Ermənistan KİV-i: Müxalifət qanunla nəzərdə tutulan vəzifələri qəbul edəcəkmi?

2026/06/1782280529.jpg
Oxunub: 199     09:56     24 İyun 2026    
“Müxalifət düşərgəsində parlament mandatlarının qəbul olunub-olunmaması ilə yanaşı, qanunla nəzərdə tutulan rəhbər vəzifələrin tutulması məsələsi də müzakirə mövzusuna çevrilib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrə görə, nümayəndə mandatlarının qəbul edilib-edilməməsi ilə bağlı gündəmdə olan məsələ ilə yanaşı, başqa bir sual da aktuallığını qoruyur: müxalifət qanunla ona çatmalı olan vəzifələri tutmağa razı olacaqmı?

“Söhbət parlament sədrinin müavini postundan, bu halda Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasına düşəcək vəzifədən, eləcə də daimi komissiyaların sədr və sədr müavini postlarından gedir. Samvel Karapetyanın komandasından bildirilsə də ki, məsələ hələ müzakirə edilməyib, əldə etdiyimiz məlumata görə, bu mövzuda da vahid mövqe yoxdur”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, müxalifət daxilində bir qrup bu məsələyə daha radikal yanaşır.

“Müxalifətçilərin bir hissəsi hesab edir ki, bu vəzifələri qəbul etmək rahat mövqedə qərarlaşmaq və növbədənkənar siyasi inkişaflar barədə düşünməkdən imtina etmək deməkdir. Buna görə də həmin postların boykot edilməsi daha doğru addım sayılır. Xüsusilə də ötən parlamentin təcrübəsi göstərdi ki, belə vəzifələrin boş qalması hakimiyyət üçün ciddi problem yaratmır və Konstitusiyanın bu tələbinin yerinə yetirilməməsi ilə bağlı hər hansı narahatlıq formalaşdırmır”, - deyə nəşr yazıb.

Nəşr xatırladıb ki, əvvəlki çağırış parlamentdə “Hayastan” blokunun təmsilçiləri müəyyən rəhbər vəzifələr tuturdular.

“Xatırladaq ki, “Hayastan” blokunun komissiya sədrləri və parlament sədrinin müavini İşxan Sağatelyan müxalifətə qarşı təzyiqlərin artdığı dövrdə öz vəzifələrindən könüllü şəkildə imtina etmişdilər. Daha sonra isə “Vətəndaş Müqaviləsi” partiyası “Şərəfim Var” fraksiyasının nümayəndəsi Taquhi Tovmasyanı İnsan Hüquqları Daimi Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırmışdı”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müxalifət  


Bizi "telegram"da izləyin