Mütəxəssislər: “Ov tüfəngləri iri FPV tipli PUA-lara qarşı effektiv deyil”

2026/06/Ekran-1782276945.jpg
Oxunub: 214     08:53     24 İyun 2026    
Hərbi mütəxəssislər bildirirlər ki, hamar lüləli ov tüfəngləri Rusiyanın yeni nəsil FPV tipli Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı getdikcə daha az effektiv olur.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 151-ci Təlim Mərkəzinin hazırlıq və təlim qrupunun rəhbəri Roman Donik məlumat verib.

Onun fikirləri “About Weapons” ixtisaslaşmış teleqram kanalının müəllifləri tərəfindən də təsdiqlənib.

Məlumata görə, Rusiya qüvvələri cəbhənin bəzi istiqamətlərində 15 düymlük optik liflə idarə olunan FPV tipli PUA-lardan istifadə etməyə başlayıb.

Bildirilib ki, bu aparatlarda istifadə olunan yüksək partlayıcı döyüş başlığının çəkisi və dağıdıcı gücü TM-62 tank əleyhinə minaya yaxın səviyyədədir. Həmçinin rus operatorlarının bu PUA-ları qoruyucu torlardakı boşluqlardan keçirərək birbaşa yollar üzərində idarə etməsi halları da qeydə alınıb.

Roman Donikin sözlərinə görə, belə PUA-ların 10-15 metr məsafədə partlaması hərbçilər üçün ölümcül təhlükə yaradır. “Partlayıcının yüksək enerjisi və aparatın böyük kütləsi səbəbindən PUA yaxınlıqda partlayarsa, atəş açan şəxsin sağ qalmaq şansı qalmır”, - deyə o bildirib.

Mütəxəssislər qeyd edirlər ki, vəziyyəti çətinləşdirən digər amil Ukrayna hərbçilərinə verilən bəzi patronların iri hava hədəflərini vurmaq üçün kifayət qədər güclü olmamasıdır.

“About Weapons” kanalının müəllifləri bildiriblər ki, mövcud təlimatlarda hələ də 1-5 nömrəli ov saçmalarından istifadə tövsiyə olunur. Lakin bu qaydalar əsasən 7 düymlük FPV tipli PUA-ların və “Mavic” tipli kəşfiyyat kvadrokopterlərinin geniş yayıldığı dövrdə hazırlanıb.

Onların sözlərinə görə, iri döyüş PUA-larının meydana çıxması ilə hava hədəflərini təhlükəsiz şəkildə vurmaq üçün minimum məsafə artıq 40-50 metr olmalıdır. Mütəxəssislər belə hallarda hərbçilərə sığınacaqda qalaraq yalnız standart avtomatik yivli silahlardan istifadə etməyi tövsiyə edirlər.

Qeyd olunur ki, 15 düymlük iri PUA-ları 50-100 metr məsafədə yivli silahla vurmaq daha asandır. Bununla belə, bəzi mobil atəş qruplarının ümumiyyətlə avtomatik silah daşımadığı və tam şəkildə ov tüfənglərinə güvəndiyi hallar da müşahidə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FPV   PUA  


Bizi "telegram"da izləyin