Kreml ətrafında “boşluq”: Hüzn gününün tənha lideri və postsovet coğrafiyasının yeni orbitləri

2026/06/1782241876.jpg
Oxunub: 252     23:14     23 İyun 2026    
İyunun 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Naməlum Əsgərin simvolik məzarı önünə əklil qoyub. Faşist Almaniyasının Sovet İttifaqına hücum etdiyi gün Rusiya Federasiyasında rəsmi olaraq “Hüzn və Xatirə Günü” kimi qeyd olunur. Həqiqətən də tarixi-siyasi baxımdan son dərəcə mühüm olan həmin hadisənin 85-ci ildönümü tamam olub. Lakin Rusiya Prezidenti memorial kompleksi tək ziyarət edib. Onun yanında hətta “İttifaq Dövləti”nin ayrılmaz hissəsi hesab edilən Belarus Prezidenti də dayanmayıb.

Həmin gün KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rəsmi səfərlə Brüsselə yollanıb. Bu barədə Qazaxıstan Prezident Administrasiyasının rəsmi saytı olan Akorda məlumat yayıb. Məlumata görə, hava limanında Tokayevi Avropa Şurasının Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Eduards Stipraiss qarşılayıb. Planlaşdırılır ki, Qazaxıstan Prezidenti Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə danışıqlar aparacaq, həmçinin “bir sıra ikitərəfli sənədlər” imzalanacaq.

Avropa İttifaqı-Mərkəzi Asiya ilk sammiti ötən ilin aprel ayının ilk günlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilib. Sammit “Gələcək naminə sərmayə qoy” şüarı altında təşkil olunub. İllik ümumi daxili məhsulu 366 milyard dollara çatan Qazaxıstan siyasi müşahidəçilər tərəfindən “orta güclü dövlət” kimi tanınır. Noyabr ayında Qazaxıstan Prezidenti Donald Trampın şəxsi dəvəti ilə G20 sammitində iştirak edəcək.

Ötən il Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana səfər edib. Bir neçə gün əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Özbəkistanda olub. Bir həftə fərqlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qırğızıstan və Tacikistan prezidentləri ilə danışıqlar aparıb. İyunun 22-də isə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana səfər edib və burada Türkmənistan üçün Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Dostluq” tankerinin suya buraxılması mərasimində məsafədən iştirak edib.

Bu hadisələr Astanada keçirilmiş Avrasiya İqtisadi Birliyi sammitindən sonrakı iki həftədən az müddətdə baş verib və göstərir ki, postsovet məkanının ölkələri iqtisadiyyatın, nəqliyyat marşrutlarının və logistikanın şaxələndirilməsi istiqamətində intensiv axtarışlar aparırlar.

Faşist Almaniyasına qarşı sovet xalqlarının müharibəsi dörd ilə yaxın davam edib. Beşinci ildir ki, Rusiya Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” həyata keçirir, lakin nəticə etibarilə iyunun 22-də Ukrayna raketləri Voronejdə hərbi təyinatlı zavodu vurub, pilotsuz uçuş aparatlarının hücumları isə növbəti dəfə Moskva hava limanlarının fəaliyyətini iflic edib.

Yaranmış vəziyyətdə Rusiya Prezidenti Putin, ən azı zahirən, “Qətiyyətli tənhalıq” obrazını seçib. Onun xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bir gün əvvəl bəyan edib ki, Rusiyaya artıq “Ankoric razılaşmaları lazım deyil, atəşkəs sazişi lazım deyil, Rusiyaya yalnız qələbə lazımdır”.

Bunun həqiqətən dövlət qərarı, yoxsa diplomatik “tüstü pərdəsi” olub-olmadığını müəyyənləşdirmək son dərəcə çətindir. Görünən odur ki, müharibə aparan “Qətiyyətli tənhalıq” obrazında çıxış edən Vladimir Putin yeni düşmənlər qazanmasa belə, köhnə dostlarını mütləq itirir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin