Ordu.az xəbər verir ki, bu barədə peyk görüntülərinin təhlilinə əsaslanan araşdırmada bildirilib.
OSINT analitikləri jembob və Mark Krutov “The Insider” nəşri üçün hazırladıqları araşdırmada may ayında yerli sakinlərin etiraz etdiyi ərazini digər hərbi obyektlərlə müqayisə ediblər.
Rusiya hakimiyyəti tikintinin məqsədini rəsmi şəkildə təsdiqləməyib.
Copernicus peyk görüntülərinə əsasən, “Medik” stadionunun yaxınlığında təxminən 4 hektar park ərazisi ağaclardan təmizlənib.
Analitiklərin sözlərinə görə, sahə Moskva Avtomobil Dairəvi Yolunun daxilində şəhərin qərb hissəsində yerləşən ən yüksək nöqtələrdən birində yerləşir ki, bu da onu hava hücumundan müdafiə sistemləri üçün əlverişli mövqeyə çevirir.
Araşdırmada qeyd olunur ki, ərazinin ölçüləri və forması Moskva ətrafında son illərdə yaradılmış S-300 və S-400 mövqelərinin parametrlərinə uyğun gəlir.
Bununla belə, analitiklər bu ehtimalın əlavə sübutlarla təsdiqlənməsinin vacibliyini vurğulayıblar.
Son peyk görüntülərində təmizlənmiş meşə sahəsində bir neçə açıq rəngli obyekt müşahidə olunur. Lakin görüntülərin keyfiyyəti onların dəqiq təyinatını müəyyən etməyə imkan vermir.
Bu obyektlərin tikinti konstruksiyaları, ağır texnika və ya buraxılış qurğuları və radiolokasiya stansiyaları üçün istifadə olunan xüsusi beton platformalar ola biləcəyi bildirilir.
Mark Krutov qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Moskvada tikilmiş yeni S-300 və S-400 mövqeləri ölçü baxımından bu əraziyə bənzəyir.
Onun sözlərinə görə, paytaxt ətrafında sahəsi 3,6-4,6 hektar arasında dəyişən ən azı dörd oxşar platforma mövcuddur. Kuntsevo sakinləri mayın 24-də Moskvoretski parkında ağacların kütləvi şəkildə kəsilməsinə etiraz etməyə başlayıblar.
Məlumata görə, ağır texnika stadion yaxınlığındakı meşə sahəsinə daxil olaraq ağacları kəsib, daha sonra isə təmizlənmiş ərazi asfaltlanıb.
Sakinlərə tikinti işləri ilə bağlı heç bir icazə sənədi təqdim olunmayıb.
Həmin gün Moskvanın Qərb İnzibati Dairəsinin prefekti Aleksey Aleksandrov hadisə yerinə gələrək etirazçılara “Burada hərbi obyekt tikilir, daha nə istəyirsiniz?” deyə müraciət edib.
Bundan sonra polis əməkdaşları məmurun göstərişi ilə etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıblar.
Sevinc Əliyeva
Ordu.az