ABŞ Çinlə Müharibəyə Hazırdırmı? (FOTOLAR)

2026/06/photo-1781952094.jpg
Oxunub: 270     14:44     20 İyun 2026    
“ABŞ Çinlə Müharibəyə Hazırdırmı?” adlı hesabat ABŞ-nin Çinlə mümkün münaqişəyə hazırlıq səviyyəsini və bu prosesdə qarşıya çıxan əsas problemləri ətraflı şəkildə qiymətləndirir. Araşdırma Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) tərəfindən hazırlanıb. Bu xülasədə hesabatın əsas məqamlarını qısa şəkildə təqdim etməyə çalışacağıq.

Məsələ

Tədqiqat müəlliflərinin qeyd etdiyi kimi, müdafiə sənayesi istehsalının artırılması istiqamətində əldə olunan irəliləyişlərə baxmayaraq, ABŞ ordusu Çinlə uzunmüddətli müharibə vəziyyətində ciddi çətinliklərlə üzləşə bilər.

Əsas problemlər sırasında uzaqmənzilli sursatların, hava hücumundan müdafiə sistemlərinin və onların raketlərinin çatışmazlığı, həmçinin kifayət qədər insansız hava, sualtı və suüstü platformaların olmaması göstərilir. ABŞ üçün daha mürəkkəb ssenari isə eyni vaxtda iki cəbhədə, Hind-Sakit okean regionunda və Avropada çəkindirmə siyasəti yürütmək və ya müharibə aparmaq olardı.

Bu problemlərin sürətli həlli isə mövcud deyil. Xüsusilə vacib sursatların bəzilərinin istehsal müddəti üç-dörd il təşkil edir. Bu, konkret olaraq SM-3 IIA, SM-6, SM-3 IB raketlərinə, eləcə də JASSM və “Tomahawk” raketlərinə aiddir. Pentaqonun son dövrlərdə istehsalı artırmaq istiqamətində atdığı addımlar faydalı hesab edilsə də, kifayət etmir.


Müəlliflər uzunmüddətli və çoxillik müqavilələrin bağlanmasının, istehsal infrastrukturunun maliyyələşdirilməsinin, təyyarə və gəmilərin döyüş hazırlığının qorunmasının, həmçinin Hind-Sakit okean regionu üçün “Hellscape” konsepsiyası çərçivəsində həm bahalı yüksək texnologiyalı sistemlərin, həm də ucuz və kütləvi istehsal olunan sistemlərin sürətlə hazırlanmasının vacibliyini vurğulayırlar.

Tədqiqatçılar həmçinin Tayvan administrasiyasına hərbi yardımın artırılmasının vacibliyini qeyd edirlər. Hesablamalara görə, ABŞ-nin Tayvan administrasiyasına yerinə yetirilməmiş hərbi təhvil öhdəliklərinin həcmi təxminən 32 milyard dollar təşkil edir. Buraya xüsusilə “Harpoon” sahil gəmi əleyhinə raket sistemləri, NASAMS hava hücumundan müdafiə sistemləri, PAC-3 MSE raketləri və “Altius” Pilotsuz Uçuş Aparatları (PUA) daxildir.

Boşalan ehtiyatlar və köhnələn gəmilər

“Epic Fury” əməliyyatı İranla müharibənin ABŞ-nin Çinlə mümkün qarşıdurmaya hazırlıq səviyyəsinə təsiri barədə müzakirələri daha da gücləndirib. Bəzi qiymətləndirmələrə görə, ABŞ o qədər çox sursat sərf edib ki, bu, yaxın gələcəkdə Çin tərəfindən Tayvan administrasiyasına hücum ediləcəyi halda onun müdafiə planlarının həyata keçirilməsini çətinləşdirə bilər. Digər tərəfdən, bəzi ABŞ rəsmiləri ölkənin öz ərazisini müdafiə etmək və hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər sursat ehtiyatına malik olduğunu bildiriblər.

Araşdırma iki əsas suala cavab axtarır: ABŞ-nin Çinə qarşı hansı hərbi imkanlara ehtiyacı var və İranla müharibə bu tələblərə necə təsir göstərib?

