“Joğovurd”: Paşinyanın komanda yoldaşı parlamentdən ayrılmazdan əvvəl hansı əmlakı toplayıb?

2026/06/1781929266.jpg
Oxunub: 193     08:19     20 İyun 2026    
“Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Lena Nazaryan 2026-cı ildə formalaşacaq yeni parlamentdə təmsil olunmayacaq. Lakin onun son beş il üzrə təqdim etdiyi bəyannamələr göstərir ki, bu müddətdə əmlaklarının sayı artıb, gəlirləri yüksəlib, eyni zamanda ipoteka öhdəlikləri də qorunub saxlanılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Maraşda malikanə, daha iki mənzil: “Vətəndaş Müqaviləsi” partiyasından olan Lena Nazaryan parlamentdən ayrılmazdan əvvəl hansı əmlakı toplayıb?” sərlövhəli məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Lena Nazaryan 2017-ci ilə qədər ictimai fəal olub, hakimiyyət dəyişikliyindən sonra deputat seçilib, 2019-2021-ci illərdə isə parlament sədrinin müavini vəzifəsini tutub.

“Yeni parlamentdə Nazaryan yer almayacaq, lakin onun həyat yoldaşı, hazırkı deputat Narek Babayan siyasi fəaliyyətini davam etdirəcək və yeni parlamentdə təmsil olunacaq. 2021-ci ilin əvvəlində və sonunda Nazaryan iki daşınmaz əmlak bəyan edib.

Onlardan biri Kotayk vilayətinin Arinc yaşayış məntəqəsində yerləşən və satınalma yolu ilə əldə edilmiş mənzil, digəri isə İrəvanın Nork-Maraş inzibati rayonunda yerləşən və miras qalmış fərdi yaşayış evidir. Həmin dövrdə o, nəqliyyat vasitələri, qiymətli kağızlar, investisiyalar və ya digər dəyərli əmlaklar bəyan etməyib”, - deyə nəşr yazıb.

İlin sonunda onun bank hesablarında 1 milyon 843 min 831 dram vəsait olub. Gəlirləri isə yalnız parlamentdən aldığı əməkhaqqından formalaşıb və 9 milyon 446 min 830 dram təşkil edib. Eyni zamanda bir ipoteka krediti üzrə 21 milyon 520 min 15 dram əsas borc qalığı mövcud olub”, - deyə məqalədə qeyd olunub.

Nəşr vurğulayır ki, 2022-ci il Nazaryanın əmlak vəziyyətində mühüm dəyişikliklərlə yadda qalıb.

“Həmin il o, Tsaxkadzorda yerləşən üçüncü daşınmaz əmlakı, yəni mənzili əldə edib və bunun üçün 24 milyon 336 min dram ödəyib. Beləliklə, ilin sonunda onun bəyannaməsində artıq üç daşınmaz əmlak - Arincdəki mənzil, Nork-Maraşdakı malikanə və Tsaxkadzordakı mənzil yer alıb.

İlin sonunda bank hesablarında 157 min 411 və 888 min 633 dram olub. İllik gəliri 10 milyon 866 min 522 drama çatıb. Bunun 8 milyon 17 min 52 dramı əməkhaqqı, 1 milyon 500 min dramı icarə gəliri, 1 milyon 314 min 710 dramı “ID Bank”dan əldə olunan faiz gəliri, 34 min 760 dramı isə mülki-hüquqi müqavilə əsasında görülmüş işə görə ödəniş olub. Həmin il onun ümumi ipoteka öhdəlikləri 44 milyon 579 min 745 drama yüksəlib”, - deyə nəşr qeyd edib.

Məqaləyə görə, 2023-cü ildə Nazaryanın maliyyə göstəricilərində yeni dəyişikliklər baş verib.

“İlin əvvəlində əmanəti olmayan deputat ilin sonunda artıq 1 milyon 200 min dramlıq əmanətə sahib olub. Dram hesabındakı vəsait 888 min 633 dramdan 2 milyon 981 min 491 drama yüksəlib, avro hesabında isə 292,59 avro olub. İllik gəliri 14 milyon 347 min 867 dram təşkil edib. Bunun 10 milyon 74 min 359 dramı əməkhaqqı, 2 milyon dramı icarə gəliri, 2 milyon 273 min 508 dramı isə Dövlət Gəlirləri Komitəsindən əldə edilən digər gəlir olub.

