Livan İsraillə atəşkəs rejiminə nəzarət mexanizminin yaradılmasını dəstəkləyib

2026/05/1780211827.jpg
Oxunub: 168     15:54     22 İyun 2026    
Livan Prezidenti Cozef Aun İsraillə atəşkəsin möhkəmləndirilməsi istiqamətində ABŞ və Qətərin təşəbbüslərinə dəstək verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Aun ABŞ-ın vitse-prezidenti Cey Di Vens, ABŞ prezidentinin kürəkəni Cared Kuşner, eləcə də Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı aparıb.

Danışıqlar zamanı Livanın cənubu da daxil olmaqla regionda hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq məqsədilə koordinasiya qurumunun yaradılması məsələsi müzakirə olunub.

Prezident Aun uzunmüddətli atəşkəsə töhfə verəcək bütün təşəbbüsləri dəstəklədiyini bildirib və atəşkəsə nəzarət mexanizminin hazırlanmasına razılıq verib.

Daha əvvəl Bürgenştokda keçirilən dördtərəfli məsləhətləşmələrdə Livan da daxil olmaqla münaqişələrin həlli üzrə xüsusi qrupun yaradılması barədə razılıq əldə olunmuşdu.

İyunun 23-25-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan və İsrail nümayəndələri arasında danışıqların beşinci mərhələsinin keçirilməsi planlaşdırılır.

Məlumata görə, Livan tərəfi İsrail qoşunlarının ölkənin cənubundan çıxarılması üçün konkret qrafikin müzakirə edilməsində israr edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin