KİV: Ermənistan İstintaq Komitəsi zabitin ölüm yerini və ilkin istintaq məlumatlarını gizli saxlayır

2026/06/1781758540.jpg
Oxunub: 244     14:35     20 İyun 2026    
“Ermənistan İstintaq Komitəsi iyunun 10-da baş vermiş zabit ölümü ilə bağlı cinayət işi açıldığını açıqlasa da, hadisənin baş verdiyi yer və digər detallar barədə məlumat verməkdən imtina edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Ermənistan İstintaq Komitəsi 2026-cı il iyunun 11-də yaydığı məlumatda Müdafiə Nazirliyinin N.A. adlı zabitinin iyunun 10-da baş vermiş ölümü ilə əlaqədar cinayət işinin başlandığını və hazırda ibtidai istintaqın aparıldığını açıqlayıb.

Nəşr vurğulayır ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı heç bir rəsmi məlumat yaymayıb. Məqalə müəllifi qeyd edir ki, bu, ilk belə hal deyil. Belə ki, 2026-cı ilin əvvəlindən indiyədək orduda hərbi xidmətlə əlaqəli bir neçə ölüm hadisəsi qeydə alınıb və onların hamısı barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmi açıqlama verilməyib. Müəllif bunun üçün obyektiv səbəblərin ola biləcəyini də istisna etmir.

“168.am” 2026-cı il iyunun 13-də Ermənistan İstintaq Komitəsinə rəsmi sorğu göndərərək hadisənin harada baş verdiyini, onun xidmətlə nə dərəcədə əlaqəli olduğunu, eləcə də mediada yayılan məlumatların həqiqətə uyğun olub-olmadığını öyrənməyə çalışıb.

Mediada zabitin Bağramyan hərbi təlim poliqonunda tank təlimləri zamanı öldüyü, ölümün isə arxadan açılan atəş nəticəsində baş verdiyi barədə iddialar yayılıb. Sorğuda istintaqın bu mərhələdə hansı nəticələrə gəldiyinin öyrənilməsi məqsədi daşıyıb”, - deyə nəşr bildirib.

Ermənistan İstintaq Komitəsi qanunla müəyyən edilmiş 5 günlük müddət ərzində göndərdiyi cavab məktubunda bildirib:

“2026-cı il iyunun 13-də təqdim etdiyiniz sorğuya cavab olaraq bildiririk ki, iyunun 10-da Müdafiə Nazirliyinin zabiti N.A.-nın ölümü faktı üzrə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Ermənistan Cinayət Prosessual Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə və “İnformasiya azadlığı haqqında” qanunun 8-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, sorğuda qeyd edilən digər məsələlər üzrə məlumat təqdim etmək mümkün deyil, çünki onlar açıqlanması qadağan olunan ilkin istintaq məlumatlarını ehtiva edir”.

Məqalə müəllifi qeyd edir ki, beləliklə, Ermənistan İstintaq Komitəsi hətta hadisənin baş verdiyi məkanı və onun xidmət fəaliyyəti ilə nə dərəcədə əlaqəli olduğunu da gizli saxlayır.

Nəşr sual edir ki, bu halda mediada yayılan məlumatların istintaqın araşdırdığı versiyalar sırasında ola biləcəyini ehtimal etmək mümkündürmü?

“Əldə etdiyimiz məlumata görə, ölən zabitin atası da hərbçidir. Müdafiə Nazirliyinin hadisə barədə ayrıca məlumat yaymamasında onun istəyinin də rol oynadığı bildirilir. Xüsusilə vurğulanır ki, ölümün başvermə şəraitinin tam aydınlaşdırılması prosesi hələ davam edir”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstintaq-Komitəsi  


Bizi "telegram"da izləyin