Londona “lüks” uçuş qalmaqalı: Ermənistanın maliyyə naziri hansı xidmətin müqabilində özəl bankdan rüşvət kimi hədiyyə alıb?

2026/06/1782279816.jpg
Oxunub: 251     09:45     24 İyun 2026    
“Ermənistanın Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın adına şəxsi təyyarə ilə Londona uçuş xidmətinin hədiyyə kimi rəsmiləşdirilməsi dövlət məmurları ilə iri biznes arasındakı münasibətlərlə bağlı suallar doğurub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşrin araşdırdığı sənədə əsasən, Ermənistanın maliyyə nazirinin adına 567 min 463 dram dəyərində qiymətləndirilmiş hədiyyə, şəxsi təyyarə ilə Londona uçuş rəsmiləşdirilib.

“Bəyannaməyə görə, bu hədiyyə “Ameriabank” tərəfindən bankın London Fond Birjasının aparıcı indeksinə daxil olması münasibətilə təşkil edilmiş tədbir çərçivəsində təqdim olunub”, - deyə nəşr qeyd edib.

Vurğulanır ki, sənəddə səfərin rəsmi və işgüzar xarakter daşıdığı bildirilsə də, bu məlumat bir sıra narahat suallar doğurur.

“İlk növbədə sual yaranır ki, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan niyə özəl şirkətdən şəxsi aviasiya xidməti qəbul etməlidir? Əgər tədbir həqiqətən dövlət əhəmiyyətli idisə və nazirin iştirakı xidməti vəzifələri ilə bağlı idisə, onda səfər xərclərinin dövlət büdcəsi və ya digər rəsmi mexanizmlər hesabına ödənilməsi daha məntiqli olardı. Bəs bu hədiyyə nəyin müqabilində verilib?

İkinci məsələ odur ki, bəyannamədə göstərilən 567 min dram məbləğinin Londona şəxsi təyyarə ilə uçuşun real bazar dəyərini əks etdirdiyinə inanmaq çətindir. Bu səbəbdən həmin məbləğin hansı metodologiya ilə hesablandığı və real xərcləri nə dərəcədə əks etdirdiyi barədə əlavə izahat tələb olunur”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edir ki, söhbət Ermənistanın maliyyə sistemində fəaliyyət göstərən və dövlət qurumları ilə daim işgüzar münasibətlər saxlayan maliyyə təşkilatından gedir.

“Belə şəraitdə hətta qanuni şəkildə rəsmiləşdirilmiş hədiyyə belə maraqlar toqquşması, təsir imkanları və ya imtiyazlı münasibətlərlə bağlı ictimai şübhələr yarada bilər”, - deyə nəşr vurğulayıb.

Məqalədə ən vacib sualın siyasi və mənəvi müstəvidə olduğu qeyd edilir.

“Yüksək dövlət vəzifəsi tutan maliyyə naziri Vahe Hovhannisyan bu cür xidmətləri özəl sektordan qəbul etməlidirmi, hətta sonradan onları lazımi qaydada bəyan etsə belə?

Korruptsiyaya qarşı mübarizə yalnız bəyannamələrin doldurulması demək deyil. Bu həm də ictimai etimadın qorunması məsələsidir. Vətəndaşlar nazirlərin biznes strukturlarının hesabına şəxsi təyyarələrlə xarici tədbirlərə getdiyini gördükdə, təbii olaraq belə bir sual yaranır: rəsmi əməkdaşlıq harada bitir və təsir riski harada başlayır?”, - deyə məqalədə qeyd olunub.

Nəşr sonda vurğulayır ki, hədiyyə qanunvericiliyin tələblərinə uyğun şəkildə bəyan edilsə də, bu, ictimai marağı və əlavə izahatlara olan ehtiyacı aradan qaldırmır.

“İctimaiyyət yalnız faktların qeydə alınmasını deyil, həm də uçuşun hansı şəraitdə təşkil olunduğu, niyə məhz şəxsi aviasiya variantının seçildiyi və dövlətin bu səfəri öz vəsaiti hesabına maliyyələşdirə bilməyib-bilmədiyi barədə tam cavablar gözləyir. Həmin vaxta qədər isə ‘hədiyyə’ adı altında şəxsi təyyarə ilə Londona edilən uçuş çoxsaylı suallar doğurmaqda davam edəcək”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovhannisyan  


Bizi "telegram"da izləyin