Fransa Çinin doqquz gizli polis məntəqəsini aşkarlayıb

2026/06/Ekran-1782277096.jpg
Oxunub: 205     09:00     24 İyun 2026    
Fransa ərazisində fəaliyyət göstərən və Pekinin xaricdə yaşayan dissidentləri izləmək, həmçinin onları Çinə qayıtmağa məcbur etmək üçün istifadə etdiyi iddia olunan doqquz gizli Çin polis məntəqəsi bağlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Məlumata görə, Fransa əks-kəşfiyyat orqanları Çinin ölkədə artan təsir və kəşfiyyat fəaliyyətləri ilə bağlı bir il davam edən araşdırmadan sonra bu ilin əvvəlində həmin məntəqələrin fəaliyyətini dayandırıb.

Bildirilir ki, qeyri-rəsmi məntəqələr Çin İctimai Təhlükəsizlik Nazirliyinin nəzarəti altında fəaliyyət göstərib və onların bir hissəsi Paris də daxil olmaqla Çin icma və mədəniyyət təşkilatlarının daxilində gizlədilib.

Bu strukturların Fransada yaşayan təxminən 600 min nəfərlik Çin diasporuna nəzarət etdiyi, Çin hökumətinin əleyhdarlarını müəyyənləşdirdiyi, kəşfiyyat məlumatları topladığı və məlumat verən şəxslər cəlb etdiyi iddia olunur.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gizli polis məntəqələrini idarə etməkdə ittiham olunan üç Çin vətəndaşı deportasiya ilə üzləşib. Onlardan ikisi artıq ölkədən çıxarılıb.

İyunun 9-da Fransa Dövlət Şurasında keçirilən dinləmədə hökumət nümayəndəsi üçüncü şəxs barəsində də deportasiya qərarının qüvvədə saxlanmasını tövsiyə edib.

Fransa hökumətinin məlumatına əsasən, 57 yaşlı Ni Çaoven Çinin Fuczyan əyalətini təmsil edən biznes assosiasiyası adı altında gizli polis məntəqəsi fəaliyyət göstərdirib.

Araşdırma zamanı təşkilat üzvlərinin “Fucou Xarici Polis Xidməti Məntəqəsi” yazılmış lövhənin qarşısında çəkilmiş fotosu aşkar edilib.

Bildirilir ki, 2024-cü ilin martında Çin agentləri 26 yaşlı dissident Lin Huacanı Şarl de Qoll hava limanında Çinə göndərilən təyyarəyə mindirməyə cəhd göstəriblər.

Məlumata görə, “Overseas 110” kimi tanınan Çin xarici polis şəbəkəsi ilk dəfə 2014-cü ildən etibarən müxtəlif ölkələrdə fəaliyyət göstərməyə başlayıb.

“Safeguard Defenders” təşkilatının 2022-ci il hesabatında qeyd olunub ki, bu məntəqələr Çin hökumətinin həyata keçirdiyi “Tülkü ovu” əməliyyatının bir hissəsidir.

Hesabatda bildirilir ki, həmin strukturlar Pekinin axtardığı şəxslərin izlənməsi, qorxudulması və təzyiq altında saxlanılması üçün istifadə olunub. Agentlərin həmin şəxsləri və onların ailə üzvlərini hədələyərək Çinə qayıtmağa məcbur etdikləri vurğulanır.

Qeyd olunur ki, geri qayıdan şəxslərin bir çoxu sonradan Çin hakimiyyəti tərəfindən saxlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Çin  


Bizi "telegram"da izləyin