Birinci əsas nəticə ondan ibarətdir ki, Çinlə uzunmüddətli münaqişə üçün sursat çatışmazlığı “Epic Fury” əməliyyatından əvvəl də mövcud idi. İranla müharibə isə uzaqmənzilli “Tomahawk” və JASSM raketlərinin, eləcə də “Patriot” və THAAD raketlərinin geniş istifadəsi səbəbindən əlavə risklər yaradıb.


İkinci əsas nəticə isə problemin yalnız sursat çatışmazlığı ilə məhdudlaşmadığını göstərir. Hərbi bazaların qorunması da eyni dərəcədə vacibdir. İranın Yaxın Şərqdə ABŞ bazalarına və mülki infrastruktura qarşı raket və PUA hücumları sabit obyektlərin nə qədər həssas olduğunu nümayiş etdirib. Çinlə mümkün münaqişə zamanı da Hind-Sakit okean regionunda oxşar taktikalardan istifadə edilə bilər. ABŞ-nin Yaponiya, Filippin, Quam və digər bölgələrdə yerləşən bazaları Çin raketləri və PUA-larının zərbələrinə qarşı həssas olaraq qalır.

Digər narahatlıq doğuran məsələ hərbi texnikanın hazırlıq vəziyyətidir. ABŞ-yə məxsus bir çox təyyarə və döyüş gəmisi son münaqişələr və əməliyyatlar zamanı intensiv istifadə olunub ki, bu da texniki xidmət tələblərini artıraraq gələcək müharibədə onların istifadəsinə mənfi təsir göstərə bilər.

ABŞ silah sistemləri İranla müharibə zamanı yüksək effektivlik nümayiş etdirib. “Tomahawk” raketlərindən İranın radarlarını, komanda mərkəzlərini, raket mövqelərini və digər hədəflərini vurmaq üçün istifadə olunub. ATACMS, GMLRS və “PrSM” raketləri də tətbiq edilib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin sözlərinə görə, ABŞ artilleriya qüvvələri döyüş şəraitində ilk dəfə “Precision Strike Missile” raketindən istifadə edib və ATACMS raketləri vasitəsilə sualtı qayıq da daxil olmaqla bir neçə gəmini batırıb.

Lakin əsas problem ondan ibarətdir ki, uzaqmənzilli hücum sursatlarının ehtiyatları İranla müharibədən əvvəl də aşağı səviyyədə idi. Əməliyyat zamanı ABŞ “Tomahawk” və JASSM raketlərinin ehtiyatlarının əhəmiyyətli hissəsini sərf edib ki, bu da Çinlə mümkün münaqişə və ya digər gözlənilməz vəziyyətlər baxımından risk yaradır.

Hava hücumundan müdafiə raketlərinin ehtiyatları da müharibədən əvvəl məhdud idi. 2025-ci ildə İrana qarşı cəmi bir neçə gün davam edən əməliyyatlar zamanı ABŞ öz THAAD raket ehtiyatlarının dörddə birindən çoxunu istifadə edib. Tədqiqatçıların hesablamalarına görə, 2026-cı il münaqişə ssenarisində müharibədən əvvəlki THAAD, SM-3 və “Patriot” raket ehtiyatlarının yarısından çoxu sərf oluna bilər.

Həmçinin vurğulanır ki, THAAD sistemi AN/TPY-2 radarına əsaslanır. Əgər bu radar sıradan çıxarılarsa, THAAD batareyası fəaliyyət göstərə bilməz, çünki məhz radar hədəflərin aşkarlanmasını, izlənməsini və raketlərə məlumat ötürülməsini təmin edir. ABŞ ordusunun cəmi səkkiz THAAD batareyası var və onlar Yaxın Şərqlə Hind-Sakit okean regionu arasında bölüşdürülüb.


Ehtiyatların yenidən doldurulması üçün istehsal müddətləri hələ də çox uzundur. SM-3 IIA raketinin müqavilənin imzalanmasından ilk təhvilə qədər olan müddəti dörd ildən artıqdır. THAAD, SM-6, SM-3 IB, “PrSM”, “Tomahawk” və JASSM sistemləri üçün bu müddət təxminən üç il, PAC-3 MSE üçün isə iki ildən artıqdır. İstehsalın artırılması məqsədilə zavodlara əlavə investisiyalar yatırılması isə daha 18-24 ay əlavə vaxt tələb edə bilər.

