Zelenski Lukəşenkoya bir həftə vaxt verdi: Belarus ərazisindəki avadanlıqlar sökülməlidir

2026/06/1781936811.jpg
Oxunub: 200     10:23     20 İyun 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkoya Belarus ərazisində yerləşdirilmiş və Ukrayna mülki əhalisinə qarşı atəşlərin istiqamətləndirilməsində istifadə edildiyini iddia etdiyi avadanlıqların sökülməsi üçün bir həftə vaxt verib.

Ordu.az xəbər verir ki, Zelenski bu barədə Honduras Prezidenti Nasri Asfura ilə keçirdiyi birgə mətbuat tədbirində danışıb.

Ukrayna lideri bildirib ki, Belarusla sərhəddə təhlükəsizlik Kiyev üçün xüsusi əhəmiyyət daşıyır və Belarus ərazisindən gələn təhlükələrə qarşı cavab tədbirləri görüləcək.

“Aleksandr Qriqoryeviç Lukaşenko bizim qonşu ölkəmizin rəhbəridir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir”, - deyə Zelenski qeyd edib.

O vurğulayıb ki, şəxsi xarakterli bəyanatlara əhəmiyyət verməsə də, Ukraynaya yönəlmiş təhqirləri unutmayacaqlar.

Zelenskinin sözlərinə görə, Lukaşenko Belarusu da Rusiyanın apardığı müharibəyə cəlb etmək riski ilə üz-üzə qoyur.

Ukrayna Prezidenti bildirib ki, Belarus ərazisində, xüsusilə Ukrayna ilə həmsərhəd iki bölgədə yerləşdirilən retranslyatorlar və digər avadanlıqlar Ukrayna mülki əhalisinə qarşı atəşlərin koordinasiyasında istifadə olunur.

Onun sözlərinə görə, həmin ərazilərdə aktiv döyüş xətti olmadığı halda belə infrastrukturun mövcudluğu ciddi suallar yaradır.

Zelenski Lukaşenkonu bir həftə ərzində bu avadanlıqları sökməyə və ya fəaliyyətini dayandırmağa çağırıb.

“Əgər o, müharibə istəmədiyini deyirsə, qoy bu avadanlıqları söksün və ya söndürsün. Düşünürəm ki, bunun üçün bir həftə kifayətdir”, - deyə Ukrayna lideri bildirib.

O xəbərdarlıq edib ki, Belarus tərəfi bu tələbi yerinə yetirməsə, Ukrayna özü tədbir görəcək. Zelenski həmçinin Belarusun Rusiya ordusuna yanacaq tədarükündə mühüm rol oynadığını iddia edib.

Onun sözlərinə görə, Belarus Rusiyaya dizel yanacağı və neft məhsulları göndərən əsas təchizatçılardan biridir və bu resurslar sonradan Ukraynaya qarşı istifadə olunur. “Bu gün Lukaşenko və Belarus Rusiya ordusunun əsas təchizatçılarından biridir”, - deyə o bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, Belarus rəhbərliyinin bu prosesi dayandırmaq imkanları mövcuddur.

Zelenski son dövrlərdə baş verən pilotsuz uçuş aparatı insidentlərinə də toxunaraq bildirib ki, Rusiya müxtəlif təxribatlar vasitəsilə Belarus cəmiyyətini müharibəyə daha dərindən cəlb etməyə çalışır.

Onun fikrincə, son hadisələr də bu cür təxribatların tərkib hissəsidir. Zelenski G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşə də toxunub.

O bildirib ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və ölkə daxilində raket istehsalı üçün lisenziyaların verilməsi ilə bağlı müsbət siqnallar alıb.

Zelenskinin sözlərinə görə, bu məsələdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla tərəfdaşlardan müsbət yanaşma müşahidə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Belarus  


Bizi "telegram"da izləyin