Ukrayna cəbhəsindən uzaq, amma Pentaqonun hədəfində: “Yasen-M” qayıqları Qara dənizdən niyə gizlədilir?

2026/06/Ekran-1782244683.jpg
Oxunub: 175     00:04     24 İyun 2026    
Rusiya Hərbi Dəniz Qüvvələri ümumilikdə 12 ədəd “Yasen” sinfinə məxsus sualtı qayığa sahib olmağı planlaşdırır. Lakin onların heç biri Ukraynaya qarşı istifadə edilə biləcək strateji əhəmiyyətli Qara dəniz donanmasının tərkibində deyil.

Rusiya Hərbi Dəniz Qüvvələri nüvə enerjisi ilə işləyən və dizel-elektrik mühərrikli sualtı qayıqlardan ibarət güclü sualtı qüvvələrini qoruyub saxlayır. Bu imkanlar daha da genişlənə bilər. Belə ki, “Sevmaş” gəmiqayırma zavodu “Yasen-M” layihəsinə aid çoxməqsədli nüvə enerjili qanadlı raket daşıyan yeni sualtı qayığın inşasına başlandığını elan edib.

Rusiya Müdafiə Nazirliyi TASS agentliyinə açıqlamasında bildirib: “2026-cı il iyunun 17-də “Sevmaş” gəmiqayırma zavodunda “Yasen-M” layihəsinə aid çoxməqsədli nüvə enerjili sualtı raket kreyseri “Murmansk”ın təməlqoyma mərasimi keçirilib. Nüvə enerjili sualtı qayığa bu ad Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, Donanma Admiralı Aleksandr Moiseyevin əmri ilə verilib”.

Nazirliyin məlumatına görə, “Murmansk” “Yasen-M” layihəsinin doqquzuncu sualtı qayığıdır.

“Yasen-M” (Layihə 885M) sualtı qayığının xüsusiyyətləri

İstismara qəbul edilmə tarixi: 2014 (Severodvinsk)

İnşa edilmiş sayı: 6 (ümumilikdə 12 planlaşdırılır)

Suüstü subasımı qabiliyyəti: 8600 ton

Sualtı subasımı qabiliyyəti: 13 800 ton

Uzunluğu: 130 metr

Eni: 13 metr

Güc qurğusu: 4-cü nəsil KTP-6 təbii dövriyyəli reaktor və OK-650KPM təzyiqli su reaktoru

Sürəti:

- Suüstü vəziyyətdə 20 düyün
- Sualtı vəziyyətdə 31-35 düyünədək

Silahlanma:

Şaquli buraxılış sistemi (VLS):

UKSK sistemi ilə təchiz edilmiş 8 borudan ibarətdir və 32 raket daşıya bilir. Hər hüceyrədə 4 raket yerləşdirilə bilir. Sistem 3M22 “Zircon” hipersəs raketləri, P-800 “Oniks” səsdən sürətli gəmi əleyhinə raketləri və “Kalibr” qanadlı raketləri ilə uyğunlaşdırılıb.

Torpedo qurğuları:

10 ədəd 533 mm çaplı ağır torpedo aparatı. UGST-M (Futlyar) tipli ağır torpedoların, raket-torpedoların və dəniz minalarının tətbiqinə imkan verir.

Sensorlar:

Sualtı qayıq ön hissənin böyük hissəsini əhatə edən yüksək həssaslıqlı “İrtış/Amfora” sferik burun sonar kompleksi ilə təchiz olunub.

Ekipaj:

64 nəfər.


Rusiya rəsmiləri “Sevmaş”ın imkanlarını tərifləyirlər

Rusiyanın ən böyük gəmiqayırma zavodu olan “Sevmaş” ölkənin şimal-qərbində yerləşən Arxangelsk vilayətinin Severodvinsk şəhərində, Ağ dəniz sahilində, Şimali Dvina çayının mənsəbində yerləşir.

Məhz bu zavod “Kazan” daxil olmaqla bütün 885M layihəli sualtı qayıqları inşa edib. Hazırda girişə məhdudiyyət qoyulmuş limanda dörd yeni nüvə enerjili qanadlı raket daşıyan sualtı qayıq tikilir.

Bu yaxınlarda keçirilən təməlqoyma mərasimində Donanma Admiralı Aleksandr Moiseyev Rusiyanın dünyanın “ən yaxşı nüvə enerjili sualtı qayıqlarını” istehsal etdiyini vurğulayıb və qeyd edib ki, belə texnikanı inşa etmək hər ölkənin imkanında deyil.

Moiseyev bildirib: “Belə gəmilər, xüsusilə də nüvə enerjili sualtı qayıqlar inşa etmək hər ölkənin bacaracağı iş deyil. Biz ən yaxşı gəmiləri, ən yaxşı nüvə enerjili sualtı qayıqları tikirik. Bu, bütün ölkəmizin böyük, inqilabi və kollektiv əməyinin nəticəsidir”.

Hər hansı gəmini “ən yaxşı” adlandırmaq müəyyən qədər subyektiv yanaşma sayılsa da, Moiseyev Rusiyanın sualtı qayıq imkanlarının dünya səviyyəsində olduğunu vurğulamaq baxımından tamamilə haqsız deyil.

Hazırda yalnız altı ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Hindistan) nüvə enerjili sualtı qayıqlar istehsal edib. Bununla yanaşı, ABŞ, Böyük Britaniya və Avstraliyanın iştirak etdiyi AUKUS proqramı gələcəkdə Avstraliyanı da bu elit qrupa daxil edə bilər.