İranla müharibə həmçinin təyyarə və gəmilərin hazırlıq vəziyyəti ilə bağlı problemləri üzə çıxarıb. ABŞ əvvəlcə fəal xidmət göstərən suüstü parkının dörddə birindən çoxunu Venesueladakı əməliyyatlar üçün Qərb yarımkürəsinə göndərib, daha sonra isə 2026-cı ildə İrana qarşı əməliyyatlarda gəmilərinin 40 faizindən çoxunu istifadə edib. Bu fəaliyyət tempi texnikanın ciddi şəkildə köhnəlməsinə səbəb olub. Xüsusilə, “Gerald R. Ford” aviadaşıyıcısında əsas camaşırxana bölməsində baş verən yanğın da daxil olmaqla ciddi texniki problemlər yaranıb və bundan sonra gəmi təmir üçün Krit adasındakı bazaya göndərilib.

Çindən gələn çağırış

Çin quru, hava, dəniz, kosmos, kiberməkan və nüvə imkanları daxil olmaqla bütün əsas sahələr üzrə silahlı qüvvələrini sürətlə modernləşdirir. Çin müdafiə sənayesi gəmilər, təyyarələr, tanklar və digər silah sistemlərini böyük həcmdə istehsal edir, eyni zamanda süni zəka, kvant texnologiyaları və digər hərbi tətbiqlərə investisiyalar yatırır.

CSIS tərəfindən keçirilən bir sıra müharibə simulyasiyalarında ABŞ qüvvələri Tayvan uğrunda münaqişənin ilk həftəsi ərzində müəyyən uzaqmənzilli raket ehtiyatlarını tamamilə tükədib.


Bu ssenarilərdə Tayvan administrasiyası da bir həftə ərzində gəmi əleyhinə qanadlı raket ehtiyatlarını tamamilə istifadə etmiş olurdu. Tədqiqatçılar qeyd edirlər ki, uzaqmənzilli silahlar olmadan uzunmüddətli döyüş əməliyyatlarının aparılması mümkün deyil, çünki münaqişənin ilkin mərhələsində Çin müdafiə sistemi ABŞ təyyarələri və gəmilərinin qısamənzilli sursatlardan istifadə etmək üçün kifayət qədər yaxınlaşmasını çətinləşdirəcək.

ABŞ-nin Hind-Sakit okean regionundakı qabaqcıl hərbi mövcudluğu Yaponiya, Cənubi Koreya, Filippin və Quamda cəmləşib. Cənubi Koreyada ABŞ ordusunun təxminən 20 min hərbçisi yerləşir. Okinavada təxminən 20 min dəniz piyadası xidmət edir. Daha 9 min hərbçi isə Quamda yerləşdirilib və Avstraliya istiqamətində rotasiya olunur.

Yokosukada yerləşən ABŞ-nin Yeddinci Donanmasının tərkibində adətən 50-70 suüstü gəmi və sualtı qayıq olur. Hava qüvvələrinin mövcudluğu Kadena və Misava aviabazalarındakı qırıcı eskadrilyaları, eləcə də Cənubi Koreya, Yaponiya və digər bölgələrdə yerləşən müxtəlif aviasiya vasitələrini əhatə edir.

Araşdırma müəlliflərinin fikrincə, bu qüvvələr Çin PUA-ları, qanadlı raketləri, ballistik raketləri və hipersəs silahları qarşısında həssasdır. ABŞ Hərbi Hava Qüvvələri çevik döyüş tətbiqi konsepsiyası hazırlayıb ki, bu da təyyarələrin səpələnmiş və sürətlə hazırlanmış məntəqələrdən fəaliyyət göstərməsini nəzərdə tutur.


Araşdırmada qeyd olunur ki, ABŞ qüvvələri hələ də kifayət qədər səpələnmiş şəkildə yerləşdirilməyib və qorunan yanacaq anbarlarına, sursat bunkerlərinə, təyyarə sığınacaqlarına və aktiv müdafiə sistemlərinə ehtiyac duyur.

