“Joğovurd”: Ermənistan Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərara hazırlaşır

2026/06/1782279364.jpg
Oxunub: 243     09:34     24 İyun 2026    
“Konstitusiya Məhkəməsində parlament seçkilərinin nəticələrinin mübahisələndirilməsi üzrə işlə bağlı intensiv hazırlıq işləri aparılır və yekun qərarın iyulun 4-də açıqlanacağı gözlənilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ermənistan Konstitusiya Məhkəməsində seçki nəticələrinin mübahisələndirilməsi ilə bağlı işin araşdırılması fonunda gərgin iş mühiti hökm sürür.

“Konstitusiya Məhkəməsi hakimlərinin daxili müzakirələri zamanı belə bir fikir səsləndirilib ki, vaxt məhduddur və təqdim olunmuş bütün materialların tam şəkildə araşdırılması vacibdir. Çünki iyulun 4-də seçki nəticələrinin mübahisələndirilməsi üzrə yekun qərar açıqlanmalıdır”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, bu işə Konstitusiya Məhkəməsinin iki hakimi, yəni Ermənistanın keçmiş ədliyyə naziri Artak Zeynalyan və qısa müddət əvvəl “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasındakı mandatından imtina etmiş Vladimir Vardanyan qatılmayacaq.

“Seçki nəticələrinin mübahisələndirilməsi üzrə işə baxan yeddi hakim demək olar ki, gecə-gündüz siyasi yeddi qüvvənin təqdim etdiyi müraciətləri öyrənir. Prosesdən kənarda qalan Artak Zeynalyan və Vladimir Vardanyan isə Konstitusiya Məhkəməsində baxılan digər işlərlə məşğul olurlar. Nəşrimizin məlumatına görə, məhkəmədə ümumi atmosfer nisbətən sakit qiymətləndirilsə də, işin həcmi və ictimai əhəmiyyəti hakimlərdən maksimum diqqət tələb edir”, - deyə nəşr bildirib.

Nəşr xatırladıb ki, seçki nəticələrinə etiraz edən yeddi siyasi qüvvənin müraciətləri bir icraatda birləşdirilib və iyunun 26-da eyni məhkəmə iclasında araşdırılacaq.

“İş üzrə məruzəçi Konstitusiya Məhkəməsinin sədr müavini Edqar Şatiryan təyin edilib. Əsas cavabdeh tərəf qismində Mərkəzi Seçki Komissiyası tanınıb. Bundan əlavə, prokurorluğun, Daxili İşlər Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin nümayəndələri də məhkəmə qarşısında çıxış edəcəklər”, - deyə nəşr qeyd edib.

Məqalədə vurğulanır ki, müraciətlərin böyük əksəriyyətində əsas tələb Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrini təsdiqləyən qərarının etibarsız sayılmasıdır. Bəzi siyasi qüvvələr isə seçkilərin ikinci turunun keçirilməsini tələb edirlər.

“Qanuna əsasən, Ali Məhkəmə müraciətin daxil olduğu tarixdən etibarən 15 gündən gec olmayaraq qərar qəbul etməlidir. Konstitusiya Məhkəməsi ya Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlaya, ya da onu etibarsız elan edə bilər. Sonuncu halda seçkilərin nəticələri etibarsız sayıla, mandatların bölgüsü üçün yeni qayda müəyyən edilə və ya seçkilərin ikinci turu təyin oluna bilər.

Hazırda məlum olan budur ki, seçki nəticələrinin mübahisələndirilməsi üzrə işə yeddi hakimin iştirakı ilə baxılacaq və yekun qərarı da məhz bu tərkib qəbul edəcək. Həmin qərarın iyulun 4-də açıqlanacağı gözlənilir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi  


Bizi "telegram"da izləyin