Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.
Məlumata görə, müəssisədə “Mark I” tipli antidron raketləri istehsal olunacaq. Riqa zavodunda raketlərin elektron sistemləri və döyüş başlıqları yığılacaq.
Qeyd olunur ki, zavodun tikintisi bir il çəkib. İlin sonunadək Latviyanın Adaji şəhərində yaradılması planlaşdırılan yekun yığım müəssisəsi ilə birlikdə istehsal gücünün gündəlik 100 raketə çatdırılması nəzərdə tutulur.
Təxminən 1000 kvadratmetr ərazini əhatə edən zavodda 50 nəfərin çalışacağı planlaşdırılır. Şirkət bu il ərzində ümumilikdə 1500 raket istehsal etməyi hədəfləyir.
Bildirilib ki, “Mark I” sistemi vasitəsilə pilotsuz uçuş aparatlarının məhv edilməsinin xərci on dəfədən çox azalacaq. Bu da Avropa ölkələri və digər müttəfiqlər üçün idarəolunan zenit raketlərinin kütləvi istehsalına imkan verəcək.
“Frankenburg Technologies” Latviyada istehsala başladıqdan sonra fəaliyyətini Estoniya, Böyük Britaniya və Polşaya da genişləndirməyi planlaşdırır. Məqsəd illik istehsal həcmini bir milyon raketə çatdırmaqdır.
Şirkət Polşada ildə 10 min “Mark I” antidron raketi istehsal etməyi planlaşdırır.
“Avropa məhdud və bahalı istehsaldan uzaqlaşaraq, böyük həcmdə istehsal olunan əlçatan sistemlərə keçməlidir. Riqa zavodu Avropanın müdafiə hazırlığını gücləndirmək üçün ehtiyac duyduğu yeni sənaye yanaşmasının nümunəsidir”, - deyə şirkət vurğulayıb.
“Mark I” raketinin “at və unut” prinsipi ilə fəaliyyət göstərən dünyanın ilk əlçatan antidron həlli olacağı bildirilir.
Raket 2 kilometrədək məsafədə və təxminən 1,5 kilometr yüksəklikdə hədəfləri məhv etmək imkanına malikdir.
Sevinc Əliyeva
Ordu.az