“Joğovurd”: EEŞ ətrafında Ermənistan hökuməti yeni mərhələyə başlayıb, hakimiyyət nə planlaşdırır?

2026/06/1781930539.jpg
Oxunub: 159     08:39     20 İyun 2026    
“Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkəti ətrafında davam edən prosesdə yaxın həftələrdə yeni mərhələnin başlanacağı gözlənilir. Hökumət şirkəti ictimai üstün maraq obyekti elan etməyə və daha sonra onun dəyərinin qiymətləndirilməsi prosesinə başlamağa hazırlaşır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrin hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, EEŞ şirkəti ilə bağlı proses 2026-cı il mayın 25-dən etibarən müvafiq məhkəmə qərarı qəbul edilənədək faktiki olaraq dayandırılıb.

“Mənbələrimizin məlumatına görə, yaxın həftələrdə keçiriləcək hökumət iclaslarından birində qərar qəbul olunacaq və həmin qərarla EEŞ özəl şirkət kimi ictimai üstün maraq obyekti elan ediləcək. Bundan sonra icra hakimiyyəti növbəti mərhələyə keçəcək”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, ictimai üstün maraq statusu verildikdən sonra Baş nazir Aparatı xüsusi qiymətləndirmə mexanizmi hazırlayacaq.

“Həmsöhbətlərimizin sözlərinə görə, bu proses təxminən 3-4 ay davam edə bilər. Qiymətləndirmədə Ermənistan rezidenti olan, lisenziyalı, lakin imic baxımından müstəqil hesab edilən şirkət iştirak edəcək və EEŞ-in bazar dəyərini müəyyənləşdirəcək”.

Əldə edilən bazar dəyərinə əlavə olaraq 15 faiz də artırılacaq və yekun təklif şirkətin sahibinə təqdim olunacaq. Mövcud ssenariyə əsasən, son qərarı şirkətin sahibi verəcək, şirkəti hökumətə satıb-satmamaq məsələsini məhz o müəyyənləşdirəcək”, - deyə məqalədə vurğulanıb.

Nəşr iddia edir ki, hətta satış baş tutmasa belə, hökumət başqa mexanizmləri nəzərdən keçirir.

“Lakin şirkət satılmadığı halda belə, ictimai üstün maraq əsası ilə Samvel Karapetyanın əlindən HƏŞ alınacaq”, - deyə məqalədə qeyd olunub.

“Joğovurd”un məlumatına görə, hakimiyyətin ilkin planı şirkətin dövlət tərəfindən alınmasını nəzərdə tutur.

“Dövlət EEŞ-i satın aldıqdan sonra onu Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin tabeliyinə verəcək. Daha sonra şirkətin idarə olunması dövlət formatında davam etdiriləcək, İctimai Xidmətləri Tənzimləmə Komissiyası isə yeni lisenziya təqdim edəcək və EEŞ fəaliyyətini həmin lisenziya əsasında davam etdirəcək”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, hökumət prosesin qısa müddətdə yekunlaşacağını gözləmir.

“İlkin hesablamalara görə, təkcə hüquqi, qiymətləndirmə və təşkilati mərhələlər minimum 6-8 ay davam edə bilər. Hətta ən sürətli ssenaridə belə məsələnin tam həllinin ilin sonunadək başa çatdırılması çətin görünür”, - deyə nəşr vurğulayıb.

Nəşrin mənbələrinin qiymətləndirməsinə görə, EEŞ-in mümkün bazar dəyəri təxminən yarım milyard ABŞ dolları ola bilər.

“Yekun rəqəm peşəkar qiymətləndirmənin nəticələrindən asılı olacaq. Hökumətdə maliyyələşmənin müxtəlif variantları müzakirə edilir. İstisna edilmir ki, sövdələşmə üçün kredit vəsaitləri cəlb olunsun, eyni zamanda ehtiyat fondunun imkanları da nəzərdən keçirilir.

İqtidar dairələrində hesab edirlər ki, HƏŞ-in alınmasına çəkilən xərclər sonradan şirkətin fəaliyyəti nəticəsində əldə olunacaq gəlirlər hesabına geri qaytarıla bilər”, - deyə nəşr yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   EEŞ  


Bizi "telegram"da izləyin