“Hellscape” konsepsiyasından kənarda

“Hellscape” konsepsiyası Tayvan administrasiyasına Çin müdaxiləsini çoxlu sayda insansız sistem və digər vasitələrdən istifadə etməklə ləngitmək məqsədi daşıyır. ABŞ Hind-Sakit okean Komandanlığının komandanı admiral Samuel Paparo izah edir ki, məqsəd Tayvan boğazını “insansız cəhənnəmə” çevirmək, bununla da təxminən bir ay ərzində qarşı tərəfin fəaliyyətini son dərəcə çətinləşdirmək və ABŞ-nin sonrakı addımları üçün vaxt qazanmaqdır.

Plan kəşfiyyat, hədəf təyinatı, radioelektron mübarizə, minalama və Çin gəmilərinə, təyyarələrinə, sualtı qayıqlarına, hava hücumundan müdafiə sistemlərinə, raket şaxtalarına və Çin Xalq Azadlıq Ordusunun digər obyektlərinə zərbələr endirmək üçün PUA-lardan, insansız sualtı platformalardan, insansız dəniz platformalarından və digər sistemlərdən geniş istifadəni nəzərdə tutur.

Bu yanaşma aşağı xərcli birdəfəlik sistemləri yüksək hündürlükdə uzun müddət fəaliyyət göstərə bilən PUA-lar, “gəzən sursatlar” və gəmilərdən, sualtı qayıqlardan, təyyarələrdən və ya qurudan buraxıla bilən zərbə PUA-ları kimi daha qabaqcıl platformalarla birləşdirir.


Müdaxilə ssenarisində Çin Xalq Azadlıq Ordusu amfibiya desantı, hava hücumu, hava desantı və ya bu üsulların kombinasiyası vasitəsilə Tayvan administrasiyasına və ya ona yaxın ərazilərə qoşun, silah və təchizat daşımağa çalışacaq. Belə əməliyyatda Çin gəmiləri, sualtı qayıqları, təyyarələri, raketləri, uzaqmənzilli zərbə sistemləri və digər imkanların əsas rol oynayacağı ehtimal edilir. Bunlar kiberməkan, kosmos və hava hücumundan müdafiə imkanları ilə dəstəklənəcək.

Belə bir ssenarinin qarşısını almaq üçün ABŞ, Tayvan administrasiyası və onların müttəfiqləri sürətli hərəkət etməli, maksimum manevr imkanlarından istifadə etməli və platformalarla sursatları əvvəlcədən yerləşdirməlidirlər.

Əgər ABŞ birbaşa müdaxilə etmək qərarına gəlsə, ərazilərin sürətlə ələ keçirilməsinin qarşısını almaq üçün saatlar və ya günlər ərzində hərəkət etməli olacaq. Bu isə Avstraliya və Alyaskada kifayət qədər bombardmançı təyyarələrin qabaqcadan yerləşdirilməsini, möhkəmləndirilmiş təyyarə sığınacaqlarını, aktiv raketdən müdafiə sistemlərini və yanacaq, ehtiyat hissələri, sursat və digər təchizat ehtiyatlarını tələb edir.


İkinci komponent isə müdaxilə qüvvələrinin əsas dayağının sürətlə zərərsizləşdirilməsidir. Çinlə münaqişə şəraitində bu, qoşun, silah və texnika daşıyan Çin Xalq Azadlıq Ordusunun gəmi və təyyarələri daxil olmaqla yüksək prioritetli hədəflərin müəyyən edilməsini, sensor məlumatlarının sürətlə zərbə sistemlərinə ötürülməsini və müdaxilə üçün həyati əhəmiyyət daşıyan hədəflərin dəqiq məhv edilməsini nəzərdə tutur. Əsas hədəflər sırasında gəmilər, nəqliyyat helikopterləri, təyyarələr, hava hücumundan müdafiə sistemləri, artilleriya vasitələri və komanda mərkəzləri yer alır.

Çinə qarşı əsas imkanlar

Tədqiqatçılar Çinə qarşı mübarizə üçün beş əsas prioritet müəyyən edirlər. Birinci prioritet “Virginia” sinfinə məxsus nüvə sualtı qayıqları ilə daha ucuz insansız sualtı və suüstü platformalarını özündə birləşdirən sualtı imkanların inkişafıdır.

