Ermənistanda kazino qalmaqalı: Paşinyan Tsarukyanın milyardlıq obyektinin lisenziyasını ləğv etdi

2026/06/1782274692.jpg
Oxunub: 306     08:17     24 İyun 2026    
“Son həftələrdə aydın görünür ki, Nikol Paşinyan siyasi təzyiqlər çərçivəsində “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın iqtisadi aktivlərinə qarşı siyasət yürütməyə başlayıb və onu siyasi mübarizədən uzaq saxlamağa çalışır. Bu prosesin növbəti təzahürü “Şanqri La” kazinosunun lisenziyasının ləğv edilməsi olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, bu hekayədə diqqətçəkən yalnız qərarın özü deyil, həm də bu barədə ictimaiyyətə ilk məlumat verən şəxsin kim olmasıdır.

“Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan demək olar ki, qalibiyyət tonunda “Şanqri La” kazinosunun lisenziyasının qüvvədən düşdüyünü elan edib”, - deyə müəllif bildirib.

Vurğulanır ki, ilk baxışdan bu, adi rəsmi açıqlama təsiri bağışlasa da, iqtisadiyyata cavabdeh olan nazirin 500-dən çox insanın işsiz qalmasına və dövlətin əhəmiyyətli vergi gəlirlərini itirməsinə səbəb olan qərardan məmnunluq ifadə etməsi suallar doğurur.

“Əgər bunu Vətəndaş Müqaviləsi partiyasından olan deputat və ya hər hansı siyasi fiqur desəydi, bunu növbəti siyasi ritorika kimi qəbul etmək olardı. Lakin eyni bəyanatı iqtisadiyyat naziri verəndə mənzərə, yumşaq desək, acınacaqlı görünür”, - deyə nəşr qeyd edib.

“Joğovurd”un araşdırmasına görə, “Şanqri La” kazinosunda 500-dən çox əməkdaş çalışır və müəssisə hər il dövlət büdcəsinə təxminən 6 milyard dram vergi ödəyir.

“Belə çıxır ki, nazir faktiki olaraq yüzlərlə vətəndaşın işsiz qalmasına, dövlət büdcəsinin isə milyardlarla dram vergi gəlirindən məhrum olmasına səbəb olan qərarı ictimaiyyət qarşısında elan edir”, - deyə materialda bildirilib.

Müəllifin fikrincə, iqtisadiyyata cavabdeh olan vəzifəli şəxs iş yerlərinin qorunması, investisiya mühitinin sabitliyi və vergi daxilolmalarının təmin olunması ilə bağlı narahatlıq ifadə etmək əvəzinə, siyasi məzmun daşıyan qərarın təbliği ilə məşğul olur.

Məqalədə daha sonra xatırladılır ki, cəmi bir neçə il əvvəl eyni “Şanqri La” müəssisəsi Paşinyan hökuməti üçün o qədər əhəmiyyətli idi ki, hökumət onun fəaliyyətinin bərpasına şəxsən müdaxilə etmişdi.

“2022-ci il iyulun 7-də keçirilən iclasda hökumət Qaqik Tsarukyana məxsus “Şanqri La” kazinosunun yığılmış 4,2 milyard dram cəriməsinin dövlət büdcəsi hesabına kompensasiya edilməsinə qərar vermişdi ki, müəssisə fəaliyyətini bərpa edə bilsin”, - deyə nəşr vurğulayıb.

Qeyd olunur ki, həmin vaxt maliyyə nazirinin müavini Arman Poğosyan müvafiq qərarı təqdim etmiş və əvvəlki ilin vergi öhdəliklərinin ödənilməsi məqsədilə ayrılan vəsait 4,2 milyard dram artırılmışdı. Sonradan bu məbləğ 5,6 milyard drama çatmışdı.

“Yəni 2022-ci ildə eyni hakimiyyət “Şanqri La”nın fəaliyyətini qorumağa çalışırdı, çünki onun iqtisadi əhəmiyyətini, yaratdığı iş yerlərini və təmin etdiyi vergi gəlirlərini anlayırdı. Bu gün isə həmin hakimiyyətin nümayəndələri demək olar ki, sevinclə bu qurumun bağlanmasını elan edirlər”, - deyə nəşr yazıb.

Müəllif sonda belə bir sual qaldırır: “Bir siyasi qərar nəticəsində 500-dən çox insan işini itirirsə, dövlət isə hər il təxminən 6 milyard dram vergi gəlirindən məhrum olursa, Ermənistan iqtisadiyyatı bundan nə qazanır?”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kazino  


Bizi "telegram"da izləyin