Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Nikol Paşinyanın seçkiqabağı dövrdə Kilsəyə qarşı apardığı kampaniyanın müvəqqəti dayandırılması sorğuların bu kampaniyanın “Vətəndaş Müqaviləsi” partiyasına zərər verdiyini göstərməsi ilə bağlı idi. Lakin Paşinyanın katolikosu vəzifədən uzaqlaşdırmaq fikrindən daşınmadığı hər kəsə aydın idi”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, II Qareginə yaxın çevrədən nəşrə müəyyən məlumatlar verilib.
“Bizə bildirilib ki, Paşinyanın pirus qələbəsi kimi xarakterizə edilən nəticədən xəbər tutduqdan sonra II Qaregin yaxın ətrafına deyib ki, tezliklə onun ardınca gələcəklərini bilir. Lakin onu hətta öldürməyə cəhd etsələr belə, könüllü şəkildə istefa verməyəcək. O, təslim olmaqdansa hətta həbsxanaya düşməyə də hazırdır.
Həmçinin o, əminliyini ifadə edib ki, Paşinyan onun yerinə saxta katolikos təyin edə bilməyəcək. Çünki dini icma belə bir addımı qəbul etməyəcək və buna dözməyəcək”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az