Tramp İranla danışıqlarda irəliləyiş və Hörmüz boğazından rekord həcmdə neft daşınması barədə danışıb

2026/06/1782275190.jpg
Oxunub: 204     08:26     24 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyaya səfəri zamanı jurnalistlərə açıqlamasında amerikalıların İrana qarşı sərt siyasəti və bu ölkənin nüvə silahı əldə etməsinin qarşısının alınmasını dəstəklədiklərini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti hərbi əməliyyatların maliyyələşdirilməsinin artırılması ehtimalı ilə bağlı sualı cavablandırarkən danışıb.

CNN müxbirinin ABŞ vətəndaşlarının maliyyə çətinlikləri fonunda “əbədi müharibə” üçün əlavə 80 milyard dollar xərclənməsini dəstəkləyib-dəstəkləmədikləri barədə sualına cavab verən Tramp əvvəlcə telekanalı tənqid edib, daha sonra isə belə siyasətə dəstəyin yüksək olduğunu bildirib.

“Onlar bunu yalnız dəstəkləmirlər, hətta tələb edirlər. Çünki heç kim İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Problem görmək istəyirsinizsə, onlara nüvə silahı verin. İranla işlərimiz çox yaxşı gedir. Onlar darmadağın edilmişdilər və biz onlarla razılaşma əldə edirik. Hər şeyin necə inkişaf edəcəyini görəcəyik.

Hazırda, yəqin ki, dünən eşitdiyiniz kimi, Hörmüz boğazından 19 milyon barel neft keçib. Bu, boğaz tarixində ən yüksək göstəricidir. Fond bazarımız rekord səviyyələrdədir, neftin qiyməti isə aşağı düşür. Bu gün qısa müddət ərzində bir barel neftin qiyməti təxminən 70 dollardan da aşağı olub. Ən vacibi isə odur ki, İran nüvə silahı əldə etməyəcək”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin