirilən təlimlərdə 203 mm-lik top atışı
"Malka" əvvəllər "Pion" ÖAQ-ın verildiyi eyni hissələrə paylandı. Onlar Ali Baş Komandanın ehtiyat artilleriyasının tərkibinə daxil olan yüksək gücə malik artilleriya briqadalarının əlahiddə özüyeriyən artilleriya divizionlarının bölmələri üçün nəzərdə tutulurdu. Divizionların əksəriyyətində 12 ÖAQ 3 artilleriya batareyasında fəaliyyət göstərirdi. Briqadalarda digər ağır silahlarla təchiz olunan divizionlar və batareyalar da mövcud idi.
90-cı illərin əvvəllərinə qədər "Pion" və "Malka" ilə təchiz olunan artilleriya briqadaları Sovet İttifaqının bütün ərazilərində xidmət edirdi. Avropada Silahlar Qüvvələr haqqında müqavilənin qüvvəyə minməsindən sonra Rusiya özüyeriyən silahları Uraldan o tərəfə göndərməli oldu. Nəticədə, bu növdən olan bütün sistemlər Şərqi Hərbi Dairəsinin hərbi hissələrinin tabeliyinə verildi. Hazırda ağır artilleriya ilə silahlanan birləşmələr digər hərbi dairələrdə də yaranıb.
"The Military Balance 2018" dərgisinin məlumatına əsasən, Rusiya Silahlı Qüvvələri hazırda 60 ədəd "Malka" tipli döyüş vasitəsindən istifadə edir. 2S7 baza və 2S7M modernləşdirilən yüksək gücə malik özüyeriyən artilleriya qurğularının yerdə qalan hissəsi saxlanma bazalarına göndərilib. Digər məlumatlara görə, aktiv özüyeriyən qurğuların sayı daha da azdır. Nisbətən az sayda olmasına baxmayaraq, belə avadanlıqlar fəal şəkildə istifadə olunur və müntəzəm olaraq təlim-döyüş təldbirlərində iştirak edir.
Davam edən xidməti ərzində "Malka" daim döyüş imkanlarını nümayiş etdirir və onların hesablamaları döyüş işlərinin yeni metodlarını mənimsəyir. Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, aprel ayının əvvəlində Mərkəz Hərbi Dairəsində ağır artilleriyanın atəş təlimləri keçirilib. 2S7M özüyeriyən silahlar 30 km məsafədə şərti düşmən obyektlərinə zərbə endirdi. Hədəflərin vaxtında müəyyən edilməsi, məlumatların ötürülməsi və atəşin nizamlanması üçün müasir "Orlan-10" PUA-sından istifadə edildi. Təlim atışları hədəflərin uğurla məhv edilməsinə səbəb oldu.
Mövcud "Malka"lar xidmət etməkdə davam edir və yaxın gələcəkdə istirahətə getməsi gözlənilmir. Silahların yüksək gücü bəlli bir dərəcədə həll ediləcək tapşırıqların əhatəsini azaldır, lakin bu halda belə onlar raket və artilleriya qoşunlarında ən vacib yerləri tuturlar. Beləliklə, mövcud özüyeriyən qurğuların orduda istifadə edilməsi davam etdiriləcək, gələcəkdə onların yenilənməsi və modernləşdirilməsi də istisna edilmir.
2S7M qurğularının texniki hazırlığını təmin etmək üçün köhnələn komponentlərin dəyişdirilməsi də daxil olmaqla, müntəzəm təmir tələb olunur. İnkişaf edən texnologiyalar nəzəri baxımından "Malka"nın müasir döyüş xüsusiyyətlərini daha da artıracaq yeni rabitə və idarəetmə vasitələri ilə təmin etməklə müasirləşdirilməsinə imkan verir. Bununla yanaşı, 203 mm-lik mərmilərin perspektiv modelləri, əsasən də idarə olunanların istehsalı ilə artırıla bilər. Yenilənən idarəetmə avadanlıqları və nizamlanan mərmilər atəşin dəqiqliyi və effektivliyini aşkar şəkildə artıra bilər.
Quru qoşunları xüsusi güclü zərbələrin həyata keçirilməsi üçün daim yüksək güclü artilleriya sistemlərinə ehtiyac duyur. Bu səbəbdən də yaxın gələcəkdə 2С7 "Pion" və 2С7M "Malka" ÖAQ uzun müddət ordunun sıralarında qalaraq digər artilleriya silahları ilə xüsusi kompleks vəzifələri həll etməyə kömək edəcəklər.
Məlumat Ryabov Krilin yazəıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az