Bundan əlavə, Braziliya, Cənubi Koreya və Şimali Koreya da öz nüvə enerjili sualtı qayıqlarını hazırlamaq istiqamətində fəaliyyət göstərirlər. Hazırda ABŞ-də nüvə enerjili sualtı qayıqlar inşa edə bilən iki gəmiqayırma müəssisəsi fəaliyyət göstərir:

- Konnektikut ştatının Qroton şəhərində yerləşən “General Dynamics Electric Boat”
- Virciniya ştatının Nyuport-Nyus şəhərində yerləşən “Huntington Ingalls Industries Newport News Shipbuilding”

“Yasen” sinfi Rusiya Hərbi Dəniz Qüvvələrinın qürurudur

Rusiya uzun illərdir “Yasen-M” sinfinə məxsus nüvə enerjili qanadlı raket daşıyan sualtı qayıqların imkanlarını xüsusi vurğulayır. Layihənin hazırlanmasına Soyuq müharibənin son dövründə Leninqradda yerləşən “Malaxit” Konstruktor Bürosu tərəfindən başlanılıb.

885 layihəsinin məqsədi Sovet donanmasının inventarında olan və artıq köhnələn “Akula” sinfinə məxsus nüvə enerjili hücum sualtı qayıqlarını əvəz edəcək yeni sinif yaratmaq idi.

Sovet İttifaqının dağılmasından sonra layihənin inkişafı ciddi şəkildə ləngidi. 885 layihəsinin ilk sualtı qayığı olan “Severodvinsk”in təməli 1993-cü ildə qoyulsa da, Soyuq müharibədən sonrakı maliyyə böhranı səbəbindən layihə on ildən çox müddət ərzində demək olar ki, dayanmış vəziyyətdə qaldı.

Yalnız 2000-ci illərin sonlarında Kreml bu layihəyə yenidən qayıda bildi. “Severodvinsk” nəhayət 2010-cu ilin iyununda suya buraxıldı və 2013-cü ilin dekabr ayının sonunda xidmətə qəbul edildi. Sualtı qayıq 2014-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələrinın tərkibinə daxil oldu.

Uzun istehsal gecikməsi nəticəsində 885 layihəsinin sualtı qayıqları demək olar ki, köhnəlmiş hesab olunmağa başlamışdı. Buna görə proqram modernizasiya edildi. Təkmilləşdirilmiş 885M layihəsinin ilk nümayəndəsi olan “Kazan” da müəyyən gecikmələrlə üzləşsə də, “Severodvinsk”lə müqayisədə təxminən iki dəfə daha qısa müddətdə, səkkiz il ərzində inşa edildi.

“Yasen-M” versiyası yenilənmiş elektron sistemlərə, bir qədər qısaldılmış korpusa və səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığı hesab edilən yeni KTP-6 reaktoruna malikdir.

Təkmilləşdirilmiş 885 layihəli sualtı qayıqlar həmçinin “Severodvinsk”in tikintisinə başlanılan 1993-cü ildən sonra ortaya çıxan yeni texnoloji nailiyyətlərdən istifadə edir.

Sovet dövrünün sonlarında istehsal olunan köhnə hücum tipli sualtı qayıqlardan fərqli olaraq, 885 və 885M layihələri çoxməqsədli platforma kimi hazırlanıb. Bu qayıqlar müxtəlif silah sistemlərini, o cümlədən ən müasir uzaqmənzilli “Zircon” hipersəs qanadlı raketlərini daşıya bilir.

“Kazan” və ondan sonra inşa edilən sualtı qayıqlar 8 ədəd SM-346 modulundan ibarət UKSK (3P-14B) şaquli buraxılış sistemi ilə təchiz olunub. Bu universal şaquli buraxılış sistemi sualtı qayığa ümumilikdə 32 raket hüceyrəsi təmin edir. Hər modul 4 ədəd P-800 “Oniks” gəmi əleyhinə raket və ya 5 ədəd 3M54-1 “Kalibr” qanadlı raketini daşıya və buraxa bilir.

Admiral Moiseyev bildirib: “Bu layihənin sualtı qayıqlarında yerli elmin ən qabaqcıl nailiyyətləri, texnologiyalar və unikal konstruktor həlləri tətbiq olunub. Bunlar həm müstəqil şəkildə, həm də müxtəlif qoşun növlərinin birgə dəniz qruplaşmalarının tərkibində Hərbi Dəniz Qüvvələrinin bütün vəzifələrini dünyanın demək olar ki, istənilən bölgəsində yerinə yetirə bilən, eyni zamanda görünməz qalan qabaqcıl və effektiv dəniz döyüş sistemləridir”.

Hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinın tərkibində beş ədəd “Yasen” sinfinə məxsus nüvə enerjili sualtı qayıq xidmət göstərir. Daha dörd qayıq isə müxtəlif tikinti mərhələlərindədir.

Moiseyev qeyd edib: “Daha dörd qayıq müxtəlif tikinti mərhələlərindədir. Dövlətin və Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını ödəmək üçün proqram hər il belə gəmilərin təməlinin qoyulmasını nəzərdə tutur”.

Məlumata görə, hazırda tikilən sualtı qayıqlar gələcəkdə Rusiya Hərbi Dəniz Qüvvələrinın Şimal və Sakit Okean donanmalarının tərkibində xidmət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yasen-M   Rusiya   HDQ  


Bizi "telegram"da izləyin