Sabiq erməni XİN rəhbəri: “Hakimiyyət çoxluğu əldə etməyibsə, bu səslər bütövlükdə müxalifətə məxsusdur”

2026/06/1782469346.jpg
Oxunub: 391     14:21     26 İyun 2026    
“İyunun 7-də keçirilən parlament seçkiləri xalqın həqiqi iradəsini əks etdirməyib və seçkilərin nəticələrinin saxtalaşdırıldığına inanır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan sosial şəbəkə hesabında yazıb.

“Mən tez-tez eşidirəm ki, nə hakimiyyət qalib gəlib, nə də müxalifət. Mən bu qiymətləndirmə ilə razı deyiləm. Seçkilərdə səslərin ümumi sayı 100 faiz təşkil edir. Əgər hazırkı hakimiyyət qanuni çoxluğu əldə etməyibsə, deməli, həmin səslər bütövlükdə müxalifətə məxsusdur. Mənim fikrimcə, onların qələbəsi sadəcə əlindən alınıb. Seçki pozuntuları və seçki saxtakarlığı iki istiqamətdə işləyib. Bir tərəfdən müxalifətin səsləri azaldılıb, digər tərəfdən isə hakimiyyətin səsləri artırılıb.

Seçki gününə qədər dərc olunan demək olar ki, bütün yerli və beynəlxalq sorğular göstərirdi ki, Nikol Paşinyanın dəstəyi təxminən 35-40 faiz təşkil edir. Mən hesab edirəm ki, məhz bu göstərici reallığa daha yaxındır. Qalan nəticələr isə mənim fikrimcə, vətəndaşların azad iradəsini əks etdirmir”, - deyə o qeyd edib.

Sabiq erməni nazirin sözlərinə görə, hakimiyyət öz mövqeyini qorumaq ümidi ilə güc strukturlarına arxalanmağa davam edir ki, bu da ciddi legitimlik problemi yaradır.

“Lakin problem yalnız daxili legitimliklə məhdudlaşmır. Digər, heç də az təhlükəli olmayan bir nəticə də mövcuddur. Beynəlxalq ictimaiyyət, erməni xalqının dostları və digər ölkələr belə qənaətə gələ bilərlər ki, Ermənistan xalqı son illərdə ölkənin üzləşdiyi ağır itkilərə və milli ləyaqətin alçaldılmasına baxmayaraq, öz azad iradəsi ilə yenidən bu hakimiyyəti seçib. Belə təsəvvür Ermənistanın və erməni xalqının nüfuzuna ciddi zərbə vura, həmçinin xalqın əsl əhval-ruhiyyəsi barədə yanlış fikir formalaşdıra bilər. Bir çox cəhətdən bu, qeyri-legitim hakimiyyətin mövcudluğu qədər təhlükəlidir.

Ümid edirəm ki, bu vəziyyət yaxın gələcəkdə qanuni və demokratik yollarla aradan qaldırılacaq”, - deyə Oskanyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oskanyan   Ermənistan  


Bizi "telegram"da izləyin