Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Məlumata görə, söhbət Konqresin hər iki palatası tərəfindən qəbul edilən birgə qətnamədən gedir. Sənəd qanun statusuna malik deyil və prezidentin imzasını tələb etmir.
Senatda keçirilən səsvermədə qətnamə 50 lehinə və 48 əleyhinə səslə qəbul olunub.
Təşəbbüsü dəstəkləyənlər arasında respublikaçı senatorlar Rend Pol, Syuzan Kollinz, Liza Murkovski və Bill Kessidi də yer alıb. Demokratlardan yalnız Con Fetterman sənədin əleyhinə səs verib.
Bundan əvvəl Nümayəndələr Palatası qətnaməni 215 lehinə və 208 əleyhinə səslə qəbul etmişdi.
Nəşr qeyd edir ki, sənədi dəstəkləyən respublikaçılar ötən həftə Senatın Xarici Əlaqələr Komitəsində irəli sürülmüş oxşar təşəbbüsün də lehinə səs vermişdilər. Həmin təşəbbüs isə kifayət qədər dəstək qazana bilməmişdi.
Son aylarda ABŞ-də prezidentin Konqresin razılığı olmadan başqa dövlətə qarşı uzunmüddətli hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malik olub-olmaması ilə bağlı müzakirələr geniş vüsət alıb.
Tramp administrasiyası hesab edir ki, bu məsələdə prezident üçün məhdudiyyət yoxdur. Bununla yanaşı, bir çox konqresmen belə qərarların yalnız icra hakimiyyəti deyil, həm də qanunverici hakimiyyət tərəfindən təsdiqlənməli olduğunu düşünür.
1973-cü ildə qəbul edilmiş Hərbi Səlahiyyətlər Aktına əsasən, Konqres müharibənin elan edilməsinə və ya hərbi gücdən istifadəyə icazə vermədiyi təqdirdə prezident 60 gündən sonra hərbi əməliyyatları dayandırmalıdır.
Qanun həmin müddətin yalnız bir dəfə, əlavə 30 gün uzadılmasına imkan verir. Bunun üçün prezident Konqresə ABŞ qoşunlarının təhlükəsiz çıxarılması məqsədilə əlavə vaxta ehtiyac olduğunu yazılı şəkildə bildirməlidir.
ABŞ Konqresi indiyədək İrana qarşı hərbi gücdən istifadəyə rəsmi razılıq verməyib. Ağ Ev də belə bir icazənin alınmasının planlaşdırıldığını açıq şəkildə bəyan etməyib.
Sevinc Əliyeva
Ordu.az