Ordu.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Məlumata görə, yeni sistem hədəflərin bir neçə saat deyil, bir neçə dəqiqə ərzində məhv edilməsinə imkan vermək üçün nəzərdə tutulub.
Ukraynanın DELTA sistemi müxtəlif mənbələrdən məlumatları toplayır, emal edir və hərbçilərin planşetlərində əks etdirir. Bu da döyüşçülərə vəziyyət barədə dəqiq məlumat əldə etməyə, daha sürətli və koordinasiyalı fəaliyyət göstərməyə imkan yaradır.
İsveç Silahlı Qüvvələrinin kibermüdafiə bölməsinin rəhbəri Mattias Hansson bildirib ki, yeni sistem sayəsində hədəflərə zərbə endirilməsi üçün tələb olunan vaxt saatlardan dəqiqələrə enəcək.
Onun sözlərinə görə, real vaxt rejimində pilotsuz uçuş aparatı görüntüləri, peyk şəkilləri və bütün dost qüvvələrin mövqelərini göstərən xəritələr birbaşa döyüş meydanında hərbçilərin planşet və mobil telefonlarında əlçatan olacaq.
İsveç Silahlı Qüvvələri hökumətin layihəyə 5 milyard İsveç kronu ayırmaq qərarından sonra sistemi ilin sonunadək istifadəyə verməyi planlaşdırır.
İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, bu addım ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
“Bu tədbirlər sayəsində daha güclü və daha sürətli olacağıq. Bu, gələcəyin döyüş meydanı və hazırda Ukraynada gördüyümüz şəffaf döyüş mühiti baxımından son dərəcə vacibdir”, - deyə nazir vurğulayıb.
Qeyd olunur ki, indiyədək İsveç Silahlı Qüvvələri müxtəlif bölmələr arasında əlaqəni əsasən radio vasitəsilə təmin edib.
Rəqəmsal rabitə vasitələrindən də istifadə olunsa da, vahid inteqrasiya edilmiş sistem mövcud olmayıb.
Hərbi rəsmilərin sözlərinə görə, hazırda düşmən hədəfi barədə məlumatın əldə edilməsindən atəş açılması əmrinin verilməsinədək bir neçə saat vaxt keçə bilir.
Bu gecikmələr məlumatların əl ilə emal olunması və müxtəlif idarəetmə səviyyələri arasında ötürülməsi ilə bağlıdır.
Layihənin növbəti mərhələsində böyük həcmli məlumatların emalı, təhlili və çeşidlənməsi üçün süni zəka əsaslı proqram təminatının tətbiqi nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az