ABŞ ordusu Ukraynadakı müharibə şəraitini təqlid edən poliqonlar yaradacaq

2026/06/1782275251.jpg
Oxunub: 221     08:29     24 İyun 2026    
ABŞ ordusu yaxın 4-6 həftə ərzində ölkə ərazisində Ukraynadakı döyüş meydanını xatırladan şəraitə malik ən azı iki poliqon yaratmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” ABŞ ordusunun naziri Den Driskollun açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, həmin platformalarda radioelektron mübarizə sistemlərinin və “mürəkkəb mühitin” şəraiti modelləşdiriləcək. Eyni zamanda pilotsuz uçuş aparatlarının və onlara qarşı mübarizə sistemlərinin hazırlanması ilə məşğul olan şirkətlərin birgə sınaqları keçiriləcək.

Driskoll bildirib ki, hərbçilər də həmin poliqonlarda təlim keçərək texnologiya istehsalçıları ilə birbaşa əməkdaşlıq edə biləcəklər.

Nazir əlavə edib ki, ABŞ-də artıq təhlükəsiz sınaq məkanları mövcuddur. Bununla belə, ordu daha “aqressiv sınaqlar”, o cümlədən hipersəs sistemlərinin yoxlanılması üçün ölkə xaricində də poliqonların yaradılması imkanlarını nəzərdən keçirir.

Məlumata görə, ABŞ hərbçilərinin pilotsuz uçuş aparatlarına qarşı mübarizə üzrə hazırkı hazırlıq proqramlarının bir hissəsinə radioelektron basdırma vasitələri daxil deyil. Buna səbəb ölkə daxilində siqnal qarışdırıcı sistemlərin istifadəsinin qanunvericiliklə məhdudlaşdırılmasıdır.

Qeyd olunur ki, bu açıqlamalar ordunun Pentaqonun pilotsuz uçuş aparatı və raketlərin məhv edilməsi sistemlərinə olan tələbatını müzakirə etmək üçün müdafiə sənayesi nümayəndələri ilə keçirdiyi görüş zamanı səsləndirilib.

Ordunun Strateji Təhdidlər Ofisinin nümayəndəsi Dueyn Heyz bildirib ki, Rusiya ayda təxminən 3-5 min “Shahed” tipli kamikadze pilotsuz uçuş aparatı və 600 minə yaxın FPV tipli daha kiçik pilotsuz uçuş aparatı istehsal edir. Onun sözlərinə görə, Ukrayna buna cavab olaraq hər ay təxminən 30 min ədəd önləyici pilotsuz uçuş aparatı istehsal edir.

Heyz vurğulayıb ki, ABŞ yüksək dəqiqlikli və bahalı silah sistemlərinin istehsalında güclü mövqeyə malikdir. Bunlara “Patriot” və THAAD kompleksləri daxildir. Həmin sistemlərin raketlərinin birinin qiyməti 4-5 milyon dollara çata bilir.

Bununla belə, onun fikrincə, müasir münaqişələrdə kütləvi şəkildə istifadə oluna bilən və daha ucuz önləyici vasitələrə də ehtiyac var.

Ukraynadakı müharibə və İranla qarşıdurma fonunda ABŞ müdafiə sektorunda silah istehsalının sürəti və xərc məsələlərinə diqqət daha da artıb. Donald Tramp iri müdafiə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib və yaxın vaxtlarda yeni müzakirələr aparmağı planlaşdırır.

Pentaqon da paralel olaraq daha ucuz tutma sistemlərinin hazırlanması üçün geniş şirkət dairəsindən təkliflər toplayır.

Driskoll qeyd edib ki, yeni həllər mövcud sistemləri əvəz etməyəcək, onları tamamlayacaq. O, bunu ordunun arsenalındakı Ferrari avtomobili ilə müqayisə edərək, daha kütləvi və ucuz alternativlərə də ehtiyac olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Ukrayna  


Bizi "telegram"da izləyin