İsrail konteyner tipli buraxılış qurğusuna malik “Iron Wasp” önləyici PUA-sını hazırlayır

2026/06/Ekran-1782278342.jpg
Oxunub: 283     09:25     24 İyun 2026    
İsrailin RAFAEL və “SpearUAV” şirkətləri “Iron Wasp” önləyici Pilotsuz Uçuş Aparatının (PUA0 hazırlanması üçün əməkdaşlığa başladıqlarını elan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “CTech” nəşri məlumat yayıb.

Məlumata görə, yeni sistem “SpearUAV” şirkətinin “Viper” önləyici texnologiyası əsasında hazırlanır və döyüş texnikaları üzərində quraşdırılan kompakt çoxkonteynerli buraxılış qurğusundan istifadə edir.

Sistem yüksək sürətli, yüksək manevr qabiliyyətli hədəflərə və “gəzən sursat”lara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulub.

Yayımlanan təqdimat videosunda düşmənin FPV tipli PUA-larının zirehli texnika kolonuna hücumu əks olunub. Kadrlarda dam hissəsində yerləşdirilmiş ikikonteynerli buraxılış qurğusundan havaya qalxan önləyici PUA-ların hədəfləri uğurla məhv etdiyi göstərilir.

Bildirilir ki, texnikalar hava hədəflərinin aşkarlanması və izlənməsi üçün radiolokasiya sistemləri ilə də təchiz olunub.

Məlumatda qeyd olunur ki, Livandakı döyüş əməliyyatları zamanı “Hizbullah”ın kamikadze tipli PUA-ları İsrail hərbçiləri arasında itkilərin əsas səbəblərindən birinə çevrilib və tank əleyhinə idarə olunan raketləri belə geridə qoyub.

Şirkətlərin təqdim etdiyi məlumata görə, hazırda istifadə olunan PUA-ların təxminən 80 faizi optik lif vasitəsilə idarə olunur. Bu isə onları radioelektron mübarizə vasitələrinin təsirinə qarşı böyük ölçüdə davamlı edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Iron-Wasp   PUA  


Bizi "telegram"da izləyin