ABŞ ordusu Sakit okean bölgəsi üçün yeni PUA və radioelektron mübarizə komandanlığı yaradıb

2026/06/Ekran-1782277256.jpg
Oxunub: 217     09:07     24 İyun 2026    
ABŞ ordusu yeni hərbi struktur, Sakit Okean Birləşmiş Qüvvələr Komandanlığının 7-ci Piyada Diviziyasını yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə “Task & Purpose” nəşri məlumat yayıb.

Məlumata görə, yeni struktur 1-ci Birləşmiş Operativ Qrupu və 7-ci Piyada Diviziyasının vahid komandanlıq altında birləşdirilməsi nəticəsində formalaşdırılıb.

Bildirilir ki, bu, ənənəvi quru qoşunlarını müasir döyüş üsulları üzrə ixtisaslaşmış bölmələrlə birləşdirən ilk belə hərbi qurumdur.

Söhbət kiberməkanda fəaliyyət, radioelektron mübarizə və Pilotsuz Uçuş Aparatlarının (PUA) genişmiqyaslı istifadəsi imkanlarından gedir.

Yeni birləşmənin şəxsi heyəti təxminən 12 min nəfərdən ibarətdir və qərargahı Lyuis-Makkord Birləşmiş Hərbi Bazasında yerləşir.

Məlumata görə, struktur praktikada kəşfiyyat, əks-kəşfiyyat, kiberhücum və artilleriya əməliyyatlarını birləşdirən müstəqil “örtük qüvvəsi” kimi fəaliyyət göstərəcək.

Diviziyanın tərkibinə iki “Stryker” briqada döyüş qrupu daxildir. Bu bölmələr uzaqmənzilli artilleriya vasitələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

Birgə əməliyyat konsepsiyası çərçivəsində insansız dəniz platformalarının və uzaqmənzilli kamikadze PUA-ların istifadəsi də nəzərdə tutulur.

Qeyd olunur ki, ABŞ ordusunun bu genişmiqyaslı yenidən təşkili Sakit okean bölgəsində hərbi mövcudluğun ümumi şəkildə yenilənməsi fonunda həyata keçirilir.

Bu proses bəzi bölmələrin yenidən yerləşdirilməsini, Quam adasındakı qüvvələrin gücləndirilməsini və yeni silah sistemlərinin tədarükünü əhatə edir.

Məlumata görə, 1-ci Birləşmiş Operativ Qrup 2017-ci ildə yaradılıb və sonradan Avropada da oxşar hərbi qruplar formalaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   Komandanlıq  


Bizi "telegram"da izləyin