CSIS müharibə simulyasiyalarında ABŞ sualtı qayıqları Çin desant gəmilərinə, müşayiət gəmilərinə və logistika gəmilərinə ciddi itkilər verdirib. Eyni zamanda ABŞ-də sualtı qayıq istehsalı tələbatdan geri qalır. İldə iki sualtı qayığın inşası hədəflənsə də, faktiki olaraq təxminən 1,2 sualtı qayıq istehsal edilir.


ABŞ həmçinin rabitə və GPS imkanlarının məhdud olduğu mühitlərdə fəaliyyət göstərə bilən daha ucuz insansız sualtı və suüstü platformalarının alınmasını artırmalıdır. Bu sistemlər minalama, kəşfiyyat, radioelektron mübarizə və Çin Xalq Azadlıq Ordusunun sualtı və suüstü platformalarına zərbələr endirmək kimi tapşırıqları yerinə yetirə bilər. Tayvan administrasiyası və regiondakı digər ABŞ tərəfdaşlarının da bu imkanlara, o cümlədən yerli istehsal potensialına ehtiyacı var.

İkinci prioritet pilotlu və pilotsuz hava sistemlərinin inteqrasiyasıdır. Kəşfiyyat, müşahidə və məlumat toplama (ISR), döyüş zərərinin qiymətləndirilməsi, logistika, radioelektron mübarizə və hədəflərə zərbə endirmək üçün çoxlu sayda aşağı xərcli PUA tələb olunur.

CSIS-in hesablamalarına görə, Ukrayna 2026-cı ildə ayda 600-800 min FPV tipli PUA istehsal edə və ayda 350-550 min ədəd istifadə edə bilər. Rusiya isə ayda 250-300 min istehsal edib 200-300 min ədəd istifadə edə bilər. Kəsici, uzaqmənzilli və dəniz tipli PUA-lara da xüsusi diqqət yetirilməlidir.

Lakin məqalədə vurğulanır ki, təkcə PUA-lar kifayət deyil. ABŞ və onun müttəfiqlərinin B-21, B-2, B-1B, B-52H və F-35 kimi bombardmançı və qırıcı təyyarələrə də ehtiyacı var. Uzaqmənzilli raket ehtiyatları tükəndikdən sonra taktiki aviasiyanın Çinlə mümkün münaqişədə əsas rol oynayacağı ehtimal olunur.

Eyni zamanda, pilotlu təyyarələr düşmənin minlərlə raketinin çatma məsafəsində yerləşən quru bazalarından və suüstü gəmilərdən asılı olaraq qalır ki, bu da xüsusilə Çinlə münaqişə zamanı ciddi zəiflik hesab olunur. ABŞ həmçinin YFQ-42A və YFQ-44A daxil olmaqla pilotlu-pilotsuz əməkdaşlığı və birgə döyüş təyyarələri proqramlarının hazırlanmasını sürətləndirməlidir.

Üçüncü prioritet uzaqmənzilli yüksək dəqiqlikli raketlərdir. Analitiklərin fikrincə, Tayvan uğrunda münaqişənin ilk həftəsində ABŞ 450-1000 LRASM, 3500-4000 JASSM-ER, 3000-5000 JASSM, 400-600 SM-6, 400-1000 “Tomahawk”, 250-400 “PrSM” və 400-800 “Harpoon” raketi sərf edə bilər.


Uzunmüddətli münaqişədə sursat sərfiyyatının çox yüksək olacağı gözlənilir. Halbuki standart LRASM və JASSM raketlərinin hər biri təxminən 2,5-3 milyon dollara başa gəlir. Buna görə də ABŞ daha ucuz uzaqmənzilli sursatların, o cümlədən vahidinin təxmini dəyəri 250 min dollar olan “Extended Range Attack Munition” (ERAM) sisteminin istehsalını genişləndirməlidir.

Dördüncü prioritet hava və raketdən müdafiə sahəsidir. Buraya PUA-lardan, qanadlı raketlərdən, ballistik raketlərdən və hipersəs silahlarından müdafiə daxildir. Tələb olunan həllər sırasında yüksək güclü mikrodalğalı sistemlər, istiqamətləndirilmiş enerji silahları, aşağı xərcli raketlər, süni zəka əsaslı məlumat emalı sistemləri, aktiv və passiv sensorlar, mobil hava hücumundan müdafiə sistemləri, kəsici PUA-lar, saxta hədəflər, passiv müdafiə vasitələri və toplara əsaslanan antidron sistemləri yer alır.

