Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi iyunun 6-sı və 7-də ölkə ərazisində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin keçiriləcəyini açıqlamışdı.
“Komitə bəyan edirdi ki, qanunvericiliklə ona verilmiş bütün alətlərdən və müasir texniki vasitələrdən, o cümlədən PUA-lardan istifadə olunacaq. Bu tədbirlərin məqsədi seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət sxemlərinə cəlb olunan şəxslərin aşkar edilməsi və zərərsizləşdirilməsi idi”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, “Joğovurd”un araşdırması zamanı Komitənin son satınalmaları nəzərdən keçirilib və maraqlı məqam ortaya çıxıb.
“Nəticədə məlum olub ki, Komitə son dövrdə əsasən ofis ləvazimatlarının alınması, avtomobillərin yuyulması, tərcümə və ekspertiza xidmətlərindən istifadə edib. Lakin PUA alınmasına dair hər hansı satınalma qeydə alınmayıb”, - deyə nəşr yazıb.
Nəşrin araşdırmasına əsasən, PUA-nı alan qurum Ermənistan MTX olub.
“Müəyyən edilib ki, 2026-cı il mayın 26-da Milli Təhlükəsizlik Xidməti “ELMARKET” şirkətindən PUA satın alıb. “Joğovurd”un əldə etdiyi sənədə əsasən, alınmış cihaz həm gündüz, həm də istilikgörüntüləmə kameraları ilə təchiz edilib.
PUA istənilən vaxt videoçəkiliş aparmağa, əldə olunan materialları saxlamağa və arxivləşdirməyə imkan verir. Bundan başqa, cihaz görüntünü 4G rabitəsi vasitəsilə ötürə bilir ki, bu da əməliyyatları real vaxt rejimində izləməyə şərait yaradır”, - deyə nəşr qeyd edib.
Məqalədə bildirilir ki, sənədə əsasən, bir ədəd PUA üçün dövlət büdcəsindən 2 milyon 995 min dram ödənilib.
“Lakin burada vacib bir sual meydana çıxır. Əgər seçki rüşvətinə qarşı mübarizə çərçivəsində PUA-ların geniş tətbiq olunacağı açıqlanmışdısa, nə üçün indiyədək heç bir dövlət və ya güc strukturu həmin cihazlarla əldə edilmiş ən azı bir video və ya məlumat təqdim etməyib?”, - deyə nəşr sual edib.
Müəllifin fikrincə, xüsusilə geniş ictimai maraq doğuran seçki prosesləri və bu çərçivədə həyata keçirilən əməliyyatlar nəzərə alınarsa, ictimaiyyət bu texniki vasitələrin fəaliyyətinin nəticələrini görməyib.
“Belə çıxır ki, PUA alınıb, onun texniki imkanları kifayət qədər genişdir, dövlət büdcəsindən təxminən 3 milyon dram xərclənib, lakin ictimaiyyət hələ də həmin cihazın fəaliyyəti ilə bağlı konkret nəticə görməyib. Onun harada və hansı məqsədlərlə istifadə olunduğu, yaxud seçki proseslərində tətbiq edilib-edilmədiyi isə hələlik naməlum olaraq qalır”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az