Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumata görə, “Çve Hyon” esminesi 14 ay davam edən əməliyyat imkanlarının qiymətləndirilməsi sınaqlarını uğurla tamamladıqdan sonra Koreya Xalq Ordusunun Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
Təntənəli mərasim iyunun 23-də Nampxo limanında keçirilib. Tədbirdə KXDR lideri Kim Çen In da iştirak edib və gəmidə hərbi dəniz bayrağı qaldırılıb.
Kim Çen In çıxışı zamanı ölkənin Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin “heyrətamiz və təsiredici” olacağını bildirib.
“Dəniz qüvvələri strateji imkanlara malik silahlı qüvvə növü kimi inkişaf edir və onların nüvə silahları proqramı müəyyən edilmiş qrafik üzrə irəliləyir”, - deyə KXDR lideri vurğulayıb.
Onun sözlərinə görə, yeni esminesin silahlanmaya qəbulundan sonra ölkə müasir hərbi dəniz bazasının yaradılması məsələsini də nəzərdən keçirəcək.
Sevinc Əliyeva
Ordu.az