Tramp: “İran danışıqları davam etdirsə, daha ağıllı addım atmış olar”

2026/05/1779950914.jpg
Oxunub: 230     08:31     24 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın danışıqları davam etdirməsinin daha məqsədəuyğun olacağını bildirib və əks halda hərbi əməliyyatların qısa müddətdə yekunlaşa biləcəyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tramp Pensilvaniya ştatında yerləşən “Mack Trucks” zavoduna səfəri zamanı danışıb.

Bu səfər İranla müharibənin dayandırılmasına dair aralıq razılaşmanın imzalanmasından sonra onun Vaşinqtondan kənarda keçirdiyi ilk iri ictimai tədbir olub.

Tramp çıxışında həm iqtisadi məsələlərə, həm də İran ətrafında davam edən siyasi və hərbi proseslərə toxunub.

“İran danışıqları davam etdirsə, daha ağıllı addım atmış olar. Əks halda biz işi başa çatdırmalı olacağıq və bu, yəqin ki, bir həftədən də az vaxt aparacaq”, - deyə ABŞ Prezidenti bildirib.

O qeyd edib ki, Vaşinqtonun İrana münasibətdə siyasəti effektivdir və gərginliyin pik həddindən sonra vəziyyət nəzarət altındadır.

Tramp həmçinin neft bazarındakı vəziyyətə diqqət çəkərək bildirib ki, gərginliyin azalması fonunda bazarda sabitləşmə müşahidə olunur.

ABŞ Prezidenti bir daha İranın nüvə proqramı mövzusuna toxunaraq Vaşinqtonun və müttəfiqlərinin Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini vurğulayıb. O, diplomatik prosesin davam etdiriləcəyinə də ümid etdiyini bildirib.

İranla bağlı mövzularla yanaşı, Tramp zavod işçiləri qarşısında ABŞ sənayesi, daxili siyasət və qarşıdan gələn aralıq seçkilərlə bağlı çıxış edib.

O, Respublikaçılar Partiyasının namizədlərinə dəstək verməyə hazır olduğunu və əsas seçki dairələri üzərində nəzarətin vacibliyini vurğulayıb.

Çıxış zamanı Trampın katoliklər və müsəlmanlarla bağlı dediyi sözlər də medianın diqqətini cəlb edib.

“Bizdə katoliklər və müsəlmanlar var, bir qədər fərqlidirlər”, - deyə Tramp bildirib.

Bu ifadə konkret izah verilmədən səsləndirildiyi üçün KİV-lərdə geniş müzakirələrə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin