OSINT analitiki: “Zircon” böyük ehtimalla hipersəs qanadlı raketi deyil”

2026/06/Ekran-1782277317.jpg
Oxunub: 216     09:10     24 İyun 2026    
Rusiyanın “Zircon” raketi böyük ehtimalla yüksək manevr qabiliyyətinə malik hipersəs qanadlı raketi deyil, kvaziballistik trayektoriya üzrə hərəkət edən ballistik raketdir.

Ordu.az xəbər verir ki, bu qənaətə raket texnologiyaları üzrə ixtisaslaşmış müstəqil OSINT analitiki Fabian Hinz gəlib.

Analitikin araşdırmasına görə, hazırda bu raketin xüsusiyyətləri və konstruksiyası barədə müstəqil şəkildə təsdiqlənmiş məlumatlar mövcud deyil.

Ukrayna tərəfinin qiymətləndirmələrinə əsasən, raket təxminən 5,5 “Mach” sürətlə uçur, hədəf bölgəsinə daxil olmamışdan əvvəl qısa müddət ərzində 7,5 “Mach” sürətə qədər sürətlənir və zərbə anına yaxın sürəti təxminən 4,5 “Mach”a qədər azalır.

Mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış versiya “Zircon”un hava ilə işləyən reaktiv mühərrikə malik hipersəs qanadlı raketi olmasıdır. Bu isə Rusiyanın son dərəcə mürəkkəb scramjet mühərrik texnologiyasına yiyələndiyi anlamına gəlir.

Araşdırmada qeyd olunur ki, ikinci versiyaya əsasən “Zircon” əslində hipersəs raketi deyil, P-800 “Onyx” gəmi əleyhinə raketinin inkişaf etdirilmiş yüksək sürətli səsdən sürətli variantıdır.

Üçüncü versiyaya görə isə raket ümumiyyətlə qanadlı raket deyil və kvaziballistik trayektoriyaya malik ballistik raket sinfinə aiddir.

Belə raketlər qaz turbinli mühərrik əvəzinə bərk yanacaqlı raket mühərrikindən istifadə edir. Bununla yanaşı, onlar klassik ballistik trayektoriya üzrə hərəkət etmir, atmosferdə planerləmə və aktiv manevrləri birləşdirir.

Analitik bildirir ki, bu xüsusiyyət raketin trayektoriyasını daha qeyri-proqnozlaşdırılan edir və onun məhv edilməsini çətinləşdirir.

Fabian Hinz qeyd edir ki, rəsmi məlumatların az olmasına baxmayaraq, açıq mənbələrdə mövcud olan materiallar sistem barədə müəyyən nəticələr çıxarmağa imkan verir.

Araşdırmada vurğulanır ki, “Zircon”la bağlı materiallarda tez-tez raketin “Decilin-M” adlı maye yanacaqdan istifadə etdiyi iddia olunur. Lakin analitik bu məlumatın müxtəlif xəbərlərin bir-birinə qarışdırılması nəticəsində formalaşdığını bildirib.

Məlumata görə, 2023-cü ildə Rusiya hökuməti “Soyuz” Federal İkili Təyinatlı Texnologiyalar Mərkəzinin rəhbəri Yuri Milexinə “Əmək Qəhrəmanı” adı verib. Fərmanda onun “Zircon” raketi üçün innovativ yüksək enerjili bərk yanacaq hazırlanmasında rol oynadığı qeyd olunub.

Analitik raketin bərk yanacaqlı mühərrikdən istifadə etdiyini göstərən digər amil kimi hava giriş kanalının olmamasını göstərib.

Onun sözlərinə görə, Rusiyanın yayımladığı buraxılış görüntüləri və raket qalıqlarının fotolarında səsdən sürətli və hipersəs qanadlı raketlər üçün zəruri olan hava giriş qurğusu müşahidə edilmir.

Bundan əlavə, “Zircon”un burun hissəsində P-800 “Onyx” raketində olduğu kimi halqavari hava giriş kanalının yerləşdiyi barədə iddiaların da sübut olunmadığı qeyd edilir.

Araşdırmada “NPO Maşinostroyeniya” şirkətinin təkcə hava ilə işləyən mühərriklərə malik raketlər deyil, həm də kvaziballistik gəmi əleyhinə raketlər üzrə patentlərə sahib olduğu vurğulanır.

Məlumata görə, şirkət hələ 1999-cu ildə iki pilləli bərk yanacaqlı kvaziballistik gəmi əleyhinə raket üçün patent alıb. 2011-ci ildə isə 20 kilometrdən yüksək yüksəkliklərdə hipersəs və yüksək səsdən sürətli uçuş zamanı manevr sisteminə dair patent qeydiyyatdan keçirilib.

Fabian Hinz hesab edir ki, Ukraynada tapılmış raket qalıqları “Zircon”un mühərrik tipi ilə bağlı ən güclü sübutlardan biridir.

O bildirib ki, Kiyev Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun nümayiş etdirdiyi qalıqlar arasında bərk yanacaqlı raket mühərrikinin ön qapağına bənzəyən detal müəyyən edilib.

Analitikin fikrincə, həmin detalda birbaşa axınlı hava reaktiv mühərriki üçün zəruri olan mərkəzi hava giriş kanalı yoxdur. Araşdırmanın sonunda vurğulanır ki, hipersəs və qeyri-hipersəs sistemlər arasında sadələşdirilmiş bölgü real vəziyyəti tam əks etdirmir.

Fabian Hinz qeyd edib ki, hətta hipersəs qanadlı raketi hesab edilməyən və daha az manevr qabiliyyətinə malik kvaziballistik raketlər belə hava hücumundan müdafiə sistemləri üçün ciddi problem yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zircon   Rusiya  


Bizi "telegram"da izləyin