İlin sonunda iki ipoteka krediti üzrə qalıq borclar müvafiq olaraq 23 milyon 451 min 450 və 19 milyon 382 min 327 dram təşkil edib. Ümumi kredit yükü isə 42 milyon 833 min 777 dram olub”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, 2024-cü ildə də onun üç daşınmaz əmlakı dəyişməz qalıb.

“Nazaryanın nəqliyyat vasitələri, qiymətli kağızları, payları və digər investisiyaları olmayıb. Lakin ilk dəfə olaraq bəyannamədə “Antares” MMC-yə verilmiş 3 milyon 800 min dramlıq borc xüsusi yer tutub”, - deyə nəşr qeyd edib.

“İlin əvvəlində mövcud olan 2 milyon dramlıq əmanət ilin sonunda sıfırlanıb. Bank hesablarında 268 min 829 dram, 297,71 avro və 2 milyon 473 min 927 dram vəsait qalıb. İllik gəlirlər isə 14 milyon 526 min 723 drama çatıb. Bunun 10 milyon 222 min 592 dramı parlament aparatından alınan əməkhaqqı, 2 milyon 213 min 865 dramı gəlir vergisinin qaytarılması, 90 min 266 dramı bank faizləri, daha 2 milyon dramı isə borc vəsaiti olub”.

İlin sonunda onun 2 milyon dram borc öhdəliyi və ümumi məbləği 40 milyon 868 min 479 dram olan iki ipoteka krediti qalıb”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunur ki, 2025-ci ildə deputatın əmlak tərkibində ciddi dəyişiklik baş verməyib.

“O, Arincdəki mənzilə, Tsaxkadzordakı mənzilə və Nork-Maraşdakı malikanəyə ortaq mülkiyyətçi olaraq qalmaqda davam edib. Nəqliyyat vasitələri, əmanətlər, qiymətli kağızlar və digər dəyərli əmlaklar yenə də bəyan edilməyib.

Eyni zamanda “Antares” MMC üzərindəki tələb hüququ qüvvədə qalıb. Əgər ilin əvvəlində təşkilatın ona olan borcu 3 milyon 800 min dram idisə, il ərzində 389 min 770 dram geri qaytarılıb və ilin sonunda qalıq 3 milyon 410 min 230 dram təşkil edib”, - deyə məqalədə bildirilib.

Nəşr yazır ki, bank hesablarındakı vəsaitlər də azalıb.

“Bir hesabdakı məbləğ 269 min 831 dramdan 103 min 660 drama düşüb, digər hesabdakı 297,71 avro dəyişməz qalıb, üçüncü hesabdakı vəsait isə 2 milyon 473 min 928 dramdan 2 milyon 221 min 448 drama enib. Nağd pul vəsaiti bəyan edilməyib.

2025-ci ildə Lena Nazaryanın ümumi gəliri 10 milyon 593 min 949 dram təşkil edib. Bunun 8 milyon 918 min 764 dramı parlament aparatından əməkhaqqı, 1 milyon 330 min 985 dramı gəlir vergisinin qaytarılması, 344 min 200 dramı isə Əmək və Sosial Məsələlər Nazirliyindən əldə edilən digər gəlir olub”, - deyə nəşr qeyd edib.

Məqalənin sonunda vurğulanır ki, ipoteka öhdəlikləri azalsa da, tam aradan qalxmayıb.

“İlin sonunda iki kredit üzrə əsas borc qalıqları 21 milyon 973 min 981 və 16 milyon 649 min 337 dram təşkil edib. Beləliklə, ümumi kredit yükü 38 milyon 623 min 318 drama qədər azalıb. 2021-2025-ci illərin bəyannamələrinin müqayisəsi göstərir ki, Lena Nazaryanın daşınmaz əmlaklarının sayı ikidən üçə yüksəlib, gəlirləri artıb, lakin iri həcmli ipoteka öhdəlikləri qorunub saxlanılıb. Parlamentdən ayrıldığı zaman o, üç daşınmaz əmlaka, “Antares” MMC üzərində 3,4 milyon dramdan çox tələb hüququna, təxminən 2,3 milyon dram bank vəsaitinə və 38,6 milyon dram həcmində ipoteka öhdəliyinə sahib olub”, - deyə nəşr yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nazaryan  


Bizi "telegram"da izləyin