Beşinci prioritet isə çoxmühitli komanda-idarəetmə sistemləri, süni zəka ilə idarə olunan proqram təminatı, kosmik və əks-kosmik imkanlar, kibermüharibə vasitələri və radioelektron mübarizə sistemləri kimi əlavə imkanları əhatə edir.

Təcili addımlar

Nəticə etibarilə, müəlliflər ABŞ-nin kritik əhəmiyyət daşıyan sursatlar üzrə çoxillik müqavilələri tam maliyyələşdirməsinin, təyyarə və gəmilərin döyüş hazırlığını qorumasının, Hind-Sakit okean regionundakı bazaların müdafiəsini gücləndirməsinin və milli sənaye səfərbərliyi üzrə prezident təşəbbüsü yaratmasının vacibliyini vurğulayırlar.

Bu arada Tramp administrasiyası artıq “azadlığın arsenalı”nın yenidən qurulması və ABŞ müdafiə sənayesi bazasının müharibə şəraitinə uyğunlaşdırılması planlarını elan edib. Xüsusilə müdafiə nazirinin müavini Stiv Faynberq 2025-ci ildə “Patriot” raketlərindən LRASM raketlərinə qədər müxtəlif sursatların istehsalını artırmaq məqsədilə Sursat İstehsalının Sürətləndirilməsi Şurasını yaradıb. Administrasiya həmçinin ləng işləyən satınalma sisteminin islah edilməsinə, normativ məhdudiyyətlərin azaldılmasına və özəl sektorun iştirakının genişləndirilməsinə çalışıb.


Araşdırmada həmçinin ABŞ müdafiə sənayesinin ehtiyac duyduğu kritik minerallar üzrə Çindən asılılığı vurğulanır. ABŞ artıq Vault proqramı çərçivəsində bu materialların ehtiyatını yaradır. Bundan əlavə, Konqo Demokratik Respublikasındakı mədən layihələrində pay əldə etmək də daxil olmaqla, digər ölkələrlə bağlanan razılaşmalar vasitəsilə bu resurslara çıxışı təmin etməyə çalışır.

Lakin tədqiqatçılar hesab edirlər ki, bu tədbirlər nə Hind-Sakit okean regionu, nə də mümkün iki cəbhəli müharibə üçün kifayət deyil. Onlar müdafiə şirkətlərinə sabit təchizat zəncirlərini formalaşdırmağa imkan verən uzunmüddətli çoxillik müqavilələrin zəruriliyini vurğulayırlar. Bu, xüsusilə bərk yanacaqlı raket mühərrikləri və digər mürəkkəb elektron və mexaniki komponentlər üçün vacibdir, çünki bu sahələrdə istehsal imkanları məhduddur və təchizatçı bazası dardır.

Digər mühüm məsələ hərbi platformaların döyüş hazırlığının qorunub saxlanılmasıdır. F-35 kimi görünməzlik texnologiyasına malik qırıcılar, B-2 bombardmançıları, C-17 nəqliyyat təyyarələri, eləcə də aviadaşıyıcılar, esmineslər və digər hərbi dəniz platformaları İrana qarşı əməliyyatlarda intensiv istifadə olunub və digər regionlarda, xüsusilə də Hind-Sakit okean bölgəsində baş verə biləcək münaqişələr üçün vacib olaraq qalır. Onların döyüş hazırlığının təmin edilməsi həm Pentaqonun, həm də Konqresin dəstəyi ilə texniki xidmət və təminat üçün davamlı, çoxillik maliyyələşdirmə tələb edir.

Nəticə olaraq analitiklər xəbərdarlıq edirlər ki, İranla müharibə ABŞ müdafiə sənayesi bazasının zəif tərəflərini bir daha üzə çıxarıb. Əgər bu problemlər tez bir zamanda həll edilməsə, ABŞ gələcəkdə Hind-Sakit okean regionunda Çinlə baş verə biləcək münaqişədə daha böyük xərclərlə və daha ağır nəticələrlə üzləşə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Müharibə  


Bizi "telegram